Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan cinayətkar əməllərinə görə sonadək cavab verəcək

20 oktyabr 2020 | 11:00
Ordumuzun son günlər döyüş meydanında uğurları, xalqımızın Ali Baş Komandana inamı və qüdrətli Azərbaycan əsgərinə olan güvənci, xalqın vətənpərvərlik ruhu, qısa zaman ərzində cəbhə xəttində düşmənə sarsıdıcı zərbələrin vurulması böyük qələbə müjdəsinin tezliklə yetişəcəyindən xəbər verir. Böyük fərəh hissi ilə qeyd etmək istədim ki, xalqımız bugünlərdə yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət, mübarizə əzmi və sarsılmaz iradə  nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər yürüşünə hərtərəfli dəstək göstərir. Vətəndaşlarımız Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək, dövlət başçımızın qəbul etdiyi qərarları tam dəstəkləyir, ona dərin etimad göstərir və arxasında durduqlarını bəyan edirlər.
Dövlətimizin başçısı İlham Əliyev sentyabrın 27-dən bugünədək xarici ölkələrin televiziya kanallarına, digər mətbu orqanlara müsahibələrində, xalqa müraciətlərində Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu önə çəkərək “Zəfər bizimlədir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” deyə bəyan edir. Biz hər birimiz əminik ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin peşəkarlığı sayəsində xalqımızın milli maraqları qorunacaqdır. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq bizim iradəmizə təsir edə bilməz. Sülhlə ya da hərblə tez bir zamanda əzəli Azərbaycan torpaqları öz sahiblərinə geri qaytarılacaqdır.
Reallıq budur ki, Ermənistan hərbi birləşmələri bugün cəbhədə Azərbaycan əsgərinin qarşısında durabilmir. Şanlı Azərbaycan Ordusu qətiyyətlə irəliləyərək torpaqlarımızı işğaldan azad edir. Bunun qarşılığında isə Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə uduzduqlarını mülki əhalidən almağa çalışır. Ermənistan, Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq istəyir.  Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin 17 oktyabr tarixində yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi. Döyüş meydanında məğlubiyyətindən psixoloji sarsıntı keçirən Ermənistanın baş nazirinin terrorçu əməllərinin miqyasını genişləndirməsi Azərbaycan xalqının iradəsini sarsıtmaq imkanında deyil.
Haqlı olan Azərbaycan ordusu öz torpaqlarında vuruşur. Xalqın savaşı müqəddəs savaşdır! Ordumuz öz gücünü döyüş meydanında göstərir. Azərbaycan məsuliyyətli ölkə olaraq düşmənin qısasını mülkü əhalidən götürmür. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşmənidir. Bu cür əməllərinə görə Ermənistan rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmaması sadəcə beynəlxalq riyakarlıq deyil, bu bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Rəsmi İrəvanın faşist əməllərinə göz yuman qüvvələr əslində onlar ilə məsuliyyəti bölüşmüş olurlar. Düşünürük ki, dünya bu gün kimin kim olduğunu görməklə yanaşı, haqqın, ədalətin müdafiəsinin zamanı olduğunu da xatırlamaq məcburiyyətindədir.  Ermənistanın hərbi-siyasi rəhbərliyi bəşəri dəyərlərə, humanizm prinsipinə hörmətsizlik nümayiş etdirir, beynəlxalq qanunvericiliyi, Cenevrə konvensyalarının tələblərini kobud şəkildə pozur. Ermənistan törətdiyi hərbi cinayətlərə görə cavab verməlidir və verəcəkdir. Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistan döyüş meydanında böyük itkilərə məruz qalır, mülki əhalimizə qarşı qatı qəddarlığın qisası düşməndən alınır.
Azərbaycan əsgəri öz torpağında haqq mübarizəsi aparır, ərazi bütövlüyümüzü təmin etmək üçün fədakarlıq göstərir. İşğaldan azad olunan Füzuli, Cəbrayıl şəhərləri, neçə-neçə yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz hər birimizdə qürur hissi yaratmaqla yanaşı, işğalçı Ermənistana və onun havadarlarına  mesajdır- Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Tezliklə işğal altında olan bütün torpaqlarımız azad olacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, həmin ərazilərimizdə yeni həyat başlayacaq.
Strateji məntəqə və yüksəklikləri əldən edən Azərbaycan ordusu Ermənistanın hərbi-texniki potensialını böyük dərəcədə sıradan çıxara bilib. Ötən günlər ərzində məhv edilmiş və qənimət kimi götürülmüş texnikanın qiyməti təqribən 2 milyard dollar səviyyəsindədir.
Azərbaycan tərəfi isə hərbi əməliyyatları yalnız işğal altındakı öz torpaqlarında apardığını, bu davada haqlı tərəf olduğunu ortaya qoyaraq, heç bir güzəştə getməyəcəyini, Vətən müharibəsində geri çəkilməyəcəyini böyük bir əzm və cəsarətlə göstərməkdədir. Müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Heç bir qüvvə Azərbaycan xalqının iradəsi qarşısında duruş gətirə bilməz. Haqq uğrunda mübarizə şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir. Qarabağ Azərbaycandır. Bunu heç kim dəyişdirə bilməz.


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər