Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq əyləncə parkı”nda bayram şənliyi keçirildi

30 dekabr 2013 | 11:00
  Pirallahı rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2014-cü  il münasibətilə keçiriləcək tədbirlərlə bağlı artıq bir müddətdir ki geniş hazırlıq işləri görülür. Bu münasibətlə işçi qrupu yaradılmış, tədbirlər planı hazırlanmış və hər iki sənəd Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə təsdiq edilmişdir. Tədbirlər planının icra edilməsi məqsədilə rayonun idarə və müəssisələrində hərtərəfli hazırlıq işləri reallaşdırılmış, RİH tərəfindən bayram ərəfəsində körpələr evi-uşaq bağçalarının yetirmələrinə, həmçinin orta məktəblərin ibtidai sinif şagirdlərinə paylanması nəzərdə tutulan ümumilikdə 2000-dən çox Yeni il hədiyyəsi hazırlanmışdır. Pirallahı, Çilov və Neft Daşları qəsəbələrinin ərazisində əsas küçələr və parklar bayramsayağı bəzədilmiş, Pirallahının “Uşaq əyləncə parkı”nda rayonun baş yolkası qurulmuşdur.
   Dekabrın 26-da ilk olaraq Yeni il şənliklərinə körpələr evi-uşaq bağçalarında start verildi. “Çobanyastığı”, “Cırtdan”, “Bulaq”, “Qağayı”, eləcə də Çilov qəsəbəsindəki körpələr evi-uşaq bağçasının kiçik yaş qruplarında bayram tədbirləri keçirildi. Tədbirlərdə iştirak edən Pirallahı RİH Aparatının məsul əməkdaşları körpələrə rayon rəhbərliyinin bayram təbriklərini yetirdilər və Yeni il hədiyyələrini təqdim etdilər. Sonrakı gün bayram tədbirləri körpələr evi-uşaq bağçalarının orta və yuxarı yaş qruplarında, Çilovdakı 131 №-li və Gürgandakı 231 №-li orta məktəblərdə keçirildi. Dekabrın 28-də Yeni il şənlikləri 168, 186, 235 və 243 №-li tam orta məktəblərdə və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, digər idarə və müəssisələrdə davam etdirildi.
Dekabrın 29-da isə ümumrayon bayram şənliyi “Uşaq əyləncə parkı”nda təşkil olundu. Tədbir saat 12.00-da başlandı. Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov rayon sakinlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2014-cü il münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından ürəkdən təbrik etdi, hər kəsə can sağlığı və bol-bol yeni il sevincləri arzuladı. Yola saldığımız 2013-cü ilin Azərbaycan tarixində bir sıra ümumxalq əhəmiyyətli hadisələrlə əlamətdar olduğunu, o cümlədən Azərbaycanın ilk süni peykinin orbitə buraxıldığını, may ayının 10-da dünya azərbaycanlıları ilə birlikdə bütün tərəqqipərvər bəşəriyyətin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuş Heydər Əliyevin 90 illik yubileyini bayram etdiyini, Yeni Azərbaycan Partiyasının bu il iyun ayının 7-də keçirilmiş V Qurultayının qərarı ilə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsinin xalqın ölkə rəhbərinə inamının və məhəbbətinin bariz təzahürü olduğunu, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində prezidentliyə namizəd, YAP sədri cənab İlham Əliyevin parlaq qələbəsini,  dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “XXI Əsrin Müqaviləsi” adlandırılan “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimini qeyd edən V.Səfixanov Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə də, ondan sonrakı illərdə də sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının durmadan yüksələcəyinə əminliyini ifadə etdi.
   YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov və digər çıxış edənlər tədbir iştirakçılarını əziz bayramlar münasibətilə təbrik etdilər, hamıya yeni ildə xoşbəxtlik və firavanlıq arzuladılar. Daha sonra yolkanın ətrafına rayonun kiçik yaşlı sakinləri dəvət edildi. Körpə fidanlar yolka ətrafında dövrə vurdular, rəqs etdilər, mahnı oxuyub şeir söylədilər. Tapmacalara doğru cavab verənlər hədiyyələrlə mükafatlandırıldılar. Bayram şənliyi Şaxta baba, Qar qız, şən klounlar və incəsənət ustalarının iştirakı ilə axşam saatlarınadək davam etdi. Pirallahı rayonunda Yeni il şənliklərinin sonrakı günlərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur.
Keçidlər