Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan böyük və qızıl hərflərlə öz tarixini yenidən yazır

22 oktyabr 2020 | 11:00

19 oktyabr 2020-ci ildə Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibə  vermişdir. Tarixi günlərini yaşayan Azərbaycanın sentyabrın sonundan başlayaraq cəbhə xəttində həyata keçirdiyi hərbi əməliyyatlar işğal olunmuş torpaqlarımzın bir qisminin azad edilməsi ilə nəticələndi. İndi həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır.Azərbaycan Ordusu Cənubi Qafqazın ən mükəmməl döyüş qabiliyyətinə malik olan hərbi gücüdür. Əks-hücum əməliyyatlarında düşmənə sarsıdıcı zərbələr endirməklə torpaqlarımızı işğaldan azad edən Ordumuz öz qüdrətini göstərir, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu hərbi siyasət nəticəsində bugün döyüş meydanında böyük uğurlar əldə edilir və güclü ordumuz qarşısında aciz qalan düşmən sivil əhaliyə qarşı insanlığa sığmayan əməllərini göstəririlər.  Bütün dünya Ermənistan faşist rəhbərliyinin sivil əhaliyə qarşı törətdikləri terrorun şahidi oldu. Gecə 01:00 radələrində erməni terror hakimiyyəti Gəncə və Mingəçevir şəhərlərini qadağan olunmuş ballistik raketlərlə atəşə tutması nəticəsində insanların ölməsi, azyaşlı uşaqların həyatını itirmələri insanlığa qarşı cinayətdir. Terrorçu Ermənistan dövlətinin Azərbaycanda bir-birinin ardınca həyata keçirdiyi qətliamlar Xocalı faciəsinin davamıdır. Yenə də mülki insanlar, dinc əhali - qadınlar, qocalar, uşaqlar erməni xəyanətinin qurbanları oldular. Qəbul olunmuş beynəlxalq qərarlarda isə bu cür hadisələr cinayətdir. Şuşaya və Qarabağın digər şəhərlərində yerləşən hərbi hissələrə Livan, Suriya habelə digər terrorist yurdu  olan ölkələrdən muzdlu döyüşçülər, erməni və digər millətlərdən olan terroristlərin gətirilməsi hərbi cinayətdir və Cenevrə Konvensiyasına ziddir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz ermənilərə layiq olduqları dərsi verirlər. İllərlə repressiyalara, sürgünlərə, işgəncələrə, qaçqın, köçkün həyatı sürməyə vadar edilən xalqımız bu gün kükrəyərək ayağa qalxmışdır. Güclü və rəşadətli ordumuz döyüş meydanında tam üstünlüyə malikdir. Ordumuz düşmənlərimiz tərəfindən dağıdılıb xarabalığa çevrilmiş torpaqlarımızı bir-birinin ardınca işğaldan azad edir. Azərbaycan tarixini böyük və qızıl hərflərlə yenidən yazır. Ermənilər isə bu oyanışın qarşısında tab gətirə bilmir, Ordumuzun qüdrətini görüb texnikalarını, silah-sursatlarını döyüş meydanında qoyub qaçırlar. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır. Hərbçilər arasında əlaqələr məsələsi baza prinsiplərində dəqiq müəyyən edilib və Azərbaycan baza prinsiplərinə sadiqdir, Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb.Bu gün status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.
Bu gün Azərbaycanda xalq, dövlət və ordunun elə birliyi yaranıb ki, onun qarşısını heç kim ala bilməz. Haqsızlığa qarşı təkcə ordumuz deyil, bax bu birlik mübarizə aparır, yeni-yeni uğurlara, qələbələrə imza atır. Azərbaycan həm ön, həm arxa cəbhədə, həm də informasiya savaşında öz sözünü deməyə qadirdir. Bu isə danışıqlar masasında həlledici söz sahibi olmaq deməkdir. Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli çıxışları bunu bir daha sübut edir.
Ənənəyə sadiq qalaraq Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciət edərək qələbə xəbərini çatdırdı: “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən azad olunmuş yaşayış məntəqələrinin adlarını çəkərək “Zəngilan bizimdir! Qarabağ bizimdir!” deyən cənab Prezident bütün Azərbaycan xalqına həddi-hüdudu olmayan sevinc bəxş etdi. 21 oktyabr 2020-ci il tarixdə mühüm strateji əhəmiyyətə malik olan Mincivan qəsəbəsi erməni işğalçılarından azad edildi. Azərbaycan Ordusu layiq olduğu qələbəni qazanmaqdadır. Orduzumun zəfər yürüşü davam edir. Ermənistan silahlı qüvvələri bu gücün, bu iradənin qarşısında geri çəkilməyə, məğlubiyyətə uğramağa məhkumdurlar.
Bu günlərdə hamımızın qəlbi dövlət başçısının irəli sürdüyü "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir, biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq!  Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qüdrətli Ordumuz işğal altındakı bütün torpaqlarımızı tezliklə azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin edəcək və şanlı bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq!


Azad Namazov
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü.

Keçidlər