Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ torpaqlarına həyat qayıdacaqdır

22 oktyabr 2020 | 11:00
Sentyabr ayının 27-dən etibarən ordumuzun qətiyyətli əks-hücum əməliyyatları nəticəsində xeyli sayda yaşayış məntəqələrimiz, strateji yüksəkliklərimiz, o cümlədən 27 ildir işğaldan azad olunmağı gözləyən Cəbrayıl, Füzuli və Zəngilan şəhərləri işğaldan azad edilib, tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldılıb. Biz hər birimiz əminik ki, üçrəngli müqəddəs bayrağımız cənab Ali Baş Komandanın və Ordumuzun sayəsində tezliklə Qarabağda da, Şuşada da dalğalanacaqdır.
   Şanlı Ordumuzun işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını layiqincə alması, həmçinin işğal altındakı bir sıra əraziləri, strateji yüksəklikləri azad etməsi bir daha təsdiqlədi ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Əks-hücum əməliyyatlarının ilk günündə cənab Prezidentin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi “Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir”  fikri Azərbaycan xalqının ürəyindən, qəlbindən gələn bir çağırış oldu. Dağlıq Qarabağ bizim milli mövzumuzdur və bu mövzuda statusundan, cəmiyyətdəki mövqeyindən, baxışından, siyasi iradəsindən asılı olmayaraq damarlarından azərbaycanlı qanı axan hər bir kəs yekdil bir fikirdədir: Azərbaycan torpaqları düşmən işğalından azad olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu gün çox böyük qürur hissi ilə demək lazımdır ki, bizim bu istəyimizi, bu arzumuzu, cənab Prezidentin də qeyd etdiyi kimi bu tarixi vəzifəmizi həyata keçirəcək güclü ordumuz və çox böyük siyasi iradəyə malik Ali Baş Komandanımız var.
Bugün Ali Baş Komandanın hər bir çıxışı, hər bir müsahibəsi cəmiyyətdə böyük maraqla və diqqətlə izlənilir. Çünki ölkə başçısının xalqa hər müraciəti yeni qələbə xəbərlərinin müjdəçisi olur. Cənab Prezidentin son belə müraciəti 20 oktyabr 2020-ci il tarixində baş tutdu və yenidən bütün xalqımızı sevincə qərq etdi.
Müraciətdə vacib məqamlara toxunan ölkə başçısı ilk olaraq mənfur düşmənin Gəncə şəhərinə hücumu ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşdü. Cənab Prezident bildirdi ki,  düşmən döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir: Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizminin təcəssümüdür. Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. Münaqişənin ilk anından etibarən Azərbaycanın mülki əhalisinə və mülki infrastrukturuna zərbələr endirən mənfur düşmən bugünə kimi 63 mülki şəxsin həlak olmasına, 292 nəfərin yaralanmasına səbəb olub. Bununla yanaşı, hücumlar nəticəsində 386 mülki obyekt, 90 çoxmənzilli yaşayış binası və 1981 yaşayış evi yarasız vəziyyətə düşüb.
Daha sonra status-kvo mövzusuna da toxunan ölkə başçısı bildirdi ki, biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. 30 ilə yaxın səbir nümayiş etdirən xalq bugün öz məsələsini özü həll edir. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri mənfur düşmənə dərs verir. Təkbaşına vuruşaraq torpaqlarını azad edir. Hər nə qədər Ermənistan böhtanlar yayaraq müharibədə Azərbaycana dəstək olan ölkələrin əsgərlərinin iştirak etdiyi kimi absurd fikirlər ortaya atsa da reallıq təkdi: Azərbaycan əsgəri Ermənistana layiq olduğu yeri göstərir. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır. Erməni ordusu artıq şanlı ordumuzun qarşısında diz çöküb. Ermənistan hərbi-siyasi rəhbərliyinin məğlubiyyətlə barışmaqdan başqa yolu qalmayıb.
Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil: Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir.
Ali Baş Komandanın çıxışlarında xalqımızın səbirsizliklə gözlədiyi məqam isə hər birimizə bəllidir. Hər kəs ölkə başçısının artıq ənənəyə çevrilən işğaldan azad olunmuş torpaqlarımızı elan etməsini gözləyir. Bu dəfə də ənənəyə sadiq qalaraq ölkə başçısı xoş xəbərləri üst-üstə verdi. İlk olaraq düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikasının siyahısını təqim edən ölkə başçısı daha sonra azad olunmuş torpaqlarımızın siyahısını xalqa çatdırdı: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar. Beləliklə, 20 oktyabr tarixində 24 kənd və Zəngilan şəhəri işğaldan azad olunub.
Həqiqətən də üst-üstə gələn qələbə xəbərləri ilə hər bir azərbaycanlının qəlbi fərəhlə və qürurla dolur. Bugün istər cəbhəyanı bölgələrdə, istər müharibədən əziyyət çəkən, zərər görən digər bölgələrimizdə, istərsə də paytaxt Bakı və digər rayonlarımızda  xalqın heç bir nümayəndəsi haqq mübarizəmizin dayanmasını istəmir. Hamı bir nəfər kimi torpaqlarımızın işğaldan azad olunması üçün səy göstərir. Əminik ki, bu milli birlik bizə qələbəni daha da yaxın edəcəkdir. Cənab Prezidentin də dediyi kimi, Azərbaycanın yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir
Bu günlərdə açıq-aydın görünür ki, cənab İlham Əliyev xalqımıza Milli həmrəyliyi bəxş edib. Ərazi bütövlüyümüzün bərpası bütün xalqımız üçün bir nömrəli vəzifə olaraq qarşımızda durur. Bu həmrəylik, bu birlik ondan xəbər verir ki, xalq Ali Baş Komandanın və rəşadətli ordusunun yanındadır və tez bir zamanda bu ordu torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli zəfər bayrağımız Xankəndində, Şuşada və diğər işğal olunmuş torpaqlarımızda sancılacaq. İşğaldan azad olunmuş torpaqlara həyat qayıdacaqdır. Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir. Ölkə başçısının da dediyi kimi, Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın.
Biz gənclər olaraq Ali Baş Komandanın Atdığı hər bir addımı dəstəkləyirik. İnanırıq ki, bu gün həsrətlə danışdığımız Qarabağımız tezliklə bizim sevinc göz yaşlarımıza şahid olacaq. Tezliklə qələbə müjdəsi eşidəcəyik.

Rüfət Əhmədov
YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri

Keçidlər