Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Vətən müharibəsində zəfər çalacaq...

22 oktyabr 2020 | 11:00
Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Haqq savaşına qalxan Silahlı Qüvvələrimiz  işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacaq. 27 sentyabr tarixindən başlayaraq erməni təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlayan Şanlı Azərbaycan Ordusu 20 oktyabr tarixində Zəngilan rayonu ərazisinə də daxil olub və  işğal altında olan  yaşayış məntəqələrimizin azad olunmasını təmin edilib. Torpaqlarımıza göz dikmiş işğalçı Ermənistanın silahlı qüvvələrinə ağır zərbələr endirilib.  Cəbrayıl və Füzuli şəhərlərinin ardınca Şəzngilan şəhərinin işğaldan azad edilməsi döyüş meydanında düşmənə göz açmağa imkan verməyən əsgər və zabitlərimizin igidliyi, rəşadəti sayəsində baş verir. Ermənistan silahlı birləşmələri  böyük itkilər verərək işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilir. Sentyabrın 27-dən başlamış qalibiyyətli döyüşlər Azərbaycan Ordusunun real gücünu bir daha sübut etdi. Məhz ordumuzun gücü ilə status-kvo və Ermənistanın xüsusi planlarla formalaşdırdığı düzxətli qısa təmas xətti dəyişdi. Qarabağ uğrunda Vətən müharibəsi tarixində ən əlamətdar qələbələrin kökündə məhz bu amillər dayanır. Ordumuz özünün şərəfli və qalib imicini dalbadal hərbi uğurlarla formalaşdırdı. Prezident İlham Əliyev dünyanın məşhur media orqanlarına geniş müsahibələrində Azərbaycan həqiqətlərini, ordumuzun uğurlarını bütün dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı göstərdi ki, Azərbaycan Ordusu ən müasir hərbi texnika və texnologiyaların üzərində dayanıb, xalqın birmənalı və geniş dəstəyinə söykənir. Ordumuz haqq işi uğrunda döyüşür, canlı qüvvə sarıdan böyük ehtiyatlara malikdir, öz tarixinə və torpağına qırılmaz şəkildə bağlıdır. Azərbaycan Ordusunun bir-birinin ardınca azad etdiyi yaşayış məntəqələri onun gücü ilə tam mütənasibdir. Ordumuz indiki imkanlarla bütün işğaldakı ərazilərimizi sonadək azad etmək gücünə malik olduğunu sübut edir.
19 oktyabr 2020-ci ildə Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində Ermənistanın humanist atəşkəsi öpozduğunu və mülkü əhalinin balestik silahlarla hədəf aldığını bildirmişdir. Nəticədə gecə yatarkən dinc əhalinin soyqırımı baş vermişdir. Bu insanlığa qarşı yönəldilmiş bir cinayətdir.Bunun baiskarı isə Ermənistan rəhbərliyidir. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür.
Təsadüfi deyil ki, düşmən Ermənistanın ideoloqları ordumuzun malik olduğu üstünlükləri və legitim güc mənbələrini şübhə altına almaq və gözdən salmaq üçün hər cür yalanlara əl atır. Düşmənin ən çox hallandırdığı və iflasa uğradığı tezis guya ordumuzda başqa ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin olmasıdır. Prezident İlham Əliyev ordumuzu xarici muzdlularla bağlamaq istəyən düşmən təbliğatını dəqiq və arqumentli faktlarla ifşa etdi. Dövlətimizin başçısı əksinə, Ermənistanın özünün əsasən cinayətkar muzdlulardan ibarət hərbi birləşmələrin ümidinə qaldığını xüsusi vurğuladı.
Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir. Azərbaycan Ordusu Ermənistanın timsalında işğalçı dövlətlə müharibədə zəfər tarixi yazır. Böhtan və saxtakarlıqlar isə Azərbaycan Ordusunun qələbələrinə kölgə sala bilməz.
Bu gün təkcə döyüş meydanında deyil, diplomatik sahədə də Ermənistanı məğlub edən Azərbaycanı dəstəkləyən dövlətlərin sayı artır. Ali Baş Komandan İlham Əliyev vurğulamışdır ki, - Rusiya ilə münasibətlərimiz hər zaman inkişaf edib. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi Azərbaycan dərhal razılaşdı. Bu da Azərbaycanın mövqeyinin göstəricisidir.
Bu gün Azərbaycan ordusunun uğurlarının arxasında Ali Baş Komandan İlham Əliyevin qələbə ruhu, düşünülmüş siyasəti, xalqın öz rəhbərinə inamı, ordumuza dəstəyi və güvənci durur. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir:  Bu inam dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Azərbaycan prezidenti cənab İlham Əliyev isə hakimiyyətə gəldiyi ilk gündən verdiyi vədlərə sadiq qalıb.  Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur.
Bu gün  Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü.  Hazırda düşməni yerinə oturdan ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyi əməliyyatları uğurla davam etdirir. Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurur. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər