Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan yumruğunun gücü: Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir

22 oktyabr 2020 | 11:00
Bu gün müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi uğurların təməlində ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət dayanır. Cənubi Qafqazda suverenlik və tərəqqi yolunda sürətlə inkişaf edən Azərbaycan sözün həqiqi mənasında nəhəng irəliləyişlər əldə edir. Azərbaycanın əldə etdiyi uğurlar bir ilin, iki ilin məhsulu deyil. Dövlətimizin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifi olan dövlət başçımızın rəhbərlik etdiyi 17 ildə müstəqil dövlət quruculuğunun bütün istiqamətləri üzrə ciddi nailiyyətlər əldə edilib, böyük uğurlara imza atılıb. Bu gün biz bunun müsbət nəticələrinin şahidi oluruq. Azərbaycanın iqtisadi inkişafı, maliyyə imkanlarının artması ordumuzun qüdrətlənməsini təmin edib. Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında da Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları ilə bir sırada yer alır. Hətta, düşmən ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi belə bugünlərdə Ordumuzun gücünü fövqəldövlətlərlə müqayisə edərək iki ölkə arasındakı böyük fərqi diqqətə çatdırıb. Bəli, Azərbaycan Ordusunun gücü məhz budur. Bunlar həm də illərlə Ordunun gücləndirilməsi istiqamətində atılan addımların nəticələridir. Azərbaycan ən yüksək səviyyədə Ordu quruculuğuna malik güclü bir dövlətdir.
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. İlham Əliyev müraciətində qeyd edib ki, Azərbaycan ordusunun qələbə marşı davam edir. 20 oktyabr tarixində Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib. O cümlədən: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri işğaldan azad olunublar.
Ölkə başçısı çıxışında düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikası barədə də məlumat verərək bildirib ki, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb.
Beləliklə, cəbhədə güc üstünlüyü aşkar şəkildə Azərbaycanın tərəfindədir. Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil işğal edilmiş torpaqları azad etdiyinə dair bəyanat verməlidir. Əks təqdirdə ölkə başçısının da dediyi kimi, olan-qalan texnikaları da məhv ediləcəkdir.
Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.
Ermənistan tərəfi münaqişənin ilk günlərindən etibarən bizimlə cəbhədə savaşmaq yerinə, mülki əhalini hədəfə alaraq bizi dayandırmağa cəhd göstərir. Əslində bu bizim üçün təəccüblü hal deyil. Çünki, Ermənistan eyni yanaşmanı I Qarabağ savaşında da göstərmiş və Xocalı kimi dəhşətli bir Soyqırımı törətmişdir. Amma indi nə Azərbaycan 90-cı illərin Azərbaycanıdır, nə də xalq  90-cı illərdə olduğu kimidir. Bugün Azərbaycan xalqı öz Ordusuna və Ali Baş Komandanına güvənir. Hətta başının üstündən bombalar keçsə də öz evini, yurdunu tərk etmir. Çünki xalq əmindir ki, onu qoruyan Ordusu və rəhbəri var. Maddi, mənəvi itkilər verən insanlar belə təki “Vətən sağ olsun” deyərək, müharibənin davam etdirilməsini və ərazi bütövlüyümüzün bərpa edilməsini istəyir. Bax budur Azərbaycan xalqı. Budur əsl Azərbaycan gənci. Vətənini bütün dəyərlərdən üstün görən, torpağını düşmən tapdağından azad etmək üçün canını verməyi özünə şərəf bilən gənclərdir azərbaycanlılar. Biz əminik ki, hazırda Ali Baş Komandanın rəhbərliyi ilə apardığımız haqq mübarizəmiz gələcəkdə də böyük qürur, fəxr və ehtiramla anılacaq.
Cənab İlham Əliyev çıxışında vurğuladığı məsələlərdən biri də status-kvo ilə bağlı oldu. Dövlət başçısı bildirdi ki, status-kvo artıq yoxdur. Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib.
Vurğulamaq istərdik ki, bu illər ərzində Azərbaycan bütün danışıqlar və formatlarda öz haqlı mövqeyini ortaya qoysa da, mərhələli həll planını dəstəkləsə də, Ermənistanın buna razı olmaması və daim təxribatlar törətməsi münaqişənin həllini uzadırdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Amma təəssüf ki, Ermənistan eyni mövqeyi nümayiş etdirmədi və ikili standartlar və qərəzlə üzləşən ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatlarına başladı.
Xalq hər bir zaman olduğu kimi, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inandı. Ali Baş Komandanın dediyi kimi: “Biz böyük qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal olunmuş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaq”.
Xalqımız bugün cəbhədə və digər müstəvilərdə əldə olunan qələbələrlə bir daha əmin oldu ki, İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Həm danışıqlar masasında, həm də hərb meydanında! Bugün ölkə başçısına və Onun siyasətinə olan inam ən yüksək səviyyədədir. Qeyd edək ki, xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi də yaxınlaşdırır.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü
Keçidlər