Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda xəstəxana əsaslı təmirdən sonra istifadəyə veriləcək

09 yanvar 2014 | 11:00
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamına əsasən paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır.   Ölkəmizin bütün regionlarında olduğu kimi, yeni yaranmış Pirallahı rayonunda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir, rayonun sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilir.
  Görülən işlərdən biri də Dövlət Proqramı çərçivəsində Pirallahı rayonunda 1 səhiyyə ocağının - 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmirdən sonra yenidən istifadəyə hazır vəziyyətə gətirilməsidir. Əsaslı təmir olunan xəstəxananın ümumi sahəsi 2 hektardır. Qeyd edək ki, rayonun ən böyük tibb müəssisəsi olan 10 saylı BŞX-nın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Bundan başqa binanın fasad hissəsi gülbəxt daşı ilə üzlənilib və xəstəxananın qazanxana sistemi yenilənib. Binanın pəncərələri dəyişdirilərək yeniləri ilə əvəz olunub. Xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Binanın həyətinə yeni asfalt örtüyü döşənib, ərazidə yaşıllıq salınıb.
  Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2011-ci ilin iyul ayından başlanıb və xəstəxana binasının 2014-cü ilin yanvar ayına təhvil verilməsi planlaşdırılır.
   Məlumat üçün bildirək ki, xəstəxana iki hissədən – poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda beş şöbə - cərrahiyyə, terapiya, pediatriya, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcəkdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunacaqdır. Uşaqların və böyüklərin qəbul edilməsi üçün nəzərdə tutulmuş poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək pasiyentin qəbul edilməsi məqsədilə genişləndirilmişdir. Buradakı 50-dək kabinetin hər biri tibb sənayesinin istehsal etdiyi ən yeni cihaz və avadanlıqlarla təmin olunacaqdır. Xatırladaq ki, burada 38 həkim və 117 orta tibb işçisi çalışır. Xəstəxanada tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibb avadanlığı rayon əhalisinə xidmətin səviyyəsini daha da artırmağa imkan yaradacaqdır.
Keçidlər