Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan məğlubiyyətini etiraf etməlidir

23 oktyabr 2020 | 11:00
1990-cı illərin əvvəllərində Sovet İttifaqının parçalanmasından və Azərbaycanda daxili çəkişmələrin mövcudluğundan yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və onun ətrafındakı rayonlara qarşı ərazi iddiaları ilə hərbi hücumlara keçən Ermənistan kütləvi şəkildə soyqırımlar və qətliamlar törədərək torpaqlarımızın 20 %-ni işğal etdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar ölkə olması və işğal etdiyi Azərbaycan ərazilərindən silahlı birləşmələrini dərhal çıxarması ilə bağlı Qətnamə və qərarlar qəbul etdilər. Bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edirdi. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin, qəbul edilən çoxsaylı qərar və qətnamələrə baxmayaraq artıq 30 ildir ki, Ermənistan beynəlxalq hüquq prinsiplərini bir kənara ataraq torpaqlarımızı işğal altında saxlayır.
Bu Qətnamələrin icrası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesini daim pozan düşmən öz üzərinə düşən öhdəliklərə əməl etməməklə yanaşı təxribat xarakterli hərbi hücumlarla yeni ərazi iddiaları belə irəli sürmüşdür. Ermənistandan fərqli olaraq  Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə daim sadiqlik nümayiş etdirmişdir. 
Ermənistanın nə sözünə, nə də imzasına heç bir etibarın olmadığı son günlərdə bir daha öz təsdiqini tapdı. Belə ki, artıq 26 gündür davam edən Vətən müharibəsi bir daha hər birimizi əmin etdi ki, Ermənistana etibar etmək qeyri-mümkündür. Ermənistanın təşəbbüsü, hətta belə demək olar ki yalvarışılarından sonra Rusiyanın vasitəçiliyi ilə Moskvada Rusiya-Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü baş tutmuş və 11 saat çəkən görüşdən sonra humanitar atəşkəs barədə razılığı gəlinmişdi. Amma atəşkəsin başlamasın heç 24 saat belə keçməmiş Ermənistan öz riyakarlığını bir daha göstərərək üst-üstə təxribatlar törətmişdir. Belə ki, düşmən atəşkəsdən saatlar sonra Azərbaycan ordusunun Hadrut, Suqovuşan və Cəbrayıl istiqamətlərindəki döyüş mövqelərinə yeni hücumlar etmiş və gecə saat 2 radələrində Gəncə şəhərinin yaşayış binalarını vəhşicəsinə raket atəşinə tutmuşdur. Nəticədə 9 nəfər həlak olmuş, 40-yaxın vətəndaşımız yaralanmışdır. Bundan cəmi 1 həftə sonra 17 oktyabr tarixində Ermənistan Gəncəyə ikinci raket hücumu təşkil etmiş və yenidən mülki vətəndaşlara qarşı cinayət törətmişdir. Təəssüf ki, burada da çoxsaylı itkilərimiz  meydana gəldi: 13 mülki şəxs öldü, 40-dan çox adam yaralandı. Xatırladaq ki, indiyə qədər ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 298 nəfər yaralanıb. Eyni zamanda, 398 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2156 yaşayış evi yarasız vəziyyətə düşüb. Beləliklə, Ermənistan humanitar atəşkəsə əməl etmir, hətta atəşkəsi nümayişkaranə şəkildə pozaraq Azərbaycanı da Ermənistana hücum etməyə təhrik etməyə çalışır. Əlbəttə ki, bunun da münaqişənin zonasını genişləndirmək, KTMT-ni xüsusilə də Rusiyanı münaqişəyə cəlb etmək və s. kimi müxtəlif səbəbləri var amma Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Azərbaycan mülki əhaliyə qarşı mübarizə aparmır və bundan sonra da aparmayacaq. Bizə qarşı olunan hər hücumun cavabı cəbhədə veriləcək. Və bu belə də olur.
Beləliklə, Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır. Ermənistan isə həmişəki kimi beynəlxalq hüquq prinsiplərini və konvensiyaları heçə saymağa davm edir.
Bu isə bir daha sübut etdi ki, vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır.
Döyüş meydanında Azərbaycana uduzan Ermənistan rəhbərliyi baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxışlarını davam etdirir. Ali Baş Komandan İlham Əliyevin dediklərinə əsasən münaqişənin nizamlanmasında  birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Özü də bunu elə bir vaxtda təsdiq edir ki, işğal altında olan ərazilərdə bir gün ərzində 10-dan çox yaşayış məntəqəsi azad edilir.   Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırdır.
Bu günlər ərzində döyüş meydanındakı məğlubiyyətlərinə don geyindirməyə çalışan Ermənistan rəhbərliyi Azərbaycan əsgəri qarşısından qaçmağını “taktiki olaraq geriçəkilmə” adlandırsa da , əslində bu faktiki geriçəkilmə və torpaqlarımızın sürətlə işğaldan azad edilməsidir.
Döyüş meydanında nəzərəçarpacaq üstünlüyə yiyələnən Azərbaycan bir daha nizamlama prinsiplərinə sadiqlik nümayiş etdirərək danışıqların baza prinsiplərinə sadiq qalır. Bu prinsiplər isə ilk növbədə Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Azərbaycanın hərbi üstünlüyü danışıqlar prosesində düşməni baza prinsiplərinə əməl olunmasına məcbur edəcək.
Sentyabr ayının 27-dən etibarən  Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etdi. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur.
Döyüş meydanındakı acı məğlubiyyətlə barışmaq istəməyən düşmən təxribat xarakterli bəyanat və əməllərindən əl çəkmək istəmir. Humanitar atəşkəs rejimi dövründə Gəncə, Tərtər, Ağdam və cəbhə zonasına aid olmayan digər yaşayış məntəqələrimizə iriçaplı top atəşləri və raketlərlə zərbə endirən düşmən Azərbaycan xalqının iradəsini sındıra bilməz. Döyüş meydanında xeyli sayda canlı qüvvə ilə yanaşı milyonlarla dollar qiyməti olan hərbi texnika və döyüş sursatını qoyub qaçan Ermənistan hələ də sürətlə silahlanmaya davam edir. Həmçinin orduda fərariliyin artması, erməni əsgərlərinin kütləvi şəkildə döyüşməkdən imtina etməsi əsgər çatışmazlığı yaradıb ki, bunun da əvəzini Ermənistan xaricdən muzdlu döyüşçülər almaqla sığortalamaq istəyir. Ermənistandan fərqli olaraq  Azərbaycanda muzdlular yoxdur. Azərbaycanın sadəcə torpaqları uğrunda can verməyə hazır şanlı ordusu var.
Oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verən ölkə başçısı Azərbaycanda muzdluların olması ilə bağlı absurd iddialara cavab olaraq demişdir: “İndiyə qədər heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və xahiş etdik ki, hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin.  İndiyə qədər sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Azərbaycan Prezidentinə, xüsusi xidmətlərin rəhbərlərinə, Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edilir. İndi nə istəsən yazmaq olar. Ona görə Azərbaycan bu yanaşmanı əsla qəbul etmir və bəyənmir” .
Müsahibədə Azərbaycan – Rusiya münasibətlərinə də toxunan Prezident İlham Əliyev qeyd etdi ki: - Rusiya ilə münasibətlərimiz hər zaman inkişaf edib. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəbləri var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də Azərbaycan hər cür əlaqəyə hazırdır.
Sonda bir daha vurğulamaq istərdim ki, qısa zaman ərzində  Azərbaycan ordusu Ermənistana layiq olduğu yeri göstərdi. İki ölkə arasındakı güc nisbəti müqayisə edilməyək qədərdir. Bunu hətta düşmən ölkənin Müdafiə Nazirliyinin rəsmisi belə etiraf edib. Ona görə də Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalı və hələ nə qədər gec deyil işğal altında olan torpaqlarımızdan çıxacağını elan etməlidir.  Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqələrində ucaldılır,  Ermənistanın faşist ordusu ilə təkbaşına vuruşan Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur.  Döyüş meydanında böyük üstünlüyə malik olan Azərbaycan ordusu qarşısında uduzan Ermənistan ordusu bu həqiqəti qəbul etməli, işğal edilmiş torpaqları azad etməli və nəticədə məğlubiyyətini etiraf etməlidir.

Müslümov Loğman
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər