Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın işğala son qoyması regiona sülh gətirəcək

25 oktyabr 2020 | 11:00
Bu gün Azərbaycan əsgəri cəbhədə fasiləsiz olaraq irəliləməyə davam edir. Demək olar ki, hər gün işğaldan azad olunan yeni kəndlər və mövqelər barədə ictimaiyyətə məlumatlar verilir. Qısa vaxt ərzində düşmənə ağır zərbələr vurulması nəticəsində cəbhədə artıq təmas xətti anlayışı da mövcud deyil. Beləliklə, erməni ordusunun məğlubedilməzlik mifi darmadağın edilib. Buna görə, indi Ermənistan rəhbərliyi məğlubiyyəti uğradığını nəhayət qəbul etməli, məntiqli davranmalı və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq qalmalıdır.
Müharibənin ilk on günlüyündən sonra Ermənistan bütün dünya rəhbərlərinə, xüsusilə də Rusiya tərəfinə atəşkəs üçün yalvarmağa başladı. Özünü sözün əsl mənasında aciz kimi aparan Nikol Paşinyan atəşkəs elan olunması üçün var gücü ilə səy göstərdi. Nəticədə Rusiyanın vasitəçiliyi ilə  Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada görüşü təşkil olundu. Oktyabr ayının 9-dan 10-na keçən gecə baş tutan görüş 11 saat davam etdi və son 20 ildəki Qarabağ münaqişəsi ilə bağlı baş tutan ən uzun müddətli görüş oldu. Nəticədə humanitar məqsədli atəşkəs barədə razılığa gəlindi. Lakin hər dəfə verdiyi vədə xilaf çıxan, üzərinə düşən öhdəliyə əməl etməyən Ermənistan bu dəfə də atəşkəsdən istifadə edərək terrora əl atdı. Atəşkəsin elan olunmasından heç 24 saat belə keçməmiş düşmən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlə atəşə tutdu. Nəticədə 9 mülki vətəndaş həlak oldu, 34 nəfər yaralandı. Daha sonra eyni hücum 17 oktyabr tarixində təkrarlandı və yenə də Azərbaycan çoxsaylı itkilər verdi. Qeyd edək ki, Ermənistanın hücumları qarşılıqsız qalmadı. Amma Azərbaycan Ermənistana onun kimi cavab vermədi. Azərbaycanın cavabı cəbhədə oldu. Beləliklə, 17 oktyabr tarixi Gəncə terroru ilə yanaşı həm də Zəngilan şəhərinin işğaldan azad olunması günü kimi tarixə düşdü. Azərbaycanın cavabı cəbhədə əli silahlı düşmənə qarşı oldu. Çünki Azərbaycan mülki əhali ilə müharibə aparmır. Heç vaxt, heç bir şəraitdə Azərbaycan mülki əhaliyə qarşı terror törətmir. Bunu ancaq Ermənistan kimi faşist və terroru dövlət səviyyəsinə çıxaran dövlət edə bilər.
  Atəşkəsin uğursuz olma səbəbləri ilə bağlı ölkə başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində demişdir: Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra Ermənistan atəşkəsi pozdu, onlar yenə də dinc şəhərlərə hücum etdilər. Ermənistan bir gündə Tərtər şəhərinə 100-dən çox raket atıb. Onlar hərbi mövqelərimizə hücum edirlər. Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər hücum olunursa, nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Onlar ikinci dəfə atəşkəsi pozandan sonra Zəngilan şəhəri və bir çox kəndlər azad edildi.
Ölkə başçısı müsahibədə əsaslı atəşkəsin elan olunması üçün Ermənistanın danışıqlara sadiq qalmalı və ərazilərimizi boşaltmaq üçün üzərinə ciddi öhdəlik götürməli olduğunu da vurğuladı. Ölkə başçısı vurğuladı ki, cəbhə xəttində atəşkəsin əldə olunması üçün Ermənistan ilk növbədə  yeddi rayonu boşaltmağa öhdəlik götürməlidir. Bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə arasında razılaşdırılmış əsas prinsiplərin bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki, işğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdır, qaçqın və məcburi köçkünlər işğal olunmuş bütün ərazilərə qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağın ərazisinə, o cümlədən qədim Azərbaycan şəhəri olan Şuşanın ərazisinə... Ermənistan hökuməti bu prinsiplərə sadiq olduğunu, bu əraziləri boşaldacağını açıq şəkildə bəyan etməlidir və bundan sonra əlbəttə ki, danışıqlar başlayacaqdır.
Ölkə başçısının müsahibədə toxunduğu məsələlərdən biri də Dağlıq Qarabağda referendum və ermənilərin öz müqəddəratını təyin etmək məsələsi ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki, Azərbaycan heç bir zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Qarabağ Azərbaycanın qədim torpağıdır. Bu gün Ermənistan rəhbərliyinin Dağlıq Qarabağda referendum keçirmək istəyi  heç vaxt reallaşmayacaq. Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz.
Qeyd edək ki, Azərbaycanı haqq işində dəstəkləyən ölkələrin sayı gündən-günə artır. Bu gün artıq Ermənistanın arxalandığı əsas tərəfdaşlarından olan Rusiya Prezidentinin Azərbaycan torpaqlarının işğalına son qoyulması barədə fikirləri, erməni lobbisinin yüksək nüfuza malik olduğu Fransa televizisiyasında Ermnistanın ifşa olunması xalqımızın düzgün yolda olduğunu göstərir. Ən böyük mənəvi dəstək isə hər zaman olduğu kimi qardaş Türkiyədən gəlir. Bu, reallıqdır və bu, Azərbaycan üçün çox yaxşı reallıqdır. Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir. Başqa heç bir ölkənin onların hər üçü ilə sərhədi yoxdur. Ona görə də , əlbəttə ki, Türkiyə Qarabağ münaqişəsinin həlli üçün prosesə fəal şəkildə cəlb olunmalıdır, Türkiyə cəlb olunub və Azərbaycan bunu möhkəm dəstəkləyir. Azərbaycan da Türkiyənin regional məsələlərdə fəal iştirakına hər zaman güclü dəstək verir. Faktiki olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə regionumuzda deyil, Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır.
Ölkə başçımızın müsahibədə vurğuladığı məqamlardan biri də siyasi partiyaların fəaliyyəti ilə bağlı oldu. Cənab Prezident bildirdi ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı təmin olunub. Bununla bağlı məhdudiyyət yoxdur. İnternet azaddır. Yalnız iki siyasi partiya (Xalq Cəbhəsi və Müsavat) Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat bugün də öz əməllərinə sadiq qalaraq Azərbaycanı haqq mübarizəsində dəstəkləmirlər. Hətta milli məsələlərdə belə radikallıq göstərən bu iki partiyanın əsil siması artıq Azərbaycan xalqına tam ifşa olunub.
Sonda bir daha vurğulamaq istərdim ki, iqtisadi, hərbi və siyasi cəhətlə yanaşı əhali sayına görə də Azərbaycandan xeyli geridə qalan Ermənistanın rəhbərliyi öz xalqının tam məhvinə çatmaması üçün təcavüzkarlıq əməllərinə son qoymalı, işğal etdikləri torpaqları azad etməlidir. Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır, və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar.
Hər bir halda Azərbaycanın haqq yolunda mübarizəsi Ermənistanı istənilən halda dediklərimizlə barışmağa məcbur edəcək. Ermənistanın məğlubiyyəti isə regiona sülh gətirəcək.


Fərid Ağazadə
YAP Pirallahı rayon təçkilatının könüllüsü

Keçidlər