Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur”

25 oktyabr 2020 | 11:00
27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin müxtəlif  istiqamətlərdən hücumlarına Azərbaycan Ordusunun cavabı və nəticədə Vətən müharibəsinin başlaması bütün gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hissini daha da alovlandırdı. Əks-hücum əməliyyatlarının  nəticəsi olaraq demək olar ki, hər gün qələbə xəbərlərini eşidirik, bütün işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının sancılacağına əminliyimiz hər keçən gün daha da artır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin sıralanmasının davamlı olacağına heç kimdə şübhə yoxdur. Belə bir zamanda, cəbhə xəttində üstünlük əldə etdiyimiz halda mənfur düşmən yenə də öz terrorçu əməllərini davam etdirərək mülki əhalini hədəf almaqla hərbi təxribat törədir. Öz siyasi ambisiyalarına görə dinc əhaliyə atəş açan Ermənistan dünyada sülhün düşməni olduğunu bir daha isbatlamış olur.
Məlumdur ki, ölkələr müharibələri sadəcə cəbhədə silahla, artilleriya ilə aparmır, müharibə həm də diplomatiya və informasiya müstəvilərində aparılır. İnformasiya müstəvisində aparılan müharibə dünyaya gerçəklərin bəyan olunması və haqlı olanın mövqeyinin dəstəklənməsi üçün çox vacibdir. Çünki məlumdur ki, I Qarabağ müharibəsində Azərbaycan informasiya blokadasında idi və bunun acı nəticələrini biz hələ də hiss edirik. Hələ də bəzi ölkələrin Qarabağın Azərbayanın əzəli torpağı olduğunu bilməməsi müşahidə olunur. Ancaq indi vəziyyət tamamilə fərqlidir. İndiki şəraitdə Azərbaycanın haqq səsi ölkə başçısı tərəfindən bütün dünyaya çatdırılır. Ölkə başçısı demək olar ki, hər gün dünyanın müxtəlif televiziya kanallarına müsahibələr verir və haqq səsimizi dünya ictimaiyyətinə çatdırır. Ölkə başçısının son belə müsahibələrindən biri 21 oktyabr tarixində Yaponiyanın “Nikkei” qəzetinə oldu.
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bir sıra vacib məqamlara toxundu. ATƏT-in Minsk qrupu həmsədr ölkələrin vasitəçiliyinə xüsusi ilə toxunan cənab Prezident bildirdi ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır.
Müsahibə zamanı Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüşün mümkünlüyünə dair verilən suala da cavab verən  cənab Prezident İlham Əliyev  qeyd etdi ki, bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.
Humanitar atəşkəs məsələsinə xüsusi ilə toxunan cənab Prezident bildirdi ki, atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik. Beləliklə döyüş meydanında nə qədər çox vaxt keçirsə, biz bir o qədər də əraziləri azad edirik. Ona görə Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd etməmək və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir.
Cənab Prezident müsahibədə junalistin -“Siz zəmanət verə bilərsinizmi ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali orada təhlükəsiz şəraitdə və bərabər hüquqlarla yaşaya biləcək?” -sualına cavab olaraq bildirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. 
Daha sonra referendum və öz müqəddəratını təyin etmə ilə bağlı suala da cənab Prezident açıq və qəti şəkildə cavab verdi. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Danışıqlar zamanı Azərbaycan buna razılıq vermədi və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verilməyəcək. Bundan söhbət gedə bilməz.
Jurnalistin müharibə mövzusundan kənar olaraq iqtisadiyyat, beynəlxalq enerji layihələri, ölkədə siyasi partiyaların fəaliyyəti, sosial şəbəkələrdə məhdudiyyətlər və s. mözularda da suallarını cavablandıran ölkə başçısı vacib açıqlamalar verməyə davam etdi.
İlk olaraq Azərbaycanada iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı danışan ölkə başçısı bildirdi ki, Azərbaycanda iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanılıb.
Dövlət başçısı siyasi partiyaların fəaliyyəti ilə bağlı sualı cavablandırarkən bildirdi ki, ölkədə demokratik inkişaf müsbət məcrada gedir. Azərbaycanda bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət azadlığı, media azadlığı, ifadə azadlığı, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Daha sonra cənab Prezident əlavə etdi ki, hazırkı şəraitdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı Onun yürütdüyü siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır. Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, hələ də eyni yolu davam etdirir və Azərbaycanı haqq mübarizəsində dəstəkləmir. Onların bu əməlləri xalqda ikrah hissi yaradır.
Sonda İlham Əliyev, sülhün regiondakı vəziyyəti tamamilə dəyişəcəyini də vurğuladı. Ölkə başçısı bildirdi ki, üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görəcəyik. Bununla yanaşı ölkə başçısı qeyd etdi ki, Gürcüstanla Azərbaycanın əlaqələri ən yüksək səviyyədədir və iki ölkə  bir çox beynəlxalq layihədə birlikdə iştirak edir. Ermənistan isə bütün bu layihələrdən kənardadır.  Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir, əhali azalır, miqrasiya çox yüksəkdir. Bu gün Ermənistanda real əhalinin sayı iki milyondan azdır və daha da azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə deyərlər, işğal olunmuş çox məhsuldar torpaqlardan məhrum olduqda. Onlar məntiqli olmadığı təqdirdə, işğala son qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən sonra necə yaşayacaqları haqqında düşünməlidirlər. Onlar artıq bu təcavüzə son qoymalıdırlar.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı cənab İlham Əliyevin  səsləndirdiyi hər bir  bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının  yol açdığı sual doğuran və  dəqiq cavabını  axtaran məqamlar öz əksini tapıb. Nəhayət ki, dünya Azərbaycan dövlətinin qətiyyəti, siyasi iradəsi əsasında ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu qəbul etmək məcburiyyətindədir.


Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər