Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan öhdəliklərə əməl etməlidir

26 oktyabr 2020 | 11:00
27 il susan qələm bu gün ilk dəfə olaraq mürəkkəb ilə deyil,  sevinc göz yaşları ilə yazacaq. 27 il bu torpaqlardakı bülbülün səsini eşidə bilmədik. 27 il  xarı bülbülün ətrini duya bilmədik.  Bizim qədər onlar da darıxmışdı. Yuxularımızda çağırırdılar bizi. 27 il gözlədik... Xain düşmənə dəfələrlə şans verdik, sülhə, əmin-amanlığa dəvət etdik. Bu müddət ərzində səbirlilik, dözümlülük nümayiş etdirdik. Sözümüzü beynəlxalq tribunalardan dedik. Ali beynəlxalq qanunların icrası ilə bağlı bir  sıra beynəlxalq Qətnamə və qərarların qəbul olunmasına nail olduq. Onların icrasına, beynəlxalq birliyin təcavüzkara təsir göstərəcəyinə ümid etdik.  Ötən müddət ərzində Bakı tolerantlığın, multikultralizmin, mədəniyyətlərarası dialoqun mərkəzinə çevrildi. İnsani dəyərləri daha möhkəm özüllər üzərində quraraq demokratik inkişafın nümunəvi Azərbaycan modelini dünyaya təqdim etdik. Bəşəri problemlər zamanı liderlik xüsusiyyətləri nümayiş etdirərək beynəlxalq problemlərin həllində yaxından iştirak etdik. Sülhməramlıların tərkibində dünyanın ən qaynar nöqtələrində Azərbaycan əsgəri xilaskarlıq missiyasını uğurla icra etdi. Lakin beynəlxalq aləm haqq səsimizi eşitmədi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınnı 4 Qətnaməsi, ATƏT-in Minsk qrupunun təklif etdiyi münaqişənin həlli paketi, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasına nəzarət olunmadı.
Qətnamələrin icrasına nəzarətin olmamasından istifadə edən düşmən daha da azğınlaşdı. İki yüz il əvvəl xalqımıza qarşı  başladığı soyqırım, ərazi iddialarını, terror aktlarını davam etdirdi. 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində, 25 ay sonra  - 2018-ci ilin may ayında Naxçıvanda Günnüt əməliyyatları zamanı və yenə də 25 ay sonra   - 2020-ci ilin iyun ayında cəbhənin bir çox təmas xəttində atəşkəsin mütəmadi pozulmasına qarşı əks-hücum əməliyyatları ilə  düşmənin hərbi təxribatlarının qarşısını alarkən düşmənə vurulan zərbələr bir mesaj idi... Azərbaycan Silahlı Qüvvələrinin hansı gücə malik olması barədə Ermənistana verilən mesaj... Azərbaycan əsgərinin döyüş ruhu barədə erməninin səngərdə acından ölən, narkotik maddələrin təsiri altında “Böyük Ermənistan” barədə xəyallara dalan, soyuqdan donan hərbi qulluqçusuna verilən mesaj...
  Bütün bunlardan ibrət götürməyən düşmənin avqust ayında Azərbaycan ərazisində terror aktları törətmək üçün torpaqlarımıza diversiya qrupu göndərdi. Sentyabr ayının sonlarında isə yeni ərazi iddiaları ilə mülki yaşayış məskənlərimizə soxulmaq cəhdlərinə qarşı əks-hücum əməliiyatları barədə Əmr alan Azərbaycan əsgəri erməniyə “dərs keçməyə” başladı. Elə ilk gündə 8 kəndin işğaldan azad olunması Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sillahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı qısa vaxt ərzində azad etmək iqtidarında olması barədə dəfələrlə söylədiyi fikirlərini təsdiq etdi. Növbəti əməliyyat günləri zamanı da xeyli sayda canlı itki verərək döyüş texnikasını, hərbi sursatı meydanda ataraq Azərbaycan əsgəri qarşısında qaçan ermənilər xaricdən gətirilən muzdlu döyüşçülərlə də heç bir müqavimət göstərə bilmədilər. Çıxılmaz vəziyyətdə qalan Paşinyan dünya ölkələrinə zənglər edərək atəşkəsin bərpa olunması barədə yalvarışlar etdi. Azərbaycan əsgərinin qarşısında hətta muzdlu döyüşçülərinin silahı ataraq döyüşə girməkdən imtina etməsi, hərbi qulluqçular arasında fərarilik hallarının kütləviyinin artmasını görən xain düşmən humanitar atəşkəs barədə razılıq əldə edildiyi vaxt cəbhə zonasına aid olmayan şəhər və qəsəbələrimizə, kənd və digər yaşayış məskənlərimizə, mülki obyektlərə çoxlu sayda iriçaplı top və raket zərbələri endirərək xalqımızın iradəsini sındırmağa çalışdı. Amma bacarmadı. Bacara da bilməz. Az qala 30 ildir ki, vətən həsrəti çəkən Azərbaycan nə olsa da , hansı itkini versə də geri çəkilməyəcək. Biz işğal altında olan bütün torpaqlarımız  düşmən tapdağından azad oluncaya qədər mübarizəyə davam edəcəyik. Qarşımızda heç bir qüvvə dayana bilməz.
Müharibənin ilk günlərindən etibarən ölkə başçısı hər gün müxtəlif ölkələrin reytinqli kütləvi informasiya vasitələrinə müsahibələr verərək  müharibənin əsl simasının dünyaya çatdırılmasına şərait yardır. Son belə müsahibələrdən biri oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə olmuşdur. Burada vacib açıqlamalar verən ölkə başçısı ilk olaraq xarici işlər nazirlərinin Vaşinqton səfəri ilə bağlı gözləntilərindən bəhs etdi.   “Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Xarici İşlər nazirlərinin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Moskvaya da səfər edilmişdir, orada da görüş olmuşdur. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır. Əlbəttə ki, indi vəziyyət dəyişmişdir. Satus-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.
Daha sonra Ermənistanın Azərbaycan tərəfində muzdluların olması ilə bağlı absurd iddiaları barədə danışan ölkə başçısı bildirdi ki, bu, doğru deyil. Azərbaycandan fərqli olaraq Ermənistan Yaxın Şərqdən muzdluları və döyüşçüləri münaqişə zonasına gətirir. Ermənistanın Baş naziri bunu etiraf edib. O bildirib ki, onlar erməni kökənlidirlər. Birincisi, heç kim bilmir onlar erməni kökənlidir, ya yox. Məlumat var ki, başqa millətlərin nümayəndələri hazırda Ermənistan tərəfdən döyüşür. İkincisi, əgər insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa, bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş meydanında zərərsizləşdirilənlər arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Azərbaycana gəlincə, haqqında yalnız şayiələr, yalnız əsassız bəyanatlar yayılır. Heç bir sübut yoxdur. Ona görə də, bu şayiələrə son qoyulmalıdır. Azərbaycan özü döyüşür. Heç bir xarici döyüşçüyə ehtiyacımız yoxdur. Azərbaycanın kifayət qədər insanı, nizami ordusu, kifayət qədər əsgər və zabitləri var. Ermənistandan fərqli olaraq Azərbaycan mülki əhaliyə qarşı deyil, terrorçu erməni hərb qulluqçusuna və muzdla döyüşçüsünə qarşı vuruşur. Və Gəncə, Tərtər və digər yaşayış məskənlərimizdəki artilleriya zərbələri zaman həlak olan soydaşlarımızın qisasını döyüş meydanında artıqlaması ilə aldı.
Daha sonra Azərbaycan Prezidenti bildirdi ki, işğaldan azad edilən torpaqlarımızda mədəni-tarixi abidələrimizlə yanaşı mədəni irsimiz işğaldan azad edilir, işğaldan azad edilmiş torpaqlarda məscidlərimizi azad etməklə, orada azan səsini ucaltmaqla həmin torpaqlarda mənəviyyatımızı düşmən əsirliyindən azad edirik, yüz illərlə dünyada məşhur olan Qarabağ xalılarının şöhrətini qaytarmış oluruq. Bu gün bütün dünya Azərbaycan əsgərinin qüdrətinin, Azərbaycan xalqının iradəsinin və Azərbaycan Prezidentinin, Ali Baş Komandanının qətiyyət və əzminin şahidi olur. Azərbaycan xalqı başqa xalq və millətlərə örnək olacaq qədər mədəniyyət, qəhrəmanlıq, mübarizlik əzminə malikdir. 30 il mədəni, sülhsevər xalq kimi səbirlə düşmən təxribatlarına qarşı dözdük. Lakin tarixə nəzər salsaq görərik ki, Azərbaycan xalqının ən üstün xüsusiyyəti onun döyüşkənliyi, əzmliliyi, vətənpərvərliyidir.
Ölkə başçısı müharibə mövzusundan kənar olaraq da bir neçə məsələ haqqında məlumat verdi. İlk olaraq beynəlxalq enerji layihələrinin gedişatı ilə bağlı məlumat verən ölkə başçısı bildirdi ki, 30 il müharibə şəraitində yaşayan Azərbaycan beynəlxalq enerji layihələrini qrafikə uyğun icra edir. TAP-ın rəsmi açılışı bir neçə həftənin işidir. Kəmərdə hər şey hazırdır. Bakıdan Avropaya tarixi kəmər tamamlanıb. Digər kəmərlərimizə, xüsusilə neft-qaz kəmərlərinə gəlincə, Azərbaycan ərazisində bütün bu illər ərzində, Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana heç bir hadisə baş verməyib. Kəmərlərimiz ərazimizdə lazımi qaydada qorunur. Lakin, əlbəttə, Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar kəmərlərə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. lbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar.
İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı da məlumat verən ölkə başçısı qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur.  Azərbaycan iqtisadiyyatımızın şaxələndirilməsi ilə bağlı gündəlik var və bu proses uğurla davam edir. Hətta baxmayaraq ki, bu il ümumi daxili məhsul aşağı düşür indiyədək geriləmə 4 faizdən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, artım var. Bu, onu göstərir ki, sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi. Ərazilərin geri qaytarılması kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlanılıb.
Sonda bir daha vurğulamaq istərdim ki, regionda təxribatçılıq, terror ilə məşğul olan ermənilər bütün dünya üçün təhlükə mənbəyi olduqlarını sübut etdilər.  Paşinyan öz səhv qərarları ilə təkcə erməni xalqını deyil, ümumilikdə ermənilərin uzun illər uydurduqları mifologiyanı məhv etdi. “Qüdrətli Ermənistan ordusu” və “döyüşkən erməni xalqı” Azərbaucan əsgəri qarşısında bir an belə müqavimət göstərə bilmədi. 2-ci dünya müharibəsindən sonra alman xalqı Hitlerin faşist əməllərinə və ideologiyasına görə bütün dünyadan üzr istədi. Tarixdə bu cür hallara çox rast gəlinib. İşğalçılıq siyasəti yeridən, 100 ildən artıq digər xalqı əsarətdə saxlayan, müstəmləkərində digər xalqlara qarşı soyqırımlar həyata keçirən dövlətlər və xalqlar sonda acınacaqlı məğlubiyyət acısı dadaraq təzminat ödmiş, üzr istəmişlər. Maraqlı faktdır ki, bu gün Ermənistanın havadarları da bu aqibəti yaşayan dövlətlər və xalqlardır. İnanırıq ki, tez bir zamanda ermənilər öz utanc gətirən dırnaqarası liderləri Paşinyana görə, həmçinin bu günədək Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar və qətlamlara görə, dinc əhaliyə qarşı törətdikləri terror aktlarına görə, Xocalımıza, Şuşamıza, Qarabağımıza, digər işğal etdikləri ərazilərdə törətdikləri vəhşiliklərə, vandalizmə görə xalqımızdan, türk dünyasından bütün dünya ictimaiyyətinin şahidliyi ilə üzr istəyəcəklər.

Müslümov Loğman
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər