Şriftin ölçüsü :

Saytın rəngi :

Bugün həm cəbhədə, həm də siyasi arenada çox ciddi mübarizə gedir

26 oktyabr 2020 | 11:00
Uzun illərdir ki, Azərbaycan xalqına  və dövlətçiliyinə qarşı ermənilər tərəfindən törədilən cinayətlər hazırda da davam etdirilir.  İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişlərini heç cürə tərk edə bilmirlər. Xüsusilə 27 sentyabr tarixindən etibarən başlayan II Qarabağ müharibəsi erməni xislətinin iç üzünü dünyaya nümayiş etdirdi. Ancaq təəssüf ki, dünya hələ də bunu görmək istəmir. Hələ də özlərini demokratiyanın, insan hüquqularının beşiyi kimi göstərən bəzi böyük dövlətlər Ermənistana dəstək verməkdən çəkinmir. Axı bütün dünyanın gözü qarşısında iki dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlə hücum olundu. İki hücumun nəticəsində 20-dən çox mülki şəxs həlak oldu, onlarla vətəndaşımız yaralandı. Heç bir günahı olmayan körpələrə, qadınlara, yaşlılara silah qaldıran bu ölkəyə hələ də lazımi münasibəti göstərməyən ölkələr, bu azmış kimi humanitar yardım adı ilə işğalçı ölkəyə silah-sursat göndərilməsinə də göz yumurlar. Onu da xatırladaq ki, erməni tərəfinin hücumları Gəncə ilə məhdudlaşmadı, Tərtər, Mingəçevir, Naftalan, Ağcabədi, Goranboy hətta Siyəzən və Xızıya belə hücumlar olundu. Nəticədə bugünə qədər 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.Buna göz yuman ölkələr sözsüz ki, tarix qarşısında öz cavablarını verəcəklər.
Müharibənin ilk günlərindən etibarən ölkə başçısı demək olar ki, hər gün dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verərək, müharibənin əsil məqsədinin və Azərbaycanın haqq səsisin dünyaya çatdırılmasına mühüm töhfələr verir. Ölkə başçısının hər müsahibəsi, çıxışı və bu çıxışlarda səsləndirdiyi fikirlər ölkə daxilində və ümumilikdə dünya dövlətləri arasında maraqla izlənir. Ölkə başçısının son günlərdə verdiyi müsahibələrdən biri də uzaq Şərq ölkəsi olan Yaponiyanın  “Nikkei” qəzetinə oldu. Ölkə başçımız müsahibədə II Qarabağ müharibəsi ilə bağlı geniş ictimaiyyəti maraqlandıran suallara cavab verməklə yanaşı həm də ölkə daxilində gedən proseslərlə bağlı məlumatlar verdi.
Cənab İlham Əliyev Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin cümə günü Vaşinqtona səfəri barədə gözləntiləri ilə bağlı qeyd etdi ki, “Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir...... Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir”.
İlham Əliyev müxbirin “İkinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?” sualına cavab olaraq bildirdi ki, “Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər..... Birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar. Mən həmişə demişəm ki, atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər bizə hücum olunursa, biz nəinki özümüzü müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da keçməliyik. Sizə deyə bilərəm ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan şəhərini və bir çox kəndləri azad etdik” fikirlərini bildirdi.
Daha sonra müxbirin “Beləliklə, danışıqlar masasına oturmaq üçün hər hansı danışıqları aparmadan öncə əvvəlcədən Ermənistandan ən azından yeddi rayonun bəzilərini boşaltmağa razılaşmağı tələb edəcəksiniz?” sualını cavablandırarkən cənab Prezident bildirmişdir ki, “Onlar bu əraziləri boşaldacağına dair üzərilərinə ciddi öhdəlik götürməlidirlər”. Əlavə olaraq cənab Prezident bildirdi ki, biz indi birinci olaraq ərazilərin boşaldılması və sonra danışıqların başlanılması ilə bağlı ilkin şərti irəli sürmürük. Biz hazırda Ermənistan tərəfindən, bu zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə məsul olan şəxsdən, şəxsən baş nazirdən tələb edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri boşaldacağını desin. Bundan sonra əlbəttə ki, münaqişənin nizamlanması döyüş meydanından danışıqlar masasına keçəcəkdir”.
Həmçinin İlham Əliyev Minsk qrupu barədə öz fikirlərini bildirmiş və açıq şəkildə qeyd etmişdir ki, əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu, özü hər şeyi göstərir.
Daha sonra ölkə daxilində gedən proseslərlə də bağlı məlumat verən ölkə başçısı bu günlərdə Azərbaycan xalqının və siyasi mühitinin bütünlükdə torpaqlarımızın ərazi bütünlüyü uğrunda birləşdiyini və Ali Baş Komandana dəstək olduğunu, yalnız iki partiyanın-Xalq Cəbhəsi və Müsavat partiyalarının bu prosesdən kənar olduğunu bildirdi:  Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi partiyası və Müsavat partiyasıdır.....Birbaşa maliyyələşdirməsi kənardan gələn, həmişə Azərbaycanın milli maraqlarına qarşı çıxan, Ermənistanın ərazilərimizi işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə olduqları üçün ərazilərimizin itirilməsinə görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi və Müsavat. Ərazilərin itirilməsinə görə məsuliyyət daşıyan o insanlar bu gün həmin partiyaların demək olar ki, 30 ildir rəhbərləridir.
Sonda müxbir “Sülh iki ölkəyə nə verə bilər?” sualını vermişdir. Cavabında möhtərəm Prezident vurğulayıb  ki, “Bəli, əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid edirəm......... Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq içində yaşayırlar. Bilirsiniz, orada tam işsizlik, yoxsulluq hökm sürür və infrastruktur dağıdılıb. Biz sərmayə yatırmağa hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və biz sizə kömək edərik. Bu gün biz özümüz əraziləri azad etdikdə, əlbəttə ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə və sözsüz ki, bu ərazini yenidən qurmaq üçün qayıdacaq azərbaycanlılara kömək edəcəyik. Lakin əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa, əlbəttə ki, biz bütün kommunikasiyaları açacağıq. Mən bilirəm, həmçinin Türkiyə hökumətinin mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın əraziləri boşaltdığı təqdirdə kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət tamamilə dəyişəcəkdir”.
Sonda bir daha, qürurla xatırlatmaq istəyirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun əzmi ilə Azərbaycanın müstəqillik tarixinə yeni şanlı səhifələr yazır. 27 ildir ki, düşmən tapdağı altında, işğalda qalan ərazilərimiz bir-birinin ardınca azad edilir. Artıq Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının mərkəzində Azərbaycan bayrağı dalğalanır. Beləliklə, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev BMT-nin 27 il əvvəl qəbul etdiyi qətnamələti bugün özü yerinə yetirir. Hər birimiz tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmağımızı səbirsizliklə gözləyirik!
Qarabağ Azərbaycandır!

İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri

Keçidlər