Şriftin ölçüsü :

Saytın rəngi :

Bugün tarixi ədaləti bərpa etməyənləri nə tarix, nə də beynəlxalq hüquq bağışlamayacaq

26 oktyabr 2020 | 11:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir. Son günlər cəbhə xəttində baş verən hadisələr bir daha sübut etdi ki, Silahlı Qüvvələrimiz mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Bugün haqq mübarizəmizin başlamasının birinci ayı tamam olarkən əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Qafqazın ən güclü ordusuna malikdir. Bir aylıq müddətdə dörd şəhərimiz, 150-dən çox kəndimiz və bir çox strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunmuşdur. Bu, Azərbaycan Ordusunun və Ali Baş Komandanın böyük uğurudur.
Düşmən isə yenə öz xislətinə uyğun davranaraq cəbhədə uduzduqlarını mülki əhaliyə atəş açaraq qazanmağa çalışır. Beləliklə, mənfur düşmən işğalçılıq əməllərini cəbhə zonasına aid olmayan yaşayış məskənlərini artilleriya atəşinə tutmaqla, cəbhə xəttində baş verənlərlə bağlı dezinformasiyalar yaymaqla davam etdirir. Döyüş meydanında yaralı və xeyli sayda meyidlərini atıb qaçan düşmənə Moskvada 3 ölkənin xarici işlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs rejiminə uyğun olaraq cəbhə xəttində müvəqqəti olaraq meyidlərini götürmək üçün şans verildi. Amma düşmən burada da öz namərdliyini bir daha göstərdi və atəşkəs rejimindən sui-istifadə etdi. Oktyabrın 10-da birinci atəşkəs rejiminin başlamasından saatlar sonra Ermənistan öz ərazisindən Gəncəni vurdu. Mülki insanların raket atəşinə tutulması nəticəsində 9 vətəndaşımız həlak oldu, 40 yaxını isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Daha sonra 17 oktyabr tarixində ikinci atəşkəs rejimindən dərhal sonra Ermənistan yenidən Gəncəyə ballistik raketlə hücum etdi. Təəssüf ki, bu hücumda itkimiz daha çox oldu: 14 ölü, 50-dən çox yaralı yaralı.
Maraqlıdır ki, hər iki atəşkəs təşəbbüsü Ermənistan tərəfindən gəlmişdi. Lakin hər iki halda da  humanitar atəşkəs razılaşmasını məhz  Ermənistan pozdu. Xatırladaq ki, bugün də səhər saatlarından üçüncü humanitar atəşkəs rejimi elan olunub və Ermənistan ənənəsinə sadiq qalaraq bu dəfə də atəşkəsi pozub. Deməli, Ermənistan üçün bu atəşkəslər faktiki olaraq əhəmiyyətsizdir. Onlar atəşkəsi sadəcə qəfil hücum etmək üçün vasitə olaraq görürlər.
Əfsuslar olsun ki, son 30 ildə BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrinə və digər beynəlxalq təşkilatların çıxardığı qərarlara məhəl qoymayan Ermənistana beynəlxalq qurumlar tərəfindən lazımi təzyiq göstərilmir. Hətta belə demək mümkündür ki, bəzi ölkələr Ermənistanı müxtəlif şəkillərdə dəstəkləyirlər də. Bu, dünyada beynəlxalq hüquqa olan inamı azaltmaqla yanaşı, həm də ədalət anlayışına ola güvəni məhv edir. Əminliklə deyə bilərik ki, terrorçu xislətli bir ölkənin açıq-aşkar şəkildə müdafiə olunması yaxşı heç nəyə gətirib-çıxara bilməz.
Azərbaycan xalqı tərəfindən ən böyük narazıçılığa səbəb olan hadisələrdən biri də Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunu oynayan, münaqişənin danışıqlar yolu ilə həllində məsuliyyət daşıyan ölkələrin özlərinin belə  təcavüzkar ölkəyə dəstək olmağa çalışması və onu düşdüyü vəziyyətdən çıxarmağa çalışmasıdır. Bu, qəbul edilməzdir. Vasitəçi neytral olmalıdır. Ölkə başçısı, Minsk qrupunun fəaliyyəti və vasitəçi ölkələrlə bağlı 26 oktyabr tarixli xalqa müraciətində tənqidi fikirlər səsləndirmişdir. Ölkə başçısı demişdir: “Nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz....... Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi. Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz.”.
Bir daha vurğulamağı lazım bilirəm ki, 1993-cü ildə yekdilliklə qəbul edilmiş, hər üç həmsədr ölkənin lehinə səs verdiyi  qətnamələrin icrası şərtdir. Azərbaycanın tək istəyi beynəlxalq hüququn bərpa olunmasıdır. Amma görünən odur ki, bir çox ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdənsə, ölkələrində olan erməni lobbisinin dəstəyini almaq üçün bütün beynəlxalq hüquq qanunlarını, ədaləti heçə sayaraq, şəxsi mənafelərini üstün tutur və Ermənistanın yanında yer alırlar. Əminik ki, nə tarix, nə də beynəlxalq hüquq bunu bağışlamayacaq.                                                 
Sentyabr ayının 27-dən etibarən başlanan əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri daxil olmaqla xeyli sayda kənd, qəsəbə və yaşayış məskəni ilə yanaşı strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi Azərbaycanın gücünü sübut etmək üçün kifayətdir. Azərbaycan cəbhədə tək olsa da, onun gücü düşməni torpaqlarından çıxarmaq üçün kifayətdir. Biz mütləq tarixi ədaləti bərpa edəcəyik. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək ordumuza dəstək olan xalqımız Qarabağımızın işğaldan azad olunması gününün tezliklə baş tutacağına tam əmindir. 30 il düşmən tapdağı altında qalan Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşa və Qarabağımıza, digər işğaldan azad olunan torpaqlarımıza yenidən həyat bəxş olunacaq. 30 il yurd həsrətində yaşayan soydaşlarımız öz ata-baba yurdlarına dönəcəklər. XVIII əsrin sonlarında yaranmış Qarabağ xanlığı dövründə olduğu kimi  Qarabağ əhalisi yenə də əkinçilik və maldarlıqla məşğul olacaq.  Neçə əsrlər boyu dünyada şöhrət tapan Qarabağ xalçaçılıq sənəti, toxuculuq, sənətkarlıq inkişaf etdiriləcək. Tezliklə Şuşamızda, Qarabağımızda "Qarabağ şikəstəsi"ni dinləyəcəyik. Təkcə gözəl təbiəti, füsunkar gözəlliyi, zəngin təbii sərvətləri ilə deyil,  torpaq uğrunda canından keçməyə hazır olan igid, mərd oğulları ilə tanınan xalqımız tezliklə bu günə qovuşacağına inanır.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər