Haqq-ədalət tez ya da gec amma mütləq öz yerini tapacaq
Ermənistanın işğalçı ordusuna qarşı Azərbaycanın başlatdığı antiterror əməliyyatından bu gün artıq bir ay ötür. Ötən müddət təcavüzkar tərəfin hərbi potensialının faktiki olaraq sıradan çıxarılması, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, üç qəsəbənin və 150-dən artıq kəndin, eləcə də strateji yüksəkliklərin düşməndən azad edilməsi ilə yadda qaldı. Bununla yanaşı müharibənin birinci ayı üç atəşkəs rejiminin elan olunması və üçünün də Ermənistan tərəfindən pozulması ilə spesifik oldu. Terrorçu xislətli Ermənistan hər atəşkəsdən yeni bir hücum üçün istifadə edərək öz mahiyyətini bir daha ortaya qoydu. Aydındır ki, Ermənistanın faşist rəhbərliyinin Gəncədə, Tərtərdə, Mingəçevirdə, Ağdamda, Naftalanda və digər döyüş zonasına aidiyyəti olmayan yerlərdə törətdiyi hərbi cinayətlərqeyd-şərtsiz sivil dünyanın qəzəbinə və etirazına səbəb olmalıdır. Amma təəssüf ki, müşahidə olunan bu deyil. Müşahidə olunan budur ki, özlərini demokratiyanın beşiyi hesab edən, yeri gələndə Azərbaycana və Türkiyəyə insan hüquqları ilə bağlı dərs verməyə çalışan bəzi Qərb dövlətlərinin hazırda işğalçı Ermənistana dəstək olmaq üçün dəridən qabıqdan çıxmasıdır. Hətta iki ölkə arasında vasitəçilik missiyası yerinə yetirən dövlətlər belə missiyalarını unudaraq Ermənistana dəstək olmağa çalışır. Əlbəttə ki, bu cəmiyyətimizdə bir mənalı olaraq narazılıqla qarşılanır. Təbii ki, başqa cür ola da bilməz. Azərbaycan dövləti və xalqı bu günlərdə yanında yer almayan, hətta daha dəqiq ifadə ilə desək haqq-ədalətin, beynəlxalq hüququn yanında yer almayan ölkələri unutmayacaq.
Beləliklə, sentyabr ayının 27-dən etibarən bir daha aydın oldu ki, Azərbaycan hansı insanlıq hissələrinə sahib olmayan xain, mənfur düşmənə qarşı vuruşur. Dünya birliyi bu gün Azərbaycanı deyil, Azərbaycan xalqını deyil, bəşəriyyəti erməni terrorundan xilas etmək üçün XIX əsrdə Qarabağda, keçən əsrin əvvəllərində Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda, Quba, Şamaxı, Lənkəran və digər yerlərdə, əsrin sonlarında Xocalıda və oktyabrın 5, 11, 17-də Gəncədə dinc əhaliyə qarşı terror aktı törədən erməni vandalizminə, faşizminə qarşı tədbirlər görməlidir. Ermənistan dayandırılmalıdır. Bu sadəcə Azərbaycan üçün yox, bütün dünya üçün edilməlidir. Terroru dövlət siyasətinə çevirən Ermənistan kimi bir ökkəyə dəstək olaq gələcək üçün yaxşı heç nə vəd edə bilməz.
Təbii ki, Ermənistanın Gəncəni hədəfə almasının səbəbləri var idi. İlk növbədə, ermənilər bilirlər ki, Gəncə Azərbaycan üçün, Azərbaycan xalqı üçün təkcə ikinci böyük şəhər deyil, Gəncə həm də Azərbaycan xalqının mənəvi cəhətdən ən böyük diyarıdır. Gəncədə Cavad xanın, cümhuriyyətin, müstəqilliyimizin ilk illərindən xalq hərəkatının ruhu cəmlənib. Ermənilər Gəncəyə raket atmaqla Azərbaycan xalqının iradəsini sındırmaq istəyirdi amma bacarmadı. Çünki, dağılmış evlərinə baxıb " Vətən sağ olsun ", dağıntılar altından çıxandan sonra "Allah Ali Baş Komandanı, əsgərimizi qorusun" deyən xalqı məğlub etmək mümkün deyil. Ermənistanı qorxudan amillərdən biri də məhz budur. Azərbaycanın əzmi, dönməzliyi və qətiyyəti. Ən ağır itkidən sonra belə tərəddüd etmədən “Vətən sağ olsun” deməsi. Azərbaycan xalqı artıq 1990-cı illərin əvvəlindəki o xalq deyil. İndi xalqımızın hər bir nümayəndəsi Ali Baş Komandanına və Ordusuna güvənir.
Beləliklə, Ermənistan mənəvi cəhətdən artıq tamamilə məğlub vəziyyətdədir. İndi sadəcə bunu qəbul etməkləri qalıb və nə qədər tez qəbul edərlərsə bu özləri üçün bir o qədər yaxşı olar. Bizə məlumdur ki, artıq canlı qüvvə sarıdan korluq çəkən Ermənistan döyüşlərə muzdluları və yetkinlik yaşına çatmayan uşaqları məcburi şəkildə cəlb edirlər. Lakin Azərbaycan əsgəri qarşısında aciz olduğunu başa düşən erməni hərbi qulluqçularının əksəriyyəti döyüşlərə girməkdən imtina edir. Orduda kütləvi şəkildə fərarilik baş alıb gedir. Ermənistanın özündə hərbi qulluqdan yayınmaq üçün ermənilər COVİD-19 virusuna yoluxma faktı ilə bağlı saxta sənədlər düzəldirlər. Bütün bunlar artıq Ermənistanın bir dövlət və bir millət kimi süqutuna gedən yoldur. Bugünümüzün reallıqları bunun təsdiqidir.
Azərbaycan dövləti sübut edir ki, məsələnin həllində bir şərt var, o da Ermənistan silahlı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalarıdır. Necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapıb. Azərbaycan dövlətinin qətiyyəti, Ordumuzun gücü sayəsində Ermənistana layiq olduğu yer göstərilib. Bununla bağlı ölkə başçısı cənab İlham Əliyev 20 oktyabr tarixli xalqa müraciətində demişdir: “Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü”. Cənab İlham Əliyevin vurğuladığı kimi, otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Bu gün haradadır bu “yenilməz Ermənistan ordusu?”. Bu, sadəcə mif idi və bu mif hazırda Azərbaycan Ordusu alt-üst edilir. “Yenilməz Ermənistan Ordusu” Azərbaycan əsgərinin qarşısında faktiki olaraq diz çökdürülüb. Budur həqiqət, budur reallıq.
Məkrli düşmən illərdir ki, işğal etdikləri ərazilərdə talan, qarətlə məşğul olub. İşğaldan azad olunan ərazilər erməni vandalizmin şahididir. 30 il ərzində erməni vəhşilərinin əlində qalmış yaşayış məkanlarımız amansızcasına dağıdılıb. Bütün binalar və dini abidələrimiz sökülüb. Amma bundan sonra həmin torpaqlara həyat qayıdacaq. Biz o torpaqlarda yaşayacaq, qurub yardacağıq. Ölkə başçımızın dediyi kimi, Qarabağa sülh həyatı qaytarılacaqdır. Azərbaycan xalqının dönməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində bütün şəhər və kəndlərimiz qaytarılacaqdır. Azərbaycan hökuməti dağıdılmış şəhərləri yenidən quracaq və abadlaşdıracaqdır. Məscidlərdə azan səsi eşidiləcəkdir. Bu şərəfli missiyadır və ordumuz bu missiyanın öhdəsindən mütləq gələcəkdir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun əzmi ilə 30 illk işğal dövrü bitəcək və Qarabağ öz azadlığına qovuşacaq. Nəhayət ki, dünya Azərbaycan dövlətinin qətiyyəti, siyasi iradəsi əsasında ədalət, beynəlxalq hüquq deyilən məfhumların mövcudluğunu qəbul etmək məcburiyyətində qalacaq. Unutmayaq ki, təcavüzkara qarşı tarixin hökmü tez ya gec amma mütləq axır nəticədə amansız olmuşdur. Əminik ki, yenədə belə olacaqdır. Biz buna tam əminik.
Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü