Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verdi. “Beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır”

29 oktyabr 2020 | 11:00
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və regionda münaqişənin daha da gərginləşdirilməsi niyyətlərinin riyakar nümunəsi idi. Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını dərhal aldı və əks-hücum əməliyyatlarına başladı. Artıq bir aydan çoxdur ki, davam edən əks-hücum əməliyyatları ordumuzun aşkar üstünlüyü ilə müşahidə olunur. Bir aylıq müddətdə rəşadətli Ordumuz tərəfindən 4 şəhərimiz, 4 qəsəbəmiz, 160-dan çox kəndimiz və bir sıra strateji yüksəkliklərimiz düşmən tapdağından azad edilmişdir. Qeyd edək ki, biz torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin edirik, eyni zamanda illərlə kimsəsiz qalan, təhqir olunan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. İllərlə düşmən tapdağı altında olan torpaqlarımızın çağırışına canı, qanı, ruhu və bütün varlığı ilə irəliləyən hər bir azərbaycanlı igid oğullarımıza, bu müqəddəs çağırışa “canım fəda” deyib şəhidlik zirvəsinə ucalan övladlarımıza və onlarla birgə yetişən və yetişməkdə olan nəsillərimizə qələbə sevincimizi yaşatmaq qədər ülvi hissləri yaşadığımız üçün çox qürurluyuq.
Aydındır ki, müharibə sadəcə cəbhədə aparılmır. Eyni zamanda diplomatik müstəvidə və informasiya portalında aparılır. Bir aydır ki, demək olar ki, hər gün ölkə başçımız dünyanın müxtəlif televiziya kanallarına və digər informasiya mənbələrinə müsahibələr verir. Burada əsas məqsəd Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və dünyada aktiv işləyən erməni lobbisinin yalanlarının qarşısının alınmasıdır. Ölkə başçısının son müsahibələrindən biri ABŞ-ın “FoxNews” televiziya kanalına olmuşdur. Diqqət çəkən məqamlarla yadda qalan müsahibədə   Cənab Ali Baş Komandan İlham Əliyev bir çox mövzulara toxunmuşdur.
İlk öncə jurnalistin “Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?” – sualını cavablandıran cənab Prezident qeyd etdi ki, “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi”. Dediyi hər bir fikri faktlarla zənginləşdirən və sübut edən ölkə başçısı burada da ənənəsindən geri qalmadı və dediyi fikirə sübut olaraq bildirdi ki, sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.  Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüş, 300 nəfər mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi, Azərbaycan özünü müdafiə etməli və cavab verməli idi. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsi azad edilib.
Daha sonra jurnalistin “Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?” fikirlərinə cavab olaraq cənab Prezident qətiyyətlə bildirmişdir ki, vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi, muxtariyyət əsla yoxdur.
Müsahibə əsnasında jurnalist İlham Əliyevə “1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz”, – deyə müraciət edib. Dövlət başçımızın bununla bağlı mövqeyi birmənalı olub. “Azərbaycan müharibədə məğlub olmamışdı, döyüşü uduzmuşdu. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi. Ermənistana açıq xarici dəstək verilirdi. Azərbaycan müharibəyə başlamayıb. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Azərbaycanın etdiyi odur ki, özünü müdafiə edir və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan artıq heç bir şey etmir”.
   İlham Əliyev atəşkəslə bağlı qeyd etdi ki, “Azərbaycan humanitar atəşkəs şərtlərinə əməl edir. Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi. Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. ...... Azərbaycan atəşkəs və torpaqlarının qaytarılmasını istəyir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir”.
Jurnalistin tamamilə tərəfli mövqedən çıxış edərək, Azərbaycan Ordusunun mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı verdiyi suala cavab olaraq ölkə başçısı bildirdi ki, “Azərbaycan mülki şəxslərə və dini məkanlara hücum etmir. Şuşada kilsədə baş verənlər ya səhv olub, - buna Azərbaycan rəhbərliyi rəsmi münasibət bildirib, ya da Azərbaycanı günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və oraya hücumlar yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra Azərbaycan Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməyib. Lakin onlar hücum ediblər”.
   Daha sonra jurnalist daha bir qərəzli sual səsləndirdi: “Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə – Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?” Cənab Prezident suala açıq və qəti şəkildə şəkildə mövqe bildirdi. Bu, dezinformasiyadır. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən heç bir dəlil və ya sübut təqdim olunmayıb. Daha sonra ölkə başçısı,  bildirdi ki, Azərbaycanın muzdlulara ehtiyacı yoxdur. Nizami orduda 100 min əsgər, bir neçə gün ərzində bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edilə bilər, üstəgəl müasir avadanlıq. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan dezinformasiyadır.
    Jurnalistin “Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz?” sualını cavablandıran İlham Əliyev yeni prinsipial mövqeyini ortaya qoydu. “Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər. Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir”.
   Cənab İlham Əliyev müsahibəsində qardaş ölkə Türkiyə ilə bağlı da fikirlərini bildirdi. O qeyd etdi ki, “Türkiyə Azərbaycana siyasi dəstək verir. Azərbaycan qürurlu və xoşbəxtdir ki, belə böyük ölkə tərəfdaşıdır. Hər bir ölkənin dostu və müttəfiqlərinin olmasına haqqı var. Ermənistanın öz müttəfiqləri var. Türkiyənin müharibə çağırışı yoxdur. Qətiyyən! Buna dair heç bir dəlil belə yoxdur. Türkiyə yalnız siyasi dəstək verir və bu kifayətdir. Çünki Türkiyə deyəndə ki, onlar Azərbaycanın yanındadırlar və Azərbaycan tək deyil. Ola bilsin ki, bu, münaqişəyə müdaxilə etmək və öz maraqlarını təmin etmək istəyən hər kəsə bir mesajdır”.
   Dövlət başçısı jurnalistin “Siz bu böhranın diplomatik həllinin olduğuna inanırsınızmı?” sualına “Bəli, inanıram. Əks halda mən 17 il ərzində danışıqlarda iştirak etməzdim..... Ermənistan Dağlıq Qarabağ ətrafındakı əraziləri boşaltmalıdır. Azərbaycanlılar həmin ərazilərə qayıtmalıdırlar, sonra ermənilərlə sülh və ləyaqət şəraitində yaşamalıdırlar. Bizim mövqeyimiz bundan ibarətdir” cavabını vermişdir.
   İlham Əliyev jurnalistə “Azərbaycan ABŞ-ın vasitəçiliyini tam dəstəkləyir” fikrini bildirdi. O qeyd etdi ki, Prezident Trampın münaqişənin həlli ilə bağlı gördüyü işlər beynəlxalq münasibətlərə tam uyğundur. Bununla bağlı onun mövqeyini, şəxsi fikirlərini tam dəstəkləyirik. Görürük ki, ABŞ-ın mövqeyi balanslaşdırılmışdır və bu, belə də olmalıdır. Çünki ABŞ vasitəçidir. Eləcə də digər həmsədrlər tərəf tutmamalıdırlar. Biz çox böyük erməni icmasının təkcə Amerikada deyil, həmçinin Fransa və Rusiyada daxili siyasətə təsirinin olduğunu, çoxlu lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu, indi Azərbaycan əleyhinə var gücü ilə fəaliyyət göstərdiyini və onların göstərə biləcəyi təzyiqin səviyyəsini başa düşürük. Lakin, eyni zamanda, Prezident Trampın açıq siyasəti burada - Azərbaycanda təkcə mənim tərəfimdən deyil, xalqımız tərəfindən də dəstəklənir.
Erməni lobbisinin Amerikada və digər ölkələrdə aktiv fəaliyyəti ilə bağlı da danışan ölkə başçısı vurğuladı ki, biz bilirik, ölkələrin daxili siyasəti var və erməni lobbi təşkilatları fəaliyyət göstərir. Lakin beynəlxalq münasibətlərə aid məsələlərə baxdıqda prinsiplər olmalıdır. Beynəlxalq münasibətlərdə Azərbaycanın beynəlxalq səviyyədə tanınan və Ermənistan tərəfindən işğal olunmuş əraziləri var. İşğala son qoyulmalıdır. Amerikada, Fransada, Rusiyada yaşayan erməniləri, varlı insanları Dağlıq Qarabağdakı ermənilər, onların yoxsulluq içində necə yaşaması maraqlandırmır.
   Sonda cənab Prezident bildirdi ki, ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda da birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq.
Beləliklə, vurğulamaq istərdim ki, Prezident İlham Əliyev müsahibəsində qərəzli suallar səsləndirən, ölkəmizi haqsız yerə  ittiham edən jurnalistə qarşı beynəlxalq hüquqa, onun norma və prinsiplərinə istinad edərək, eyni zamanda, siyasi etika nümayiş etdirirək, səbir və təmkinlə yanaşaraq bütün provokativ sualları dəf etdi. Ekran önündə olan yerli və xarici tamaşaçı Prezidentin müsahibəsini sanki bir futbol matçı kimi izləyirdisə, cənab Prezidentin hər tutarlı cavabı da yeni bir qol funksiyasını yerinə yetirirdi. Aydındır ki, bu suallar da erməni təxribatından irəli gəlir və onların maraqlarına uyğunluq təşkil edir. Buna baxmayaraq ölkə başçısı müsahibədə məkrli suallara qalib gələrək, onların hər birini böyük  məharətlə, səbir və təmkinlə  cavablandırdı. Biz də öz növbəmizdə, ölkəmizə cənab Prezident İlham Əliyev kimi səriştəli diplomat, mahir, səbirli və təmkinli siyasətçi, eyni zamanda, siyasi etika cəhətdən də bütöv və tam şəxsiyyətin rəhbərlik etməsi ilə qürur duyduq. Müzəffər  Ali Baş Komandan nəinki döyüş əməliyyatları zamanı əldə olunan uğurlara rəhbərlik edir, o, həm də bütün siyasi və diplomatik təzyiqlərə sinə gərərək, ölkəmizin maraqlarını informasiya savaşında da ən yüksək səviyyədə dəstəkləyir..

İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər