Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab İlham Əliyev fransız qəzetinin “təxribatı”nın qarşısını da alaraq, ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir

29 oktyabr 2020 | 11:00
Hazırda bütün dünyanın diqqəti Azərbaycanın haqq mübarizəsinə yönəlmiş vəziyyətdədir. Nüfuzlu kütləvi informasiya vasitələrində vaxtaşırı olaraq cəbhədə baş verən hadisələrə geniş yer verilir, müxtəlif siyasi-analitiklər verilişlərdə müzakirələr, təhlillər aparır, milyonlarla auditoriyası olan televiziya kanalları Azərbaycan Prezidentindən xüsusi müsahibələr almağa çalışırlar. Dövlətimizin başçısı xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan dövlətinin prinsipial mövqeyini açıq və qətiyyətli şəkildə ifadə edərək  müharibənin başlamasının əsil səbəbini, hadisələrin gedişatını, Azərbaycanın haqlı davasında tələblərini və gözləntilərini beynəlxalq ictimaiyyətə elan edir. Aydındır ki, bir çox ölkələrdə aktiv fəaliyyət göstərən erməni lobbisinin təsiri ilə hadisələrin gedişatı və mahiyyəti ilə bağlı dezinformasiyalar və şayiələr yayılır. Bunların qarşısının alınması üçün ölkə başçısı tərəfindən verilən  müsahibələr və bəyanatlar olduqca əhəmiyyətli və effektivdir.
Ölkə başçısı ötən günlərdə Fransanın “Figaro” qəzetinə geniş müsahibə verdi.  Müsahibədə cənab Prezident Ermənistanın çirkin siyasətini ifşa edən arqumentləri ilə hərb cəbhəsində olduğu kimi diplomatiya müstəvisində də Ermənistanın məğlubiyyətini növbəti dəfə tuturalı faktlarla ortaya qoydu. Cənab İlham Əliyevin həmin müsahibəsində haqq, ədalət savaşına qalxan müstəqil dövlətimizin Vətən savaşında göstərdiyi iradənin, hökmün bir daha şahidi olduq.
Müsahibə jurnalistin qərəzli mövqedən səsləndirdiyi sual ilə başladı: “Nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”. Cənab İlham Əliyevin cavabı açıq, qəti və tutarlı oldu. Azərbaycan sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməyib, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçib. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur. Bu, üç ay müddətində Ermənistan tərəfindən Azərbaycana qarşı üçüncü hərbi təxribat idi. Daha sonra ölkə başçımız 12-16 iyun tarixlərində Tovuz istiqamətində Ermənistanın hücumu və 23 avqust tarixində  Ermənistan tərəfindən diversiya-kəşfiyyat qrupunun təxribat törətməyə cəhd göstərdiyi barədə məlumat verdi. Əlavə olaraq ölkə başçısı vurğuladı ki, beynəlxalq müşahidəçilərin yekdil rəyi ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı hücum etmişdir. Onlar yeni əraziləri işğal etmək üçün hücuma keçiblər. Onlar Ermənistanla dövlət sərhədindən bir neçə kilometr məsafədə yerləşən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyirdilər. Trans-Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və Azərbaycanı, ola bilsin Avropa istehlakçılarını şantaj etmək idi. Onlara ciddi cavab verildi və geri çəkilməyə məcbur edildilər.
Müsahibədə səsləndirilən ermənilərin bir digər feyk informasiyası isə Gəncədə dinc sakinləri raket atəşinə tutduqlarını gizlətmək üçün yayılan məlumatla bağlı oldu. Beləliklə, jurnalist yenə qərəzli mövqedən çıxış edərək sualını ermənilər tərəfindən yayılan uydurma informasiyaların üzərində qurdu. O bildirdi: Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər.
Ölkə başçısı Ermənistanın Su-25 təyyarəsinin dağa çırpıldığını və onların bunu guya Türkiyə F-16 qırıcı təyyarəsi tərəfindən vurulduğu kimi qələmə verməyə çalışdıqlarını bir daha qeyd etdi. Üstəlik bu hadisə münaqişənin ilk günlərində, sentyabrda baş vermişdir. Lakin onlar oktyabrın 10-da ballistik raketlərlə Gəncəyə hücum ediblər. Ölkə başçısı bir məqamı da xüsusi olaraq qeyd etdi ki, ballistik raket Ermənistan ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Onlar raketin haradan buraxıldığını və raketin hədəfinin nədən ibarət olduğunu bilirlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Onlar Gəncə şəhərində insanların yaşadığı ərazini vurublar. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
İşğal və təcavüz siyasətinə rəğmən dünyaya məsum görünməyə çalışan mənfur qonşularımız hazırda davam edən cəbhədəki toqquşmalarla bağlı yalan informasiyaları tirajlamaqla məşğuldur. Nikol Paşinyanın dəlilsiz, sübutsuz Azərbaycanın Türkiyə vasitəsilə döyüş bölgəsinə terrorçuları cəlb etməsi barədə verdiyi sərsəm bəyanatlardan ölkəmizə qarşı istifadə olunmağa cəhdlər edilir. Bununla bizimlə yanaşı, qardaş Türkiyəni şərləyərək Qarabağ münaqişəsinin həlli prosesindən uzaqlaşdırmaq istəyirlər. Ölkə başçımız cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə xüsusi olaraq bildirmişdir ki, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstək, beynəlxalq hüququn norma və prinsiplərinə dəstək verirlər.
Əlavə olaraq ölkə başçısı bildirdi ki, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur.
Ümumiyyətlə, erməni lobbisinin təsirindən çıxaraq məsələyə obyektiv yanaşdıqda Azərbaycanın əlavə qüvvəyə ehtiyacı olmadığı aydın olur. Çünki, bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Bizim Ermənistana qarşı döyüşəcək əlavə gücə ehtiyacımız yoxdur. Azərbaycanın öz gücü ilə, tək başına cəbhədə irəliləyir.Bizim Ermənistanı məğlub etmək və öz ərazi bütövlüyümüzü bətpa etmək üçün kifayət qədər potensialımız və hərbi gücümüz var. Ermənistanın bu feyk xəbərlərinin əsas məqsədi Azərbaycanı təcavüzkar kimi təqdim etmək və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçündür. Və əlbəttə ki, bu, effektsizdir.
Bu gün hər kəs bilir ki, Ermənistan və havadarları Azərbaycana qarşı yalan və iftiralar yaymaqla erməni cəmiyyətinə ruh verməyə çalışır. Döyüşdə uduzan Ermənistan saxta, yalan “məlumatları”, şayiələri ilə öz cəmiyyətini alçaldır, onun səviyyəsini nümayiş etdirir. Yaşadığımız dövr isə informasiya əsridir və Ermənistan cəmiyyətinin alternativ məlumat almaq imkanları var. Ermənistan cəmiyyəti gec və ya tez övladının özgə torpağında başqalarının marağının təmin olunmasına görə öldüyünü anlayacaqlar. Onlar öz yalanları ilə beynəlxalq ictimaiyyəti də ələ salmağa çalışır. Bu feyk xəbərlər ermənilərə faciə yaşadır.
Jurnalistin ölkə başçımıza verdiyi suallardan biri də Qarabağın gələcəyinə baxışı ilə bağlı oldu. Ölkə başçımızın suala cavabı çox humanist və eyni zamanda da realist oldu. “Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbaycanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın bütün digər yerlərində etdiyimiz kimi, inkişaf etdirməyi planlaşdırdığımız ərazi kimi görürük...... Biz orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün daha yaxşı həyat təmin edə bilərik. Mən əminəm ki, iki millət, iki xalq barışacaq”.
Sonda ölkə başçımız Azərbaycanın dünyəvi dövlət olduğunu və Konstitusiyamıza əsasən dinin dövlətdən ayrı olduğunu bildirdi və əlavə etdi ki, biz öz dinimizə hörmət edirik. Biz Azərbaycanda yaşayan bütün digər millətlərin dinlərinə hörmət edirik. Düşünürəm ki, Azərbaycanda dini harmoniyanın ən yaxşı göstəricisi Roma Katolik Kilsəsinin başçısı, Zati-müqəddəsləri Papa Fransiskin sözləri ola bilər. Bir neçə il bundan əvvəl Bakıda olanda o, ictimaiyyətə bəyanatla çıxış edərək Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqdakı rolunu yüksək qiymətləndirdi. Azərbaycanda müxtəlif dinlərin bütün nümayəndələri, o cümlədən ermənilər sülh və harmoniya şəraitində yaşayırlar. Sonda ölkə başçımız vurğuladı ki, Azərbaycan tolerant, dünyəvi ölkədir və gələcəkdə də belə olmağa davam edəcək.
Müsahibəni izləyən və təhlil edən zaman açıq formada görmək olur ki, “Figaro” qəzetinin müsahibəsində səsləndirilən suallar qərəzli  və təxribat xarakteri daşıyır. Jurnalistin qıcıq yaradan suallarına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən suallar tam adekvat və əsaslandırılmış formada  cavablandırılmaqla yanaşı, həm də  suallarda olan qərəzli mövqe və yanaşmaya münasibət də bildirmişdir. Sözsüz ki, daima öz müsahibələri, canlı debatları və çıxışları ilə səlis natiqlik bacarığını və diplomatik səriştəsini nümayiş etdirən cənab İlham Əliyev fransız qəzetinin “təxribatı”nın qarşısını da alaraq, ölkəmizin haqlı mövqeyini bir daha dünyaya nümayiş etdirmişdir.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər