“Vətən uğrunda” abidə-kompleksində son işlər tamamlanır
Vətənimizin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsi Pirallahı qəsəbəsində inşa edilən “Vətən uğrunda” abidə-kompleksində anılacaq. Xatırladaq ki, Kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxarıdan baxanda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Şəhidlərin şəkilləri həkk olunmuş 18 lövhə abidənin bir hissəsində, 18 lövhə isə o biri hissəsində yerləşdirilib. Abidənin sağ və sol hissəsində öndə Pirallahı rayonunun milli qəhrəmanlarının – Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.
Layihəyə əsasən kompleksin ətrafındakı qanunsuz cəpərlər sökülmüşdür, binaların dam örtükləri dəyişdirilmişdir və hal-hazırda fasad hissələri yenilənir. Həmin sahədə səki daşları düzülmüşdür və qısa müddət ərzində burada asfaltlama işləri aparılacaqdır. Kompleksin ətrafında müasir işıqlandırma sisteminin yaradılması məqsədilə müəyyən tədbirlər görülür. İşıq dirəkləri goymaq uçün betonlama işləri aparılmışdır.
Pirallahıda hazırda Polis şöbəsinin yeni inzibati binasının inşası, 28-ci məhəllənin abadlaşdırılması və asfalt döşənməsinə başlanması, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında əsaslı təmirdən sonra avadanlıqların quraşdırılması, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi, Qala qəsəbəsindən Pirallahıya müasir avtomobil yolunun çəkilişi istiqamətində geniş miqyaslı işlər sürətlə davam edir.