Şriftin ölçüsü :

Saytın rəngi :

Bugün tarixi ədaləti bərpa etməyənləri nə tarix, nə də beynəlxalq hüquq bağışlamayacaq

29 oktyabr 2020 | 11:00
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir. Son günlər cəbhə xəttində baş verən hadisələr bir daha sübut etdi ki, Silahlı Qüvvələrimiz mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Bugün haqq mübarizəmizin başlamasından təqribən bir ay keçdikdən sonra əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan həqiqətən də Qafqazın ən güclü ordusuna malikdir. Bir aylıq müddətdə dörd şəhərimiz, 150-dən çox kəndimiz və bir çox strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olunmuşdur. Bu, Azərbaycan Ordusunun və Ali Baş Komandanın böyük uğurudur.
Düşmən isə yenə öz xislətinə uyğun davranaraq cəbhədə uduzduqlarını mülki əhaliyə atəş açaraq qazanmağa çalışır. Beləliklə, mənfur düşmən işğalçılıq əməllərini cəbhə zonasına aid olmayan yaşayış məskənlərini artilleriya atəşinə tutmaqla, cəbhə xəttində baş verənlərlə bağlı dezinformasiyalar yaymaqla davam etdirir. Döyüş meydanında yaralı və xeyli sayda meyidlərini atıb qaçan düşmənə Moskvada 3 ölkənin xarici işlər nazirlərinin görüşündə əldə olunan humanitar atəşkəs rejiminə uyğun olaraq cəbhə xəttində müvəqqəti olaraq meyidlərini götürmək üçün şans verildi. Amma düşmən burada da öz namərdliyini bir daha göstərdi və atəşkəs rejimindən sui-istifadə etdi. Oktyabrın 10-da birinci atəşkəs rejiminin başlamasından saatlar sonra Ermənistan öz ərazisindən Gəncəni vurdu. Mülki insanların raket atəşinə tutulması nəticəsində 9 vətəndaşımız həlak oldu, 40 yaxını isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Daha sonra 17 oktyabr tarixində ikinci atəşkəs rejimindən dərhal sonra Ermənistan yenidən Gəncəyə ballistik raketlə hücum etdi. Təəssüf ki, bu hücumda itkimiz daha çox oldu: 14 ölü, 50-dən çox yaralı yaralı. Təəssüf ki, bu hücumlar Gəncə ilə məhdudlaşmadı. 27 və 28 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atılması və nəticədə 25 nəfərin həlak olması, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi erməni xslətinin növbəti təzahürü oldu. Ermənilərin hücumları nəticəsində həlak olanlar içərisində azyaşlı uşaqlar və qadınlar da var. Bu isə düşmənin eynən Xocalıdakı olduğu kimi qadın, uşaq, yaşlı demədən Soyqırıma hazır olduğunu bir daha sübut etdi. Çirkin erməni xisləti 1990-cı illərin əvvəllərindən bəri hələ də dəyişməyib.
Maraqlı məqamlardan biri də odur ki, atəşkəs təşəbbüsləri Ermənistan tərəfindən gəlsə də, atəşkəs razılaşmasını pozanda məhz Ermənistan tərəfidir. Xatırladaq ki, 26 oktyabr  səhər saatlarından etibarən üçüncü humanitar atəşkəs rejimi elan olundu və Ermənistan ənənəsinə sadiq qalaraq bu dəfə də atəşkəsi pozdu. Deməli, Ermənistan üçün bu atəşkəslər faktiki olaraq əhəmiyyətsizdir. Onlar atəşkəsi sadəcə qəfil hücum etmək üçün vasitə olaraq görürlər.
Əfsuslar olsun ki, son 30 ildə BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələrinə və digər beynəlxalq təşkilatların çıxardığı qərarlara məhəl qoymayan Ermənistana beynəlxalq qurumlar tərəfindən lazımi təzyiq göstərilmir. Hətta belə demək mümkündür ki, bəzi ölkələr Ermənistanı müxtəlif şəkillərdə dəstəkləyirlər də. Bu, dünyada beynəlxalq hüquqa olan inamı azaltmaqla yanaşı, həm də ədalət anlayışına ola güvəni məhv edir. Əminliklə deyə bilərik ki, terrorçu xislətli bir ölkənin açıq-aşkar şəkildə müdafiə olunması yaxşı heç nəyə gətirib-çıxara bilməz.
Azərbaycan xalqı tərəfindən ən böyük narazıçılığa səbəb olan hadisələrdən biri də Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində vasitəçi rolunu oynayan, münaqişənin danışıqlar yolu ilə həllində məsuliyyət daşıyan ölkələrin özlərinin belə  təcavüzkar ölkəyə dəstək olmağa və onu düşdüyü vəziyyətdən çıxarmağa çalışmasıdır. Minsk qrupunun üzvlərindən Fransa açıq şəkildə ermənipərəst mövqe tutur, parlamenti erməni soyqırımını tanıyır, ölkədə islamofobiya və türkofobiya dövlət siyasəti səviyyəsinə   qaldırılıb, son hadisələr zamanı isə erməni feykləri beynəlxalq gündəmə Fransa prezidenti vasitəsilə gətirilib. Rusiya Ermənistanı silahlandırır, hətta atəşkəs vaxtı belə təcavüzkarı silahlandırmaqda davam edir. ABŞ uzun illər Dağlıq Qarabağdakı işğalçı rejimə birbaşa yardımlar ayırıb, prezidentliyə namizədlər  ABŞ-dakı erməni əsilli seçicilərin maraqlarını ABŞ-ın regiondakı maraqlarından üstün tutur. Beləliklə, heç bir həmsədr Azərbaycana qarşı qərəzsiz  deyil. Bu, qəbul edilməzdir. Vasitəçi neytral olmalıdır. Ölkə başçısı, Minsk qrupunun fəaliyyəti və vasitəçi ölkələrlə bağlı 26 oktyabr tarixli xalqa müraciətində tənqidi fikirlər səsləndirmişdir. Ölkə başçısı demişdir: “Nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz....... Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi. Ona görə, Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz”.
Beləliklə, hər kəs asanlıqla müşahidə edə bilər ki, Minsk qrupu işğalçıya təzyiq etməyib ya da etmək istəməyib. Çünki, onlar istəsəydi məsələ qeyd-şərtsiz həll olunardı. Bu gün də onlar dəstək verməsələr Ermənistan maksimum bir neçə gün ərzində təslim olar və torpaqlarımızı boşaldar. Ermənistanın Azərbaycan qarşısında dayanacaq gücü yoxdur. Bu faktdır, reallıqdır. 28 il ərzində danışıqların imitasiyası olub. Bununla Azərbaycanı vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də hesablaşmalısınız. Bu gün də öz torpaqlarını işğalçılardan azad etməyə başlayan  Azərbaycana böyük təzyiq göstərirlər. Amma bunlar yersizdir. Azərbaycan nə olsa da öz haqq mübarizəsindən dönməyəcək.
Bir daha vurğulamağı lazım bilirəm ki, 1993-cü ildə yekdilliklə qəbul edilmiş, hər üç həmsədr ölkənin lehinə səs verdiyi  qətnamələrin icrası şərtdir. Azərbaycanın tək istəyi beynəlxalq hüququn bərpa olunmasıdır. Amma görünən odur ki, bir çox ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdənsə, ölkələrində olan erməni lobbisinin dəstəyini almaq üçün bütün beynəlxalq hüquq qanunlarını, ədaləti heçə sayaraq, şəxsi mənafelərini üstün tutur və Ermənistanın yanında yer alırlar. Əminik ki, nə tarix, nə də beynəlxalq hüquq bunu bağışlamayacaq.                          
ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bağlı bir  məsələni də vurğulamaq yerinə düşər. Belə ki, 19 oktyabr 2020-ci il tarixdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanıb və razılaşdırılması üçün üzv ölkələr arasında yayılıb. Lakin məlum olub ki, bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almayıb. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə (İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin) layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbuledilməz  olduğunu bildiriblər. Həmsədr ölkələr tərəfindən bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq, QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Yalnız bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkib. Qoşulmama Hərəkatının verdiyi bu dəstək Azərbaycanın müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq etməsinin, çoxvektorlu diplomatiyasının effektivliyini də sübut etdi. Eyni zamanda göründü ki, əsasən Qərbin dominantlığı ilə yaranmış müasir dünya nizamı əbədi deyil, dünya 5-dən daha böyükdür. Bununla bağlı ölkə başçısı da xalqa müraciətində qəti mövqeyini bildirmişdir: Minsk qrupunun həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırırlar. Bir dəfə artıq bunu etmişdilər. Orada qəbul edilmiş sənəd görünür ki, onları qane etmədi. Bu dəfə də bir neçə gün bundan əvvəl biz yeni sənədin ortaya çıxmasını gördük, xəbər tutduq. Dərhal biz hərəkətə keçdik və bu sənədin qəbul edilməsinə imkan vermədik. Baxmayaraq ki, üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasına üzv olan digər ölkələrə böyük təzyiqlər edirdi.
Nə idi bunun məqsədi? Məqsədi çox aydındır, 1993-cü ildə erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması barədə qəbul edilmiş qətnamələr kölgədə qalsın, onlar arxada qalsın, onlar ya qüvvədən düşsün, ya da ki, öz əhəmiyyətini itirsin. Bu idi məqsəd. Bu, nə dərəcədə ədalətlidir? Biz yenə də işğalçıya dəstək göstərilməsi cəhdini gördük. Amma nə oldu nəticədə? Keçmədi. Necə keçmədi? Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi buna imkan vermədilər, bizə dəstək göstərdilər, sağ olsunlar. Baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma durdular kişi kimi bizim arxamızda, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya 5-dən böyükdür. Tam haqlıdır.
Beləliklə, sentyabr ayının 27-dən etibarən başlanan əks-hücum əməliyyatları nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri daxil olmaqla xeyli sayda kənd, qəsəbə və yaşayış məskəni ilə yanaşı strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi Azərbaycanın gücünü sübut etmək üçün kifayətdir. Azərbaycan cəbhədə tək olsa da, onun gücü düşməni torpaqlarından çıxarmaq üçün yetərlidir. Beləliklə, biz mütləq tarixi ədaləti bərpa edəcəyik. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək ordumuza dəstək olan xalqımız Qarabağımızın işğaldan azad olunması gününün tezliklə baş tutacağına tam əmindir. 30 il düşmən tapdağı altında qalan Azərbaycanın mədəniyyət mərkəzi sayılan Şuşa və Qarabağımıza, digər işğaldan azad olunan torpaqlarımıza yenidən həyat bəxş olunacaq. 30 il yurd həsrətində yaşayan soydaşlarımız öz ata-baba yurdlarına dönəcəklər. XVIII əsrin sonlarında yaranmış Qarabağ xanlığı dövründə olduğu kimi  Qarabağ əhalisi yenə də əkinçilik və maldarlıqla məşğul olacaq.  Neçə əsrlər boyu dünyada şöhrət tapan Qarabağ xalçaçılıq sənəti, toxuculuq, sənətkarlıq inkişaf etdiriləcək. Tezliklə Şuşamızda, Qarabağımızda "Qarabağ şikəstəsi"ni dinləyəcəyik. Təkcə gözəl təbiəti, füsunkar gözəlliyi, zəngin təbii sərvətləri ilə deyil,  torpaq uğrunda canından keçməyə hazır olan igid, mərd oğulları ilə tanınan xalqımız tezliklə bu günə qovuşacağına inanır.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər