Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəkarıdır

01 noyabr 2020 | 11:00
Son 27 ildə atəşkəs rejimi dövründə dəfələrlə hərbi təxribatlarla, Azərbaycanı müharibə ilə təhdid etməklə danışıqlar prosesini pozmağa çalışan Ermənistan hər dəfə layiqli cavabını almışdır. Beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar əməllərinə görə qınaq obyektinə çevrilməyən düşmən get-gedə daha da azğınlaşaraq hərbi təxribatlarla yanaşı yeni ərazi iddiaları ilə çıxış etməyə də cəhd etdi. İyul ayında Ermənistan ərazisindən cəbhə zonasına aid olmayan Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədi pozularaq artilleriya zərbələri endirildi. Nəticədə hərbçilərimizlə yanaşı bir mülki şəxs də həlak oldu. Qısa vaxt ərzində adekvat cavab alan düşmən  geri çəkilməyə məcbur edildi. Amma bu da ona dərs olmadı və mənfur düşmən avqust ayında ölkəmizə diversiya qrupu göndərdi. Diversiya qrupunun hərbçilərimiz tərəfindən saxlanılmış rəhbəri etiraf etdi ki, Azərbaycan ərazilərinə soxulmaqda məqsəd terror aktları törətməkdir. Sentyabr ayının 27-də Ermənistan yenidən hücuma keçməyə cəhd edərək müxtəlif istiqamətlərdə Ordumuzun mövqelərini və mülki vətəndaşları artilleriya atəşinə tutdu. Hərbi hücumların qarşısını almaq məqsədilə Azərbaycan geniş əks-hücum əməliyyatlarına başladı. Artıq bir aydan çoxdur ki davam edən əks-hücum əməliyyatları Ordumuzun üstünlüyü şəraitində davam edir. Bu müddətdə  dörd şəhər, üç qəsəbə, 185 kənd və Murovdağ zirvəsi kimi vacib strateji yüksəkliklər işğaldan azad olunub. Əməliyyatlar davam etdirilir.
Burada Azərbaycan əsgərinin döyüş ruhunu, əzmini xüsusi olaraq qeyd etmək lazımdır. Sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatlarının elə ilk günündə 8 kəndi işğaldan azad etməklə Azərbaycan ordusu gücünü sübut etdi və Ermənistanın uzun illər boyu öz orduları barətdə uydurduqları “məğlubedilməzlik” barədə miflərini darmadağın etdi.
Təkcə döyüş meydanında deyil, siyasi arenada da uduzan Ermənistanın beynəlxalq arenada ifşa olunması barədə oktyabr ayının 28-də Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsi zamanı Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir: Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir.
Döyüş meydanında ağır məğlubiyyətlərindən yaxa qurtarmaq üçün yalvarışlar və havadarlarının vasitəçiliyi ilə humanitar atəşkəs haqda razılaşan Ermənistan hər 3 atəşkəs rejiminin elə ilk dəqiqələrindən hərbi təxribatlarını dayanmadan davam etdirdi. Mülki əhalini qadağan olunmuş raketlərlə hədəfə almaq isə sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır. Bu isə bir daha göstərir ki, rəsmi İrəvan hərbi cinayətkardır. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin əsl siması.
Bütün bu terror aktları ilə də Azərbaycan xalqının iradəsini sındıra bilməyən Ermənistan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Bu, ermənilərin dövlət siyasətinin təməlidir.
Tarixən bu siyasətlə ermənilər xalqımıza qarşı törətdikləri soyqırımlara, qətlamlara, ərazi iddialarına görə cəzadan kənarda qalıblar. Xəstə təfəkkürlü  Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər.
2019-cu ildən bəri Ermənistan baş naziri Paşinyanın siyasəti isə təkcə Azərbaycan üçün deyil, Ermənistanın  suverenliyinə də təhlükələr yaradır. Onun düşünülməmiş, yersiz bəyanatları və qərarları erməni xalqının iç üzünü dünyaya göstərdi. Paşinyanın Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiya təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərini Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürmək kimi iddiaları Azərbaycana qarşı açıq təxribatdır, bu, eyni zamanda da Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edən məntiqsiz addımlardır.
Tarix boyu bir dövlətin, xalqın digərinə qarşı ərazi iddiaları ilə çıxış etməsi, müharibələr törətməsi, müəyyən ərazilərin bir dövlətin tərkibindən digərinə keçməsi barədə çoxlu faktlara rast gələ bilərik. Lakin tarixin hər bir dövründə Azərbaycan və Dağlıq Qarabağ anlamı bir yerdə olmuşdur. İki əsr əvvəl müqavilə əsasında parçalanan Azərbaycanın tərkibində Dağlıq Qarabağa rast gələ bilərik. Çar imperiyası dövründə, Sovetlər birliyinin tərkibində olduğumuz vaxtlarda da Qarabağ Azərbaycanın tərkib hissəsi olmuşdur. Kürəkçay müqaviləsinə qədər isə həmin ərazilərdə ümumiyyətlə ermənilərin bu ərazilərdə yaşaması barədə heç bir fakta rast gəlinmir. Prezident İlham Əliyev Qarabağın gələcək taleyi barədə müsahibəsində vurğulamışdır ki, - “Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır”.
Azərbaycan müharibələrin, qan tökülməsinin əleyhdarı kimi daim münaqişənin dinc yolla həlli üçün səbirlə dözümlülük nümayiş etdirmişdir. Burada Ermənistana beynəlxalq ictimaiyyətin və təşkilatların, iri dövlətlərin də təsiri lazımdır. Münaqişənin dinc yolla həlli istiqamətində yaradılmış ATƏT-in Minsk qrupu özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Son hadisələr zamanı Fransanın birtərəfli mövqe tutaraq Ermənistanın hərbi təxribatlarına, təcavüzkar əməllərinə dəstək olması həmsədr ölkə kimi nüfuzunu aşağı saldı.
Münaqişənin həlli regiona sülh iə yanaşı sürətli inkişaf gətirəcəkdir. İqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl ölkələrindən olan Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən  40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək.
Regionda Türkiyə və Rusiyanın yaxınlaşmasını strateji əhəmiyyət daşıdığını qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki,  Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalmasının əbədiləşdirilməsinə imkan verməyəcək. Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır. 


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər