Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ münaqişənin nizamlanmasında irəliləyiş olması üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır

02 noyabr 2020 | 11:00
Sentyabrın 27-dən bu günə kimi cəbhədə baş verən hadisələr Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Ordumuz əks-hücum əməliyyatları keçirərək işğal altında olan beş rayonumuzun böyük bir hissəsini işğalçılardan azad edib. Həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır.
Müharibənin başlamasının 6-cı həftəsinə keçərkən əldə etdiyimiz uğurlar kifayət qədər böyükdür. Cəbhədə Ordumuzun qeyd-şərtsiz üstünlüyü var. Məsələ artıq o yerdədir ki, Ermənistan tərəfinin özü də Azərbaycanın üstünlüyünü etiraf etmək məcburiyyətində  qalıb. Dağlıq Qarabağın separatçı, quldur rejiminin “rəhbəri” Araik Arutyunyan Ordumuzun Şuşanın beş kilometrliyində olduğunu bildirib. Beləliklə, Ermənistan tərəfi artıq çox böyük bir səhv etdiyini anlayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın müxtəlif ölkələrin başçılarına ara vermədən telefon zəngləri etməsi də bunun göstəricisidir. Onun bu əməlləri sosial şəbəkələrdə də gülüş obyektinə çevrilib. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.
Müharibə cəbhədə olduğu qədər informasiya müstəvisində də aparılır. Ölkə başçısı demək olar ki, hər gün dünyanın müxtəlif reytinqli televiziya kanallarına və qəzetlərinə müsahibələr verir.  Dövlətimizin başçısı İlham Əliyevin hər bir müsahibəsi, xalqa müraciətləri Qarabağ tarixinin, münaqişənin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin  Rusiyanın İnterfaks agentliyinə müsahibəsi də bu baxımdan xüsusi diqqət çəkir. Müsahibəsində Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar deməsi bütün dünyaya verilən bir ismarıcdır.
Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibəsində danışıqlar prosesinin son bir ildə dayandığını bildirmiş və bunun  1994-cü il atəşkəs anından sonra ilk dəfə olduğunu bildirmişdir. Ölkə başçısı vurğulamışdır ki, səmərəlilik, nəticəlilik baxımından, Minsk qrupu özünü doğrultmadı. Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır.
Ölkə başçısı bildirmişdir ki, Qarabağ münaqişənin nizamlanmasında irəliləyiş olması üçün Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.
Ali Baş Komandan müsahibəsində işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər barədə geniş məlumat verərək bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır.  Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.
Ermənistan Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın bir müddətdə işğal altında saxlayıb və həmin ərazilərdə talançılıq əməlləri ilə məşğul olub. Təbii sərvətlər qanunsuz şəkildə mənimsənilib, Azərbaycanın tarixi abidələri məhv edilib. Ermənistan Azərbaycana qarşı çoxsaylı terror aktları törədib. Ötən müddət ərzində Ermənistanda elə bir təsəvvür formalaşıb ki, Azərbaycan 90-cı illərin Azərbaycanıdır, bunlar da əbədi olaraq öz talançılıq, işğalçılıq siyasətlərini davam etdirəcəklər. Azərbaycan son 17 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uğurlu siyasət nəticəsində inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Zamanla obyektiv mövqeli beynəlxalq təşkilatlar da Azərbaycanın inkişaf edən və güclənən bir ölkə olmasını öz hesabatlarında qeyd ediblər və xalqımız da ölkəmizin inkişafını öz gündəlik həyatında hiss edib. Münaqişənin həlli də regionun sürətli inkişafına səbəb olacaqdır.
Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər