Şriftin ölçüsü :

Saytın rəngi :

Qərəzli sualların layiqli cavabları

03 noyabr 2020 | 11:00

Dağlıq Qarabağ və ətraf  7 rayonumuz artıq 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında idi. Bu il Ermənistanın ölkəmizə qarşı ardıcıl üçüncü təxribatından sonra Silahlı Qüvvələrimiz Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Əməliyyatlar artıq bir aydan çoxdur ki, davam edir. Ötən müddət ərzində şanlı Ordumuzun əks-hücum əməliyyatlarını uğurla həyata keçirməsi və torpaqlarımızın xeyli hissəsini işğalçılardan təmizləməsi bir daha təsdiq etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tarixi ədalətin və beynəlxalq hüququn təmin olunmasında israrlıdır və bunu öz gücü ilə reallaşdırmaq iqtidarındadır.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etmişdi: 822,853,874 və 884 nömrəli qətnamələr. Bu qətnamələrin hər biri imperativ xarakterli olmaqla icrası məcburidir. Qətnamələrdə Azərbaycan ərazilərinin işğal olunduğu təsbit edilir və işğalçı Ermənistandan tələb olunur ki, bu əraziləri dərhal, tam və qeyd-şərtsiz, yəni heç bir şərt irəli sürmədən tərk etsin. Ancaq Ermənistan illərdir ki, qətnamələrə nəinki əməl etmir, onlara heç məhəl də qoymur. Üstəlik, Ermənistanın işğal faktı ilə bağlı qəbul olunan tək qətnamələr bunlar deyil. Eyni zamanda Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul etmişdir. Beləliklə, münaqişənin həlli üçün kifayət qədər hüquqi baza var. Hüquqi baza, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmasının muxtar şəkildə birgə yaşayışını nəzərdə tutur. Bu yanaşma tərəflər arasında münasibətlərin normal axara düşməsinə və sülhə nail olunmasına imkan verən əsas çərçivə idi. Amma təəssüf ki, illərdir danışıqlar aparılsa da heç bir nəticə əldə olunmadı. Danışıqlar imitasiya xarakterli olmaqdan qabağa keçə bilmədi. Ermənistan BMT qətnamələrinə məhəl qoymadığı kimi, danışıqlarda da imitasiya yolunu seçdi, bu illər ərzində yalnız status-kvo vəziyyətinin saxlanılmasına çalışdı. Ancaq əlbəttə ki, Azərbaycan üçün status-kvo qəbul edilməzdir. Ölkə başçısı çıxışlarında dəfələrlə bunu vurğulamış, münaqişənin həlli üçün beynəlxalq təşkilatları məsuliyyətə dəvət etmişdi. Bütün cəhdlərə, Azərbaycanın illərdir ki, təcavüzə, etnik təmizləməyə  məruz qalmasına rəğmən səbir göstərməsinə, münaqişənin qan tökmədən, sülh yolu ilə həlli üçün səy göstərməsinə baxmayaraq Ermənistanın qeyri-konstruktiv mövqe göstərməsi hərbi toqquşmaları qaçılmaz etdi. Artıq bir aydan çoxdur ki, Silahlı Qüvvələrimiz dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə bərpa edə bilmədiyi ədaləti cəbhədə bərpa edir, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini həyata keçirir. Belə ki, Azərbaycan Ordusu artıq 28 ildir kağız üzərində qalan BMT-nin 874 və 884 nömrəli qətnamələrini özü icra edərək Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan şəhərlərini işğaldan azad edib. Yəqin ki, bunun  üçün BMT-nin özü bizə təşəkkür etməli, illərdir ki, icrasında “çətinlik” çəkdikləri qətnamələrin bizim tərəfimizdən həyata keçirilməsi üçün minnətdar olmalıdır.
Beləliklə, Azərbaycan  hazırda tarixi ədaləti bərpa etmək üçün haqq mübarizəsi aparır. Bu mübarizə sadəcə ərazi bütövlüyümüzün bərpa edilməsi ilə əlaqəli deyil. Bu həm də milli qürurun, ədalətin, hüququn mübarizəsidir. İllərdir göz yumulan insan haqlarının mübarizəsidir. Burada əsil maraqlı olan budur ki, böyük dövlətlər tərəfindən lazım gələndə əllərində bayraq olunan insan haqları məsələsi Qarabağda ümumiyyətlə nəzərə alınmır ya da göz ardı edilir. Axı, Qarabağın  işğalı, milyonlarla insanın haqlarının pozulması faktı idi.
Təəssüf ki, ölkəmizə qarşı qərəzli yanaşma sadəcə bununla da məhdudlaşmır. İnformasiya müstəvisində də vaxtaşırı olaraq qərəzli yanaşmalara şahid oluruq. Ölkə başçımız hələ münaqişənin ilk günlərindən etibarən demək olar ki hər gün dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə müsahibələr verərək münaqişənin düzgün işıqlandırılmasına, Azərbaycanin mövqeyinin ədalətli olaraq dünyaya çatdırılmasına çalışır. Bu sahədə uğurlarımız da var. Amma nədənsə hələ də Prezidentimizlə müsahibəyə gələn bəzi  jurnalistlər sanki reallıqdan xəbərsizmiş kimi, ya da ümumiyyətlə məsələ ilə bağlı heç bir təsəvvürü yoxmuş kimi suallar səsləndirir. Əlbəttə ki, bu jurnalistlərin münaqişədən xəbəri olmaması praktiki olaraq  mümkünsüzdür. Bu sadəcə maraqlar məsələsidir. Bu suallar kimlərinsə maraqlarına xidmət edən suallardır. Ölkə başçımızın suallara cavabı isə bir qayda olaraq peşəkar və adekvat olur. Cənab İlham Əliyev  hər bir cavabında qərəzli mövqe nümayiş etdirən jurnalistlərə tarix və diplomatiya dərsi keçir, onlara layiqli cavablar verərək geri çəkilməyə məcbur edir. Beləliklə, Qərb jurnalistləri ilə müsahibələrdə Prezident tam bir master-klass keçir.
Cənab İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Müsahibənin elə ilk dəqiqələrindən jurnalistin obyektivlikdən uzaq, qərəzli yanaşması diqqət çəkib. Belə ki, müsahibə zamanı açıq şəkildə hiss olunurdu ki, suallar qabaqcadan hazırlanıb və əksəriyyəti münaqişəyə, müharibənin başlanma səbəblərinə aid deyil. Bu suallar hansısa qərəzli, ermənipərəst qüvvələrin ölkəmiz haqqında hazırladıqları yalan, şər- böhtanla dolu ənənəvi hesabatlardan fərqlənmirdi. Dövlətimizin başçısı təmkinini pozmadan həmin suallara dürüst və rəqibin ürəyinə sancılacaq ox kimi sərrast cavablar verib. Sualların və cavabların bir qisminə diqqət yetirək.
Jurnalistin ilk sualı artıq dəfələrlə ölkə başçımız tərəfindən cavablandırılan, kimin birinci atəşi açması ilə bağlı oldu. Suala cavab açıq və qəti oldu. “Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi”. Ölkə başçımız daha sonra Tovuz istiqamətində gedən döyüşlərdən və erməni diversiya qrupunun təxribat məqsədi ilə Azərbaycana keçməsindən və onların Ordumuz tərəfindən ələ keçirilməsindən bəhs edərək münaqişənin başlama tarixi ilə bağlı dolğun məlumat verdi. Beləliklə də ARD televiziya kanalının tamaşaçılarına hazırda münaqişənin gedişatında baş verənlərlə bağlı əsas məqamlar Prezident tərəfindən təqdim olundu.
Müsahibənin gedişində 3 humanitar atəşkəsin elan edildiyi bildirildi. Prezident öz nitqində qeyd edir: “...bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur”. Jurnalist cavabında - onlar da eyni sözləri deyirlər- deyərək ölkə başçısının cavabını sual altına almağa cəhd etdi amma cənab İlham Əliyev Ermənistanın atəşkəsi pozduğunu faktlarla ortaya qoydu və bildirdi ki, “Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik”.
Jurnalistin daha bir qərəzli yanaşması isə Dağlıq Qarabağın Azərbaycan üçün olan önəmi ilə bağlı fikirləri oldu. Jurnalist Qarabağın önəmini orada olabiləcək resurslarla əlaqələndirərək məsələnin mahiyyətini tamamilə fərqli istiqamətətə çəkməyə cəhd göstərdi. Amma ölkə başçımız cavabı ilə jurnalisti sözün əsl mənasında mat etdi. Dövlətimizin başçısı jurnalistə yaxın və doğma olan torpaqları sadalamaqla, Qarabağın Azərbaycan xalqına necə doğma olduğunu aydın şəkildə izah etdi. “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik”. Cənab Prezident bu cavabı ilə göstərdi ki, Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, ancaq Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər.
Jurnalistin bəlkə düşünmədən, bəlkə də “çox düşünərək” verdiyi suallardan biri də ermənilərin tarixən bu torpaqlarda yaşaması ilə bağlı oldu. Jurnalist “dünya üzrə əksər tarixçi”lərin qeydlərinə istinad edərək sübut etməyə çalışdı ki, ermənilər tarix boyu Qarabağda yaşayıblar. Amma ölkə başçısının cavabı açıq, qəti və tarixə əsaslanmış formada oldu. Cənab Prezident ilk olaraq vurğuladı ki, “Dünya üzrə əksər tarixçilər” ifadəsi yanlışdır,  çünki, bəzən tarix siyasi üstünlüklərlə motivasiya olunur. Daha sonra ölkə başçısı jurnalistin hətta internetdə belə tapa biləcəyi və doğruluğuna heç bir şübhə olmayan tarixi sənədlərə-müqavilələrə istinad edərək bildirdi ki, ermənilər Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. Bu sazişlərdə ermənilər qeyd olunmur.  Əgər onlara orada yaşayırdılarsa niyə onlarla bağlı heç bir qeyd belə yoxdur? Sitat: “Həmin sənədlərə baxın, internetdə var və siz görə bilərsiniz. Əgər siz erməni əhali ilə bağlı hər hansı qeyd tapsanız, deyərsiniz ki, mən səhv edirəm. Beləliklə, bu, belə olub”. Ermənilər Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər. Ölkə başçısı onu da vurğuladı ki, əgər ermənilər qədimdən bəri orada yaşayıbsa niyə Dağlıq Qarabağın qondarma paytaxtı hansısa qədim erməni adı ilə deyil, Stepanakert adlandırılır. Erməni əsilli rus bolşeviki Stepan Şaumyan 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş cinayətkar dəstənin rəhbəri idi. Əgər bu, qədim Ermənistan ərazisi idisə, niyə Qarabağ adlandırılır? Niyə paytaxt şəhər hansısa qədim adla deyil, Stepanakert adlanır? Çünki onlar orada cəmi 200 il yaşayıblar.
Həmçinin jurnalist Türkiyənin münaqişədəki rolu ilə bağlı sual verdi və əlavə etdi ki, burada  türk əsgərlərini görüb və onlarla söhbət edib. Jurnalistin bu qeydinə cavab olaraq Prezident burada, Bakıda, hətta alman əsgərlərini görə biləcəyini bildirdi və bunun cəbhədə vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğuladı. Qeyd edək ki, cəbhədə əməliyyatlar başladığı ilk günlərdən bəri Prezident İlham Əliyevin bütün müsahibələrində türk ordusu və “F-16” təyyarələri mövzusu hallandırılır. Artıq bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi tam əks olunub. Türkiyənin müharibəyə cəlb olunması mövzusu tamamilə absurddur. Türk əsgərləri Azərbaycanda ola bilər amma onlar ölkəmizə sadəcə təlim məqsədi ilə gəlib. Bu bilinən faktdır ki, iki qardaş ölkə Azərbaycan və Türkiyə hər zaman birgə hərbi təlimlər həyata keçirir. Qısacası, döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricilər jurnalistin iddia etdiyi kimi Azərbaycan tərəfindən Ermənistana qarşı döyüşən əsgər deyil, onlar sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlərdir. Belə iddiaların hələ də səsləndirilməsi isə Qərb mediasının bir çox hallarda erməni feykləri ilə işləməsinin nəticəsidir.
Müsahibənin sonlarına doğru müxbir Prezident İlham Əliyevdən ATƏT-in Minsk qrupuna qulaq asıb-asılmaması ilə bağlı soruşur. Burada isə dövlətimizin başçısı hər zaman olduğu kimi, qətiyyətli və konkret cavabını ortaya qoyur: “Mən hər bir tərəfdaşa qulaq asıram. Lakin bu, mənim qulaq asdıqdan sonra nə etməyimdən asılıdır. Lakin mən qulaq asıram”. Beləliklə, Azərbaycan Prezidenti bildirir ki, qulaq asmaqdan asılı olmayaraq, qərarlar milli mövqedən irəli gələrək, özü tərəfindən verilir.
Prezident İlham Əliyevin ARD televiziyasına müsahibəsini təhlil edən zaman bir daha şahid oluruq ki, dövlətimizin başçısının möhtəşəm natiqlik bacarığı ilə təxribatçı və qərəzli mövqe sərgiləyən müxbir müsahibənin gedişatında artıq sorğu edən mövqedən cavab verən mövqeyinə doğru keçid etməyə məcbur olur. Azərbaycan Prezidentinin siyasi hazırcavablığı və tarix biliyi bu müsahibədə birbaşa aparıcı rol oynayıb. Bu müsahibəsi ilə cənab İlham Əliyev nəinki alman jurnalistinə, eyni zamanda, onun fikrində olan həmkarlarına da “master- klas” keçdi.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər