Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbə nümayəndəliyi hesabat verdi

18 yanvar 2014 | 11:00
 Pirallahı qəsəbəsindəki Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında Pirallahı  rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş və Pirallahı rayonunun rəhbərliyi, təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil işçiləri, iş adamları, ziyalılar, Ağsaqqallar Şurasının üzvləri, Pirallahı-Gürgan Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açılmış, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olunmuş və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
 Hesabat məruzəsi ilə çıxış eədən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev bildirdi ki, ötən il Dövlət Proqramına əsasən tam əsaslı təmirə dayanmış 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Yenə də Dövlət Proqramına uyğun olaraq 168 N-li tam orta məktəbin əsaslı təmirinə başlanmışdır. “Nümunəvi məhəllə” layihəsi uğurla davam etdirilmiş və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılmışdır. S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən “xeyir-şər” evləri əsaslı təmir olunaraq qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. 29-cu  və  40-cı məhəllədəki “xeyir-şər” evləri yenidən qurularaq, eləcə də Kamil Rzayev küçəsindəki tikintisi yarımçıq qalmış “xeyir-şər” evi yenidən tikiləlrək sakinlərin istifadəsinə verilməsi üçün  son tamamlama işlər görülür. Məhəllə arası yollara asvalt döşənmiş, yeni işıqlanma sistemi yaradılmış, yaşıllıq zolaqları salınmış, ağaclar əkilmişdir. Binalar arasında sakinlər  üçün  istirahət köşkləri, uşaqlar üçün atraksionlar quraşdırılmışdır. Mütəmadi olaraq Mənzil İstismar Sahəsinin və Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir.
 Yığıncaqda çıxış edən Piallahı rayon İcra Hakimiyyətinin başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəzir Səfixanov Azərbaycan Respublikası Prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Piallahı qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışdı. V.Səfixanov  keçən il dövlət başçısının Fərmanı ilə yaradılmış rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi. Bildirildi ki, RİH tərəfindən görülən işlərdən əlavə “Nümunəvi məhəllə” layihəsi çərsivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni inzibati binalar və sosial yönümlü obyektlər inşa ediləcəkdir. Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidənqurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.
 Yığıncağında dinlənilən hesabata iştirakçılar tərəfindən münasibət bildirildi və sonda toplantının qərarı ilə Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının Pirallahı  qəsəbəsindəki nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər hesabat nəzərə alınaraq  qənaətbəxş hesab olundu.
Keçidlər