Şriftin ölçüsü :

Saytın rəngi :

İşğalçı erməni qoşunlarını əzib, diz çökdürüb qələbəyə doğru inamla gedən Azərbaycan tərəfinin artıq öz şərtləri vardır

05 noyabr 2020 | 11:00
Bu artıq təsdiq edimiş bir faktdır ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü xarakterdə olub, - bu fikri Almaniyanın ARD televiziya kanalına noyabrın 2-də baş tutmuş müsahibəsində atəşkəsin pozulması və sülh haqqında danışan Prezident İlham Əliyev söyləyib.
Məşhur bir məsəldə deyildiyi kimi – Faktlar yaman tərs şeydir. Fakt isə ondan ibarətdir ki, atəşi ilk açan Ermənistan, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Belə ki, Tovuz istiqamətində birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan dinc insanlara və hərbçilərə qarşı terror və qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur.
Qəsbkar Ermənistan isə üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
Danışıqlar aparılan illər ərzində Azərbaycan həmişə sülh planına sadiq olub. Ermənistan isə əksinə həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları  da göstərir ki, onlar bu ərazilərdən çıxmağı heç planlaşdırmayıblar da.
Faşist Ermənistanın hücumlarından Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir. İşğalçılardan fərqli olaraq Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir. Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir təcavüzkara? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
Bizim kənardan köməyə ehtiyacımız yoxdur. Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir. Suriyadan, Livandan, Avropadan, uzaq Kanadadan terrorçuları, muzdluları, PKK-çıları Qarabağa cəlb edən Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatı belədir:
- 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb; 
- Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bunlar müharibə cinayətidir. Cəzasını isə qəhrəman əsgər və zabitlərimiz döyüş meydanında verirlər. Faşist Ermənistanının silahlandırılmasında iştirak edənlər də onunla birlikdə məsuliyyət daşımalıdırlar, bunu ekspertlər də təsdiq edirlər.
Cənab Prezident Almaniyanın ARD televiziya kanalına müsahibəsində beynəlxalq vasitəçilər və yeni vasitəçilik haqqında da fikirərini bölüşüb. ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Görünür, münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. Belə olduğu halda Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.
Müstəqil Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir, - deyir Prezident İlham Əliyev. Azərbaycan istənilən halda torpaqlarını azad edəcək. Xatırlamaq yerinə düşər ki, Cənab Prezident bir neçə müsahibəsində vasitəçi kimi digər ölkələrin də qatıla biləcəyini və ATƏT Minsk qrupunun fəaliyyətinin səmərəsizliyini qeyd edib. Bunun ictimaiyyət tərəfindən də müzakirə edilməsi məqsədəmüvafiq olardı.
İkili standartlarla işləyən beynəlxalq hüquq müdafiə təşkilatları haqqında Azərbaycanda mənfi imic formalaşmışdır. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. Belə ki, “Amnesty International”, “Human Rights Watch” və indiyədək Azərbaycanın tənqidi ilə məşğul olan çoxsaylı beynəlxalq təşkilatlar özərini ifşa edirər, onların son günlər tutduğu mövqe, yenə ikili standartdan çıxış etməsi faktı daha qabarıq görünür. Bununla yanası, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri də təqdir olunmalıdır. Həmin hesabatlar əsasında beynəlxalq məhkəmələrə müraciət edilə bilər. Bu diplomatik qələbə də yalnız cənab Prezidentin sözügedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər.
İşğalçı erməni qoşunlarını əzib, diz çökdürüb qələbəyə doğru inamla gedən Azərbaycan tərəfinin artıq öz şərtləri vardır. Əsas şərt isə bəllidir: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.  
Prezident İlham Əliyevin qəti tələbi belədir - Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan  ərazimizdir. Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür. Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur  və beynəlxalq hüquq məsələsidir.
Azərbaycanda daxili siyasi mühit və islahatlar haqqında danışan Cənab Prezident qeyd edir ki, ölkəmizdə siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq.
Məlum olduğu kimi Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.
Hər bir dövlət üçün ciddi imtahan olan pandemiya dövründə də Azərbaycanın iqtisadi göstəriciləri normaldır. İqtisadiyyat cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.  
Beləliklə, Azərbaycanda ciddi daxili problemlər yoxdur. Lakin Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir. Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə isə etirazçıları qətlə yetirirlər.
Azərbaycan Prezidentin yanaşması belədir ki, genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Eyni zamanda islahatların aparılması üçün partiyalararası dialoq vacibdir. Vətən müharibəsi də dialoqu zəruri edir. Bu zaman dialoqdan yayınanlar Vətən müharibəsi modelinə qarşı çıxan qüvvə kimi qəbul olunmalıdır.
Prezident İlham Əliyev müsahibi ilə faktlarla danışır: Avropada etirazçıları  atlarla döyür, itləri gətirirlər və bu, demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. “Euronews" fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır.
Təkbətək döyüşdə, müharibə meydanında biabırçılıqla uduzan mənfur Ermənistan xislətinə uyğun olaraq daha çox yalan, şər-böhtan, dezinformasiyadan istifadə edir və Cənab Prezident müsahibə boyunca xeyli feykləri təkzib etməli olur:
- Sentyabrın 27-də Azərbaycan birinci atəş açmayıb. Birinci atəşi Ermənistan açıb və bunun sübutları var;
- Atəşkəsi Azərbaycan yox, hər dəfə Ermənistan pozur;
- Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur;
- “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetərincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur;
- Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər;
- Ermənilər deyil, azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq;
Prezident İlham Əliyev qəti şəkildə bir daha vurğulayır ki, Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır.
- Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası vardır, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər;
- Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricilər isə sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.
Neçənci dəfədir ki, Qərb jurnalistləri ilə müsahibələrdə Prezident İlham Əliyev onlara tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını da göstərir. Nədənsə ARD müxbiri “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin Bərdəyə qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləməsi faktının üstündən keçir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemikaya girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir. Beləliklə, Azərbaycan mediası və QHT-lərlə bağlı Qərb qrantlarının təyinatının medianın, söz azadlığının inkişafına xidmət etmədiyini sübut etmək üçün heç də uzağa getmək lazım deyil, eləcə bu günlər Qərb mediasının sərgilədiyi “obyektiv” mövqeyə nəzər salmaq kifayət edər. Çünki FOXNews-ların, ARD-lərin “əməlləri” ilə Qərb media standartları deyilən təbliğatın mənasızlığı açıq-aydın sübut olunur.
Aydındır ki, nə feyknyuslar, nə də düşmənin digər çabalamaları Azərbaycan xalqını haqq yolundan döndərə bilməyəcək. Əgər qəsbkarlar torpaqlarımızdan rədd olmasalar Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu zəfər yürüşünü Şuşada, Xankəndində tamamlayacaqdır! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər