Şriftin ölçüsü :

Saytın rəngi :

Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz...

05 noyabr 2020 | 11:00

Bu gün  dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır. O tarix ki, işğal altında olan torpaqlarımız   azad edilir, həmin ərazilərdə bayrağımız dalğalanır, insanlarımızda böyük xoşbəxtlik, xoş ovqat müşahidə edilir.  Dövlətimizin başçısı İlham Əliyev son bir ayda verdiyi müsahibələrində, xalqa müraciətlərində işğal altında olan torpaqlarımızın azad olunması üçün şəhidlər verdiyimizi, onların qanının yerdə qalmayacağını bildirir. Bu gün Azərbaycan Ordusu onların qisasını döyüş meydanlarında alır. Müharibənin təbii ki, öz qanunları, özəllikləri var. Bu, ağır da olsa  oğullarımızın  şəhidlik zirvəsinə yüksəlməsi,  yaralanması, çoxsaylı dağıntıların olması ilə səciyyələnir. Azərbaycan dövləti heç zaman müharibə istəməyib. Münaqişənin sülh yolu ilə həllinə səy  göstərib və göstərir.  Lakin işğalçı Ermənistanın və onun havadarlarının 30 ilə yaxın müddətdə yalanları, vaxtı uzatmaq üçün imitasiya naminə apardıqları danışıqları  münaqişənin həlli prosesini uzadaraq xalqımızın səbir kasasını doldurdu. İşğalçı dövlət  təxribatlarından da əl çəkmədi. Sentyabrın 27-dən bugünədək erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu qətiyyətlə mübarizə aparır. Hər bir Azərbaycan vətəndaşı, gənclərimiz böyük ruh yüksəkliyi ilə ilk gündən cənab İlham Əliyevin səfərbərlik çağırışına cavab verdi.  Bu, birliyimizin, həmrəyliyimizin nümayişidir. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.
Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə, torpaqları işğal olunan Azərbaycana qarşı sanksiyalar tətbiq edilmişdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Görülən işlər və ardıcıl fəaliyyət nəticəsində biz dünya ictimaiyyətini Qarabağın tarixi ilə və bilavasitə münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq. Görülən bütün bu işlər, bax, bu gün bizə kömək göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. 
Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsədyönlü şəkildə gətirildi və ölkəmizin ən dilbər guşələrindən biri olan Qarabağda yerləşdirildi, onlara şərait yaradıldı. Məqsəd aydın idi - imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq, didərgin salmaq və yeni reallıq yaratmaq idi. Bu idi məqsəd və əfsuslar olsun ki, bu məqsədə çatdılar. Ondan sonra erməni əhalisi qonşu ölkələrdən kütləvi qaydada gətirildi, Dağlıq Qarabağ bölgəsində, azərbaycanlıların dədə-baba torpaqlarına yerləşdirildi və ermənilər onlara xas olan xasiyyəti nümayiş etdirərək yavaş-yavaş bizim bütün torpaqlarımıza sahib çıxmağa başladılar.
Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Heydər Əliyevin varlığı, sovet rəhbərliyində onun böyük nüfuza malik olması onların planlarını alt-üst edirdi. Ona görə Ermənistandan, digər yerlərdən, əfsuslar olsun ki, milli satqınlar Azərbaycandan Moskvaya kütləvi surətdə anonim məktublar göndərirdilər. Qəsdən şər-böhtan kampaniyası aparılırdı ki, Heydər Əliyev amili aradan qaldırılsın. Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra 2 həftə keçməmiş baş qaldıran erməni separatçılar məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Azərbaycandan ayrılsın, Ermənistana verilsin və bizim xalqımızın bəlaları o gündən başladı. Ondan sonra Dağlıq Qarabağda qanunsuz xüsusi idarəetmə komitəsi yaradıldı, qatı ermənipərəst bir insan ora rəhbər təyin edildi və faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün zəmin yaradıldı. O vaxtkı Azərbaycan rəhbərliyi əfsuslar ki, sadəcə olaraq bütün bu təhlükəli hadisələrə tamaşa edirdi. Səs qaldıra bilmədi, cəsarət göstərmədi, sadəcə olaraq başını salıb aşağı Moskvadan nə deyirdilər onu da edirdi. Onlar azərbaycanlı sayılsalar da, onlarda milli ruh yox idi.  Dağlıq Qarabağın tarixi budur və ondan sonra Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlar başlamışdır, torpaqlarımız işğal altına düşmüşdür. 1992-ci ilin may ayında Şuşa və Laçının itirilməsi, 1993-cü ilin aprelində Kəlbəcərin işğal altına düşməsi Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaratdı. Halbuki bu bağlantı yox idi. Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi.
   1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır.Bu danışıqların bizim ücün hec bir nəticəsi olmadı. Daha doğrusu Ermənistan üçün oldu. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Minsk qrupu Ermənistanın qanunsuz məskunlaşma aparmasına etiraz etməyib. Qanunsuz məskunlaşma beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Minsk qrupunun cinayətə susması torpaqlarımızıerməniləşdirməyə,  Azərbaycan mədəni irsini silməyə təşviq mesajıdır. 
Atəşkəs rejiminə gəldikdə, ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi. Azərbaycan tərəfi  həlak olanların cəsədlərinin, girovların, əsirlərin dəyişdirilməsi üçün buna razılıq vermişdi. Ancaq Ermənistan bir gün keçməmiş bu atəşkəsi namərd şəkildə, gecə vaxtı Gəncəni bombalamaqla kobudcasına pozdu.  Ondan sonra oktyabrın 17–də yeni atəşkəs elan olundu. Yenə də iki dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 8-dən yeni bir təklif verildi.  Bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Bu məsələ öz həllini tapmalıdır, ya hərb yolu ilə, ya sülh yolu ilə. Hər bir pozuntu qeydə alınır, dərhal ATƏT-in nümayəndəsinə və atəşkəsdə maraqlı olan digər ölkələrə göndərilir ki, baxsınlar, ermənilər atəşkəsi nə qədər pozublar.  Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb və sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenə də səfərbər etmək istəyir, yenə də silahlanmaq istəyir və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Münaqişənin sülh yolu ilə həlli üçün Ermənistan bizim torpaqlarımızdandərhal çıxmalıdır. Münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişdir:  BMT Təhlükəsizlik Şurasının qətnamələri, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər təşkilatların analoji sənədləri. Avropa İttifaqı ilə paraflanmış sənəddə ölkəmizin suverenliyi, sərhədlərimizintoxunulmazlığı və ərazi bütövlüyü haqqında xüsusi müddəa var. Bu  hüquqi baza imkan verir ki,   döyüş meydanında düşmənə dərs verək. Azərbaycan məsələnin hərbi-siyasi yollarla həllinə hazırdır. Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.  Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər rədd olsun, çıxsın torpaqlarımızdan. Yoxsa axıra qədər gedəcəyik, axıra qədər, sona qədər gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki, qovuruq, necə ki, qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük.  Biz torpaqlarımızı müdafiə edirik, beynəlxalq hüququn kənarında heç bir addım atmırıq. Ermənistan torpağına girmirik, beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarımızı bərpa edirik. Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvlər, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Biz danışıqların əleyhinə deyilik. 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik fərq etməz. İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yollarla həll olunsun. Amma həll olunsun.  Hərbi-siyasi həll yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini reallaşdırmalıdır.  Bizi heç bir qüvvə yolumuzdan döndərə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıbdı. Ermənistanın havadarları bu saxta dövləti xilas etmək istəyirlərsə bizim torpaqlarımızdan cıxmalıdırlar.
Heç bir qüvvə Azərbaycanı yolundan döndərə bilməz. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!  Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


  İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri

Keçidlər