Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq Yaradıcılıq Mərkəzində 20 Yanvara həsr olunmuş Anım tədbiri keçirildi

19 yanvar 2014 | 11:00
 XX əsrin ən böyük cinayətlərindən biri olan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi dördüncü ildönümü Pirallahı rayonunda geniş qeyd edilir. Bu məqsədlə hələ 2013-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş və 2014-cü il yanvarın 10-dan onun icrasına başlanmışdır. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir.
 29 N-li Uşaq Yaradıcılıq Mərkəzində 20 Yanvara həsr olunmuş Anım tədbiri yanvarın 18-də keçirildi. Tədbiri giriş sözü ilə açıq elan edən UYM-in direktoru Tamilla Yaqubova qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının məsul əməkdaşları vurğuladılar ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.
 Daha sonra tədbir iştirakçıları 29 N-li Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin şəhidlərə həsr olunmuş əl işlərindən ibarət sərgiyə və stendlərə tamaşa etdilər, uşaqların ifasında şeirlərdən ibarət kompozisiyaları dinlədilər.
Keçidlər