Şriftin ölçüsü :

Saytın rəngi :

Sülhə məcburetmə əməliyyatı uğurla başa çatdı. Azərbaycanın tam qələbəsi rəsmiləşdi

11 noyabr 2020 | 11:00
Vətən savaşı Azərbaycanın həm diplomatiyada, həm də hərb cəbhəsində tam qələbəsi ilə başa çatdı. Ali Baş Komandan, Prezident İlham Əliyevin iradəsi, Ordumuzun qüdrəti, xalqımızın milli birliyi sayəsində Ermənistanın dizini yerə gətirən tarixi qələbə qazanıldı. Şübhəsiz ki, bundan sonra hər il 8 və 10 noyabr tarixləri böyük təntənə, qürur və fəxarətlə xatırlanacaq. Bugünlərdə Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın da dediyi kimi, 44 günlük hərəkat bitdi, amma bunun hələ 44 il danışılacağına əmin olun.
Həqiqətən də belədir. Bu 44 gün Azərbaycanın və azərbaycanlıların yaddaşına silinməz mürəkkəblə həkk olundu. Azərbaycan bu günlər ərzində sözün əsl mənasında qəhrəmanlıq dastanı yazdı. İstər cəbhədə igidlərimizlə, istər diplomatiya sahəsində qətiyyətimizlə, istərsə də informasiya müstəvisində düşmənlə başabaş mübarizəmizlə biz yenilməz ölkə olduğumuzu və qalibiyyətin bizim haqqımız olduğunu dünyaya sübut etdik. Bu prosesdə vətəndaşlarımız da  milli mənsubiyyətindən, siyasi görüşündən, ideologiyasından ya da bizi bir-birimizdən fərqləndirən digər xüsusiyyətlərdən asılı olmayaraq daim dövlətimizin, Ordumuzun, Ali Baş Komandanımızın yanında oldu. Heç kəs, hətta yaxınlarını, doğmalarını, mal-mülklərini itirən insanlar belə hər şeyi bir kənara qoyaraq sadəcə Ordumuzun qələbəsinə kökləndilər. Xüsusilə qürurverici haldır ki, yalnız milliyəti azərbaycanlı olanlar deyil, Azərbaycanda yaşayan digər milli mənsubiyyətə malik vətəndaşlarımız da Vətən Müharibəsində canlarını ortaya qoymaqdan çəkinmədilər. Biz onların hər birinə minnətdarıq.  Ölkə başçımızın da dəfələrlə dediyi kimi, biz- hər birimiz torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərin ruhu qarşısında baş əyirik. Onlar daim bizim qəlbimizdə yaşayacaqlar. Əslində onların xalqımız üçün unudulmaz olduğu Mübariz İbrahimovun, Fərid Əhmədovun, Polad Həşimovun, İlqar Mirzəyevin, Çingiz Mustafayevin, Albert Aqarunovun, Əliyar Əliyevin, Yusif Mirzəyevin, Salatın Əskərovanın və digər adlarını sadalaya bilmədiyim şəhidlərimizin timsalında məlumdur. Üzərindən nə qədər vaxt keçirsə keçsin Şəhidlərimizin adları çəkiləndə hər bir azərbaycanlı qəlbində onların ağrısını hiss edir və onları ehtiramla yad edir. Məhz bunun nəticəsidir ki, bugün Şəhidlər Xiyabanı hər birimizin əbədi and yeri olaraq qalmaqdadır. Bugün cənab Prezident Şuşanın düşmən tapdağından azad edildiyi xəbərini məhz Şəhidlər Xiyabanından verir. Qələbə müjdəsini alan vətəndaşlarımız oraya axışır, öz sevinclərini şəhidlərimizlə bölüşməyə can atır. Bu məqamda hər birimizin qəlbinə həkk olunan şüarı bir daha yada salmağı özümə borc bilirəm: Şəhidlər ölməz, Vətən bölünməz.
27 sentyabr tarixindən etibarən, cəmi 44 gün ərzində Azərbaycan istədiyi hərşeyə nail oldu. Hətta istədiyindən də artıq, baza prinsiplərində nəzərdə tutulmayan üstünlükləri də təmin etdi. Ölkə başçımız bəyanatı şərh edərkən açıq şəkildə bildirdi ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Xüsusilə vurğulamaq istəyirəm ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynadı. Bəyanatın imzalanmasının əsas səbəblərindən biri  8 noyabr tarixində Şuşanın, daha sonra 9 noyabr - bayraq günündə 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsi idi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Bəyanatın Azərbaycan xalqı üçün bir çox əlamətdar tərəfləri mövcuddur. İlk olaraq, bu tarixi bəyanatla Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Beləliklə, bizlər, “Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır” deyəndə yanılmırdıq. Həqiqətən də indi Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. İndi Azərbaycan həm siyasi gücü ilə, həm hərbi gücü ilə, həm də dünyaya inteqrasiyası ilə Qafqazın ən güclü ölkəsidir. Bu əməliyyatlar da bunu sübut etdi.
Bəyanatın digər üstünlüklərinə də nəzər yetirək. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycana  maksimum sərf edən sənəddir. Əsas olaraq, bəyanat uzun illər davam edən işğala son qoyur. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə belə yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür. Daha bir vacib məqam isə sənəddə Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsinin təsbit edilməsidir. Beləliklə, bununla da Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı və Naxçıvanın 30 illik blokadasına son qoyuldu. Eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olundu. Xatırladaq ki, bu baza prinsiplərində müzakirə mövzusu belə olmayan bir məqam idi. Amma Azərbaycan Prezidentinin təkidli tələbləri ilə müqaviləyə əlavə olundu. Əlbəttə ki, bu da birbaşa Azərbaycan Prezidentinin siyasi nüfuzu və Azərbaycan Ordusunun hərbi sahədəki qeyd-şərtsiz uğurları ilə mümkün oldu. Bəyanatda göstərilən məqamlardan biri də münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Bununla da bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya iştirak edəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Sonda onu da qeyd etmək istəyirəm ki, bəyanatın imzalanması başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdlərini də tamamilə aradan qaldırdı.
Azərbaycan tərəfi əks-hücum əməliyyatlarına başladığı ilk andan etibarən müharibənin sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir. Bu həm də ermənilərin özləri haqqında yaratdıqları mifin dağılmasının təsdiqi oldu. Onların “yenilməz” ordusu məhv oldu, orduda fərarilik başladı və daha da dəhşətlisi xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim qaçacaqsa, o, məsuliyyətə cəlb olunacaq. Bizdə isə bir nəfər belə fərarilik etmədi. Hətta tam əksinə,  bizim gənclərimiz könüllü olaraq orduya yazılır, Vətən torpaqlarının azad olunmasında rol oynamaq üçün can atırdı.
Müharibə həm də Azərbaycan və erməni xalqlarının mənəvi keyfiyyətlərinin müqayisəsi üçün şərait yaratdı. Məlumdur ki, Tərtər şəhəri, müharibə dövründə ən çox zərərçəkən bölgələrdən biri oldu. Şəhər İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi, gündə  yüzlərlə mərmi düşürdü amma bir nəfər belə yerindən tərpənmədi, öz ata-baba yurdunu qoyub qaçmadı. Gəncəyə və Bərdəyə iki dəfə ballistik raketlərlə hücum olundu, onlarla insan günahsız yerə can verdi. Amma buna baxmyaraq gəncəlilər və bərdəlilər sadəcə bir şeyi dilə gətirdilər: Biz qorxmuruq! Vətən sağ olsun!
Ermənilər isə arxalarına baxmadan qaçıb getdilər. Onların Xankəndini kütləvi şəkildə tərk edib getməsinin görüntüləri bütün sosial platformalarda paylaşıldı. Beləliklə bu da iki ölkə insanının öz torpağına verdiyi dəyəri bir daha nümayiş etdirdi. Azərbaycan xalqı mərdliklə, qətiyyətlə Ordusunun arxasında dayandı. Ölkə başçısı da xalqımızın qətiyyəti ilə bağlı fəxarətlə danışaraq demişdir:  “Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!”.
Beləliklə bütün dünya bu günlərdə Azərbaycan xalqının birliyini gördü. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşadı, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izlədi və uğurlarımıza sevindi. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.
Sonda bir daha bildirmək istəyirəm ki, bu, Ali Baş Komandanımızın, Ordumuzun və ümumlikdə bütün Azərbaycan xalqının qələbəsidir. Bundan sonra Azərbaycan xalqı işğaldan azad olunan torpaqlarda bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Ölkə başçımızın da dediyi kimi, Biz qayıdırıq, Azərbaycan qayıdır! Biz illərdir həsrətində olduğumuz torpaqları dirçəltməyə qayıdırıq! Biz uğrunda şəhidlər verdiyimiz torpaqda yaşayıb yaratmağa qayıdırıq.
Yaşasın Azərbaycan!
Yaşasın müzəffər Ali Baş Komandan!
Yaşaın rəşadətli Azərbaycan Ordusu!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər