Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbəyə aparan yol...

12 noyabr 2020 | 11:00
Bugünlərdə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda böyük qürur və fərəh hissi var. 30 ilə yaxın müddətdə səbr göstərən xalqımız nəhayət qələbəyə çatdı. Noyabrın 10-u  ölkəmiz üçün tarixi bir gün oldu. Noyabrın 8-də  Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 noyabr- Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd,  Ermənistanın məğlubiyyətinin açıq etirafı olaraq yaddaşlara həkk olundu. Əminliklə deyə bilərik ki, imzalanmış bəyanat bizim şanlı qələbəmizdir.
Bu qələbə bizə asanlıqla başa  gəlmədi. Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara davam etdiyi dövrdə Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri də səngimədən davam etdi. Bütün bu cəhdlər Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli, faktlara əsaslanan arqumentləri ilə iflasa uğradıldı. Cənab İlham Əliyev dünyanın ən reytinqli kütləvi informasiya vasitələrinin ekranlarından faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, burada əsrlər boyu azərbaycanlılar yaşayıb və bundan sonra da Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq qalacaqdır. Bununla yanaşı, dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin qətnamələr birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da münaqişənin həllində möhkəm hüquqi baza yaradır. Diplomatiya və informasiya müstəvilərindəki qələbələr münaqişənin həllində əhəmiyyətli rol oynasa da hazırda əldə etdiyimiz siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynadı. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Məlumdur ki, hər bir müharibənin qazanılmasında arxa cəbhə də olduqca əhəmiyyətli rol oynamaqla gözardı edilməyəcək faktordur. Və Azərbaycan haqq mübarizəsində arxa cəbhə sözün əsl mənasında hər bir sınaqdan üzü ağ çıxdı. İstər vətəndaşlarımızın orduya qeyd-şərtsiz dəstəyi, istər siyasi partiyaların Ali Baş Komandanın ətrafında səx birləşməsi, istərsə də xaricdəki soydaşlarımızın bütün proses boyu ölkəmizə maddi-mənəvi dəstəyi bunu deməyə əsas verir. Hətta müharibədən əziyyət çəkən vətəndaşlarımız belə bir an tərəddüd etmədən Ali Baş Komandana və Orduya güvəndiklərini bildirərək, dayanmamağı xahiş edirdilər. Heç  kim itkilərinin nə olacağını fikirləşmir sadəcə Orduya dəstək olmağa çalışdırdı. Bununla bağlı çıxışlarından birində ölkə başçısı demişdir: “Mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Mənə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!”.
Beləliklə, daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşdi. Heç bir şübhə yoxdur ki, bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir.
Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirən amillərdən idi. Bugün ölkəmizin  təşəbbüsü ilə  reallaşan layihələr təkcə bizim deyil, bir çox ölkələrin maraqlarını təmin edir. Azərbaycan regional iqtisadi inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Qonşu ölkələrlə  həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatları mövcuddur. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu  gücləndirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Sitat: “Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı”. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaratdı. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edildi.
Ölkə başçımız dəfələrlə bəyan etmişdir ki, O, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısıdır. Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində də ölkə başçısı bunu xatırladaraq, ata vəsiyyətini yerinə yetirdiyini qürurla bildirmişdir. Beləliklə, cənab İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini xarici ölkələrə hər bir səfərində, eyni zamanda, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltməsində də göstərir. Cənab İlham Əliyev erməni yalanlarını faktlar əsasında ifşa edərək, Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, bu faktın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində öz əksini tapmasını bəyan etməklə yanaşı, dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara ikili standartlardan əl çəkib məsələyə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində yaşamağa çağırışlar edirdi. Son 17 ilin reallıqlarına diqqət yetirdikdə beynəlxalq münasibətlərdə hüquq probleminin yaşandığını aydın müşahidə etmək olur. Cənab İlham Əliyev böyük qətiyyətlə belə bir problemin mövcudluğunu bütün çıxışlarında bəyan edir, bunun həllinə çağırış edirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir. Bəyanatın imzalanması ilə münaqişənin nizamlanması hərbi fazadan siyasi müstəviyə daşındı və beləliklə də problemin həlli həlledici mərhələyə daxil oldu.  Bəyanata əsasən Azərbaycanın hazırda işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları dekabr ayının 1-dək tamamilə Ermənistanın işğalçı silahlı qüvvələrindən təmizlənəcək. Ermənistanın silahlı qüvvələri noyabrın 15-dək Kəlbəcərdən, 20-dək Ağdamdan və dekabrın 1-dək Laçından tamamilə çıxarılacaq. Bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunur, eləcə də BMT TŞ-nin 4 qətnaməsi reallaşmış olur.
Sözsüz ki, bəyanatın imzalanması ilə Azərbaycan Ermənistan üzərində tam siyasi-diplomatik və hərbi qələbəsini təmin etmiş oldu. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı.  Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək.  Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Hər iki ölkə bizim üçün dost, qonşu ölkədir. Bəyanatın əldə olunmasında da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin səyləri yüksək qiymətləndirilməlidir. Beləliklə, növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərdə quruculuq-abadlıq işlərindən sonra əlbəttə ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaqlar. Bu isə o deməkdir ki, Qarabağda quruculuq və məskunlaşma prosesini dünya ictimaiyyəti izləyəcək, xüsusilə də BMT kimi beynəlxalq təşkilat şahidlik edəcək. Bundan başqa hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi də həyata keçiriləcək. Bəyanatda əksini tapmış maddələrə əsasən bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri də bərpa ediləcək. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Bununla da 30 ildən sonra Azərbaycanın qərb rayonları ilə Naxçıvanın quru əlaqəsi təmin ediləcək, vətəndaşlarımız tarixi torpaqlarımızdan keçməklə Naxçıvana gedə biləcək. Bununla yanaşı, Naxçıvanla əlaqələr daha da genişlənəcək və bunun sosial-iqtisadi əhəmiyyəti daha yüksək olacaq. Qısacası, bəyanatın hər bir bəndi Azərbaycanın mənafelərinə tam uyğundur. Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. 
Beləliklə, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsini müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. İmzalanan sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyuldu. İllərdir Vətən həsrətində olan vətəndaşlarımız o torpaqlara qayıdacaq, orada yaşayacaq. Vurğalamaq lazımdır ki, dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaq idi və nəhayət bu reallaşacaq. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.  Dünya erməniliyi Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun dəmir yumruğunun ağrı-acısını hələ çox illər unutmayacaq. Artıq 50 milyonluq Azərbaycan xalqı tam əminliklə deyə bilər ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər