Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsinin sonu: Haqq-ədalətin bərpası

13 noyabr 2020 | 11:00

Hər birimiz bilirik ki, müharibə cəbhədə əsgərlər və zabitlərlə aparılır. Amma müharirədən sonra qalıcı sülhün təmin olunması üçün siyasi müstəvidə də eyni qələbəni çalmaq lazım olur. Bu mənada Azərbaycan Vətən müharibəsindən həm cəbhədə, həm də siyasi müstəvidə qalib olaraq çıxdı. 10 noyabr tarixində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat bizim şanlı qələbəmizin rəsmi elanı oldu. Ölkə başçımızın da dediyi kimi bu bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Bu bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür. Xatırladaq ki, işğal altında olduğu dövrdə Ermənistan həmin ərazilərdə çox səviyyəli dərin eşelonlaşdırılmış istehkam-sığınacaq sahələri yaradıb və bu bizim üçün əlavə itkilər mənasına gəlirdi. Əlbəttə ki, rəşadətli Ordumuz bu sınaqlardan da üzüağ çıxacaqdı amma qan tökmədən, erməni tərəfini ərazilərimizdən çıxmağa məcbur etməyimiz bizim üçün xüsusi əhəmiyyətlidir. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir.
Azərbaycan illərlə münaqişənin sülh yolu ilə həlli üçün çalışdı və demək olar ki, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Daim danışıqlar yolu ilə münaqişənin dinc yolla həllinə tərəfdar olan Azərbaycan bunun mümkün olmadığı halda torpaqlarımızı işğaldan azad etmək üçün öz hüquqlarından istifadə edərək güc yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu da dəfələrlə beynəlxalq tribunalardan bəyan etmişdir. Azərbaycanın münaqişənin sülh yolu illə həllinə çalışdığı bir vəziyyətdə təcavüzkar Ermənistan isə mütəmadi hərbi təxribatlarla danışıqlar prosesini pozmağa cəhd edirdi. Əlbəttə ki, bu da gözləniləndir. Çünki, Ermənistan faktiki olaraq dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqə məruz qoyulmurdu və bu, Ermənistanı öz hərbi cinayətlərini davam etdirməklə yanaşı yeni ərazi iddiaları ilə çıxış etməyə cürət edəcək qədər azğınlaşmağa sövq etdi. Amma hər halda erməni tərəfi üçün məğlubiyyət qaçılmaz idi və müharibənin başladığı 44 gün ərzində onlar Azərbaycanın hərbi-siyasi gücü qarşısında aciz vəziyyətə düşdü. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistana elə bir dərs verdi ki, bundan sonra 44 il keçsə də yaddaşlarından silinməyəcək. 
Sözsüz ki, qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Müharibədən sonra bəzi məqamlar açıqlanandan sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığını şahidi olacaq.
Qələbəmizlə yekunlaşan hərbi əməliyyatların əsas üstünlüklərindən biri də Ermənistanın öz ordusu barədə yaratdığı “yenilməzlik” mifinin darmadağın edilməsi oldu. Hərbi əməliyyatlar  Azərbaycan ordusunun qüdrətini dünyaya nümayiş etdirdi. Hər nə qədər Ermənistan bunu qəbul etmək istəməsə də, şərlə-böhtanla güya  Azərbaycan tərəfində muzdluların ya da türklərin döyüşdüyünü iddia etsə də bunlar boş uydurmadan qabağa keçə bilmədi. Çünki reallıq təkdir: Azərbaycan müharibəni heç bir xarici ölkənin hərbi köməyi olmadan, öz hesabına qələbə ilə başa vurdu. Bu qələbə birbaşa əsgər və zabitlərimizin  hərbi gücünün, cəsarətinin, rəşadətinin, vətənpərvərliyinin nəticəsidir. Ölkə başçımızın da dediyi kimi, bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri və zabitləridir.
Sentaybr ayının 27-dən etibarən davam edən və noyabr ayının 10-da Ermənistanın məğlubiyyəti ilə başa çatan  Vətən müharibəsi həm də  Azərbaycan və erməni xalqlarının mənəvi keyfiyyətlərinin müqayisəsini göstərdi. Gəlin baxaq. Məlumdur ki, Tərtər şəhəri, müharibə dövründə ən çox zərərçəkən bölgələrdən biri oldu. Şəhər artıq İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqradla müqayisə olunurdu, gündə  yüzlərlə mərmi düşürdü. Amma bir nəfər belə yerindən tərpənmədi, öz ata-baba yurdunu qoyub qaçmadı. Gəncəyə və Bərdəyə iki dəfə ballistik raketlərlə hücum olundu, onlarla insan günahsız yerə can verdi. Buna baxmayaraq gəncəlilər və bərdəlilər sadəcə bir şeyi dilə gətirdilər: Biz qorxmuruq! Vətən sağ olsun!
Ermənilər isə arxalarına baxmadan qaçıb getdilər. Onların Xankəndini kütləvi şəkildə tərk edib getməsinin görüntüləri bütün sosial platformalarda paylaşıldı. Beləliklə bu da iki ölkə insanının torpağına verdiyi dəyəri bir daha nümayiş etdirdi.
Onu da xatırladaq ki, Azərbaycan müharibəni humanitar hüquq normaları ilə aparmışdır, ermənilərin məskunlaşdığı, gizləndiyi şəhərlərdə böyük dağıntılar yoxdur. Bunu həmin şəhərlərdə çəkilən videogörüntülər də sübut edir. Çünki biz mülki obyektlərə atəş açmırıq, mülki şəxslərlə müharibə aparmırıq. Ancaq erməni xisləti hər yerdə eynidir. Hətta indi belə, yəni Ermənistanın uduzduğu və geri çəkildiyi zamanda belə mülki ermənilər Kəlbəcəri tərk edərkən evləri və meşələri yandırır, ekoloji terror törədir, təbiətə ziyan vurmaqla bir daha mənfur niyyətlərini büruzə verirlər. Bu isə onların necə vandal olduqlarının növbəti sübutudur.
Qeyd edək ki, rəsmi İrəvanda siyasi vəziyyət də kifayət qədər gərgindir. Erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb. Əslində bu da bizim üçün təəccüblü hal deyil. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub. İndiki vəziyyətdə də bunun olmağı gözlənilən idi.
Azərbaycan xalqı isə xoşbəxtdir və çoxdandır gözlədiyi qələbəni qeyd edir. Biz əminik ki, bu günlərdə şəhidlərimizin və Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Ulu Öndərin bir sözü bugünlərdə hər bir azərbaycanlının qulağında səslənir - Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam! Bu gün bu sözlərə əminliklə əlavə edə bilərik ki, Siz həm də fəxr etməlisiniz ki, Azərbaycan xalqına İlham Əliyev  kimi sərkərdə, Ali Baş Komandan bəxş etmisiniz.


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər