Milli Məclis Prezidentə və xalqa müraciət edib
Müraciətdə deyilir: “Son 100 ildən artıq dövrdə Azərbaycan xalqı “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş erməni şovinist dairələrinin etnik təmizləmə, soyqrım və işğalçılıq siyasətinin fəlakətli nəticələrini mütəmadi yaşamalı olub. Mərhələ-mərhələ həyata keçirilən bu siyasət ötən əsrin əvvəlində Cənubi Qafqazda 100 minlərlə azərbaycanlı və digər xalqların nümayəndələrinin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsinə gətirib çıxarıb. Çar Rusiyasının süqutunun ardınca keçmiş İrəvan xanlığı, sonrakı İrəvan quberniyasının ərazisində erməni dövləti yaradılıb.
Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi, o cümlədən, Qərbi Zəngəzur, Qazax qəzasının dağlıq hissəsi və Naxçıvanın bəzi kəndləri Ermənistana verilib və nəticədə onun ərazisi 9 min kv km-dan 29,8 min kv km-ə çatdırılıb. Ermənistan ərazisində qalan ata-baba torpaqlarında elliklə yaşayan 100 minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda Azərbaycan ərazisində sayı onlardan dəfələrlə az olan ermənilər üçün 1923-cü ildə “Qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilib.
Beləliklə, erməni millətçilərinin Azərbaaycana qarşı gələcək ərazi iddiaları üçün meydan açlımış və Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulub. 1948-1953-cü illərin Corakert deportasiyası nəticəsində Ermənistan SSRİ-dən yarım milyona yaxın azərbaycanlı qovulmuş, onların bütün əmlakı talan edilmişdir.
1991-ci ildə Sovet ittifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq müharibəsinin gedişində Azərbaycan ərazisinin 20 faizi - yəni, Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 20 mindən çox azərbaycanlı qətlə yetirilib, 10 minlərlə soydaşımız yaralanıb və əlil olub.
Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq didərgin salınıb. İşğalçılıq müharibəsi zamanı erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırım cinayətləri törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində əsrin ən dəhşətli faciələrindən biri baş verib. Soyqırım aktı nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən, 68 qadının və 26 uşağın taleyi bugünədək məlum deyil.
Ermənistanın etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə qarşı müqavimət cəhdi 1993-cü ilin iyul ayında böyük siyasi və dövlət xadimi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təşkil edilib. Ordu quruculuğu və silahlı qüvvələrin möhkəmləndirilməsi tarixində görülən düşünülmüş tədbirlər Ermənistan hərbi birləşmələrinə axır zərbələr endirmək və işğal altında olan bəzi ərazilərimizi, o cümlədən, Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verib.
Azərbaycanla daha silah dili ilə danışmağın mümkün olmadığını görən Ermənistan 1994-cü ilin mayında atəşkəs imzalamağa məcbur olub. Beləliklə, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışıqlara əlverişli şərait yaranmış, həmin təşkilatların qəbul etdikləri sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62-243 nömrəli qətnamədə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir.
Azərbaycan Ordusunun aldığı qüvvətli zərbələrdən lazımı nəticələr çıxarmayan Ermənistan rəhbərliyi sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutublar. Mülki əhali və hərbi qulluqçular arasında ölən və yaralananlar olub.
Ermənistanın bu xain hücumu işğalçı ölkənin hərbi və siyasi rəhbərliyinin beynəlxalq hüquqa qarşı saymazyana münasibətinin növbəti təzahürüdür. Azərbaycanla aparılan sülh danışıqlarını pozaraq münaqişəni öz xeyrinə birdəfəlik həll etmək niyyətinin yeni ifadəsi olub. Düşmənin hücumuna cavab olaraq Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq və özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək məqsədilə əks-hücuma başlayıb. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazıb. Silahlı Qüvvələrin modernləşdirilməsi ilə bağlı son 17 il ərzində həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapıb.
2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzladıqları bəyanat uzun illərdən bəri davam edən münaqişəyə, Azərbaycan torpaqlarının işğalına son qoyub, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətinin yeni formatını təqdim edib. Bəyanatın müddəalarına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bu ilin dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarılacaq. Atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Türkiyə və Rusiya hərbi qulluqçularının birgə fəaliyyəti nəzarətə tutulub.
Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdacaq. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilib. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Tarixi əhəmiyyət daşıyan bu bəyanat çoxillik münaqişə və müharibədə Azərbaycan xalqının şanlı qələbəsini nümayiş etdirir. Tarixi ədalət öz yerini tutdu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu möhtəşəm qələbəyə görə möhtərəm cənab Prezident, Sizə sonsuz minnətdarlığımızı bildiririk. Sizin uzaqgörən rəhbərliyiniz ilə Azərbaycanın böyük iqtisadi potensialı yaradılıb, müasir hərb nəzəriyyəsinin və taktikasının tələblərinə cavab verən güclü Azərbaycan Silahlı Qüvvələri qurulub. Sizin dəmir iradəsiniz, sarsılmaz əzminiz və digər qətiiyətiniz sayəsində həm döyüş meydanında, həm danışıqlar masasında parlaq nailiyyət qazanılıb.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları və prinsipləri əsasında başa çatdırmaqda, tarixi düşmənə qarşı əsrlik mübarizədə məğlubiyyət sindromunu aradan qaldırmaqda öz inamı, hörməti, məhəbbəti və dəstəyi ilə əziz Xalqımız sizi böyük qələbə münasibətilə ürəkdən təbrik edirik. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan daha yüksək sürətlə inkişaf edərək regional güc mərkəzlərinə və qüdrətli dünya dövlətlərinin birinə çevriləcək. Biz bu yolda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev başda olmaqla xalqımıza yeni-yeni uğurlar arzulayırıq. Eşq olsun, Ali Baş Komandan İlham Əliyevə! Eşq olsun, Müzəffər Azərbaycan Ordusuna! Yaşasın, Azərbaycan xalqı! Qarabağ Azərbaycandır!”