Azərbaycana qarşı beynəlxalq təzyiqlər və rəşadətli ordunun uğurlu zəfəri…
Qlobal məsələlərlə bir-birinə qarşı daim antaqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda, ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verirdilər. Danışıqlar prosesi imitasiya edilirdi, mahiyyət etibarilə “for long occupation”a (uzun müddətli işğala) hesablanmışdı və müxtəlif sayda rayonların gah əvvəl, gah sonra qaytarılmasının müzakirə mövzusuna çevrilməsi ilə “baş altına yastıq” qoyulmasına çalışılırdı.Azərbaycan uzun illər beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər, xüsusilə Fransa ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu.Azərbaycanda da Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri var idi. Azərbaycan Prezidenti diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində bu planları da pozmağa nail oldu. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, ölkəmizin diktə etdiyi şərtlərlə münaqişənin həlli mümkün oldu.Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Bütün bu mənzərə Azərbaycan Prezidentinin mürəkkəb maneələri, prinsipiallıq və qəti iradə nümayiş etdirərək güc mərkəzlərinin təzyiqlərilə mətinliklə dəf etdiyini aydın göstərir. Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Erməni tərəfinin biabırçı məğlubiyyəti haqqında hər gün yeni faktlar acıqlanır.Azərbaycanın 400 nəfərlik rəşadətli döyüşçüləri Şuşada möhkəmlənmiş üç mindən çox erməni elit hərbi hissələrini qaçmağa məcbur etmişdir.Təbii coğrafi istehkam olan Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir. Qəhrəman Azərbaycan əsgərləri kiçik qüvvə ilə Zəngilanı azad etmişdir.Cəbrayılda erməni zabitləri öz əsgərlərinə döyüşməyin mənasız olduğunu deyərək qaçmışlar.Hadrutda 30 nəfərlik xüsusi təyinatlı dəstəmiz 1500 nəfər erməni muzdlusunu qaçmağa məcbur etmişdir.Azərbaycan əsgəri yaralı döyüş yoldaşlarını çiynində daşıdığı halda ermənilər yaşlı qocaları da qoyub qaçmışlar. Prezident İlham Əliyev: Heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.Bu, yeni nəsil müharibə üsuludur, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir.Erməni vandalizmi, Qarabağa qayıdış, qazilərə qayğı və quruculuq işləri.
Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmənin törətdiyi hərbi cinayətlərin uçotu və dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək.Düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər. İşğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc etmiş, işğal edilmiş ərazilərin adlarını dəyişmişdirlər. Xaricdən erməniləri yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər. 44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı. Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək. Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq. Azad olunmuş torpaqların təhlükəsizliyin təmin olunması, minalardan təmizlənməsi üçün beynəlxalq təşkilatlar cəlb ediləcək. Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək;“Mən artıq qaçqın deyiləm” sözlərini eşitmək hər bir azərbaycanlının ən xoşbəxt anlarıdır. İşğalın ardından evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər. Azərbaycan əsgər və zabitləri öz qəhrəmanlığı sayəsində məcburi köçkünləri öz doğma dədə-baba torpaqlarına qaytarırlar.Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək. Bütün yaralı əsgər və zabitlər sağaldılacaq, onların normal həyata qayıtması üçün bütün lazımi tədbirlər görüləcək. Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq.Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək.Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək. Döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək.Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə yeni təsis edilmiş orden və medallar veriləcək.Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək xüsusi yerdə nümayiş etdiriləcək.
Türkiyənin qəti mövqeyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etmişdir.Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.Rusiya və Türkiyə ali rəhbərliklərinin davamlı əlaqəsi, onların Azərbaycan Prezidenti ilə də məsləhətləşmələr aparmalarından sonra ədalətli tələb qəbul edildi. Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutub; Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır.Rusiya ilə Azərbaycan arasında bir çox regional layihələr ikitərəfli iqtisadi-siyasi münasibətlərdə möhkəm əsaslara söykənir.Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir.Prezidenti Rəcəb Tayyib Ərdoğan: Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, Türkiyənin müşahidə və monitorinq heyətləri də orada eyni anlayışla yeri alacaq.Türkiyənin müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri arasında imzalanmış atəşkəsə birgə nəzarət mərkəzinin yaradılması haqqında 5 maddədən ibarət Memorandum imzalanıb.Rusiyanın bölgədə olması bu günün labüd şərtidir. Amma Rusiya tərəfi Azərbaycana xüsusi jest edərək sülhməramlı korpusun rəhbərliyini azərbaycanlıların tarixi Azərbaycan şəhəri olan Dərbəndin Çinarlı kəndində doğulmuş Rüstəm Muradova həvalə etmişdir.
Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi.Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi.Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Anar Babayev
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü.