Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibədən sonra iqtidar və müxalifət...

16 noyabr 2020 | 11:00

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti arasında bəyanat imzalandı. Bu bəyanat Azərbaycan dövlətinin şanlı qələbəsi, Ermənistanın isə faktiki olaraq kapitulyasiyası idi. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi möhtəşəm qələbələr və Azərbaycan liderinin, ordumuzun, xalqımızın dəmir  yumruğu  Ermənistanı bu bəyanata imza atmağa məcbur etdi.
Hər kəsə məlumdur ki, 30 illik sülh danışıqları prosesində bəzi beynəlxalq qüvvələr hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər edir, Azərbaycanı mövcud vəziyyətlə barışmağa sövq edirdi. Danışıqlar çərçivəsində Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta bizdən keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daim ölkəmizin maraqlarının təmin olunmasında prinsipiallıq göstərir, münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olacağını bildirirdi. Və nəhayət bugünlərdə Azərbaycan Prezidentinin dediyi kimi münaqişə Azərbaycanın maraqları çərçivəsində həll olundu. Əminliklə deyə bilərik ki, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.
Ölkəmizin əldə etdiyi qələbəni şərtləndirən bir çox amillər var idi. İlk növbədə müasir standartlara tam cavab verən Ordu quruculuğu. Yüksək döyüş əhval ruhiyəsindəki əsgər və zabit heyəti. Ali Baş Komandana və Orduya tam dəstək göstərən xalq. Bütün digər amilləri kənara qoyaraq iqtidara dəstək nümayiş etdirən müxalifət və s. Qısacası müharibə dövründə Azərbaycan xalqı və rəhbərliyi bir yumruq kimi birləşərək düşmənə qarşı vahid cəbhədə toplandı. Çünki Qarabağ münaqişəsi fərdlərin deyil ümumilikdə Azərbaycanın problemi idi. 
Və indi müharibənin aktiv fazası yekunlaşdı. Azərbaycan qələbəni təmin etdi. Bununla da, artıq digər məsələlərə keçid başladı: Müharibənin açdığı yaraları sağaltmaq və verdiyi ziyanı aradan qaldırmaq. Bunun üçün Azərbaycanın kifayət qədər təcrübəsi var. Daha öncə 2016-cı ilin Aprel döyüşlərində və 2020-ci ilin Tovuz döyüşlərindən sonra da bənzər proseslər yaşanmış, Azərbaycan dövləti müharibənin izlərini silmək üçün lazımi tədbirləri görmüşdür. Sözü gedən ərazilərdə mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınmış, dəymiş zərərin tezliklə aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Eyni proseslər yenidən baş tutacaq və dövlət öz hesabına müharibədən zərən çəkən bütün vətəndaşlarının itkilərini təmin edəcək. Bununla yanaşı, daha əsası isə müharibədə iştirak edən, yaralanan, şəhid olan vətəndaşlarımıza dövlət qayğısı göstəriləcəkdir. Bunu ölkə başçısı şəxsən özü müharibədən dərhal sonra, 11 noyabr tarixində yaralı əsgərlərlə görüşündə dilə gətirmişdir. Ölkə başçısı vurğulamışdır ki, qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim Onun nəzarətində olacaq. Sitat “Şəhid ailələrinin problemləri öz həllini tapacaq. ..... Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir”. Beləliklə, yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. 
Qısacası, Azərbaycan dövləti həmişə olduğu kimi  vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır və bundan sonra da yanaşacaqdır.
Bir məsələyə də toxunmaq istərdim ki, müharibənin aktiv fazası yekunlaşan kimi radikal müxalifətdə də hərəkətlənmələr başladı. Amma təəssüf ki, bu bizim ümid etdiyimiz istiqamətdə deyil.  Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir.
Müharibənin getdiyi 44 gün ərzində müxalifətin mövqeyi hər birimizi sevindirir, daha da vacibi qürurlandırırdı. Çünki xalqımızın vahid amal naminə birləşməsi həqiqətən  də bizim güclü xalq olduğumuzun təsdiqi idi. Heç kəs şəxsi mənfəətlərinin arxasına düşmür, sadəcə Ali Baş Komandanın və Ordumuzun qələbəsinə xidmət etmək üçün çalışırdı. Xalq, müxalifət, ordu çiyin-çiyinə döyüşürdü. Müharibənin başladığı ilk gün ölkədə fəaliyyət göstərən 52 siyasi partiyanın 50-nin birgə bəyanat verməsi təkcə xalqla hökumətin həmrəyliyindən xəbər vermirdi, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyi təcəssüm etdirirdi. Bu həm də ona görə vacib idi ki, müxalifətin mövqeyi cəmiyyətin bütövlüyünü ifadə edirdi. Bu dünyaya Azərbaycan xalqının vahid mövqedə olduğunun müsajı idi. Xatırladaq ki, hətta o vaxt belə 2 siyasi partiya- Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası – digər siyasi partiyalarla birlikdə dövlətimizə dəstək verməyi özünə rəva bilmədi. Siyasi ədavət saxlayan bu partiyaların dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara qoşulmamaları isə böyük bir təəssüf doğurdu. Amma yenə də ölkədə milli birlik və ruh yüksəkliyi maksimum həddə idi. Ali Baş Komandan İlham Əliyev 45 günlük Vətən müharibəsinin sonunda noyabrın 10-da gecə saatlarında xalqımıza etdiyi qələbə müraciətində də öz siyasi rəqiblərini unutmadı və onların mövqeyini də yüksək qiymətləndirdi. Dövlət başçısı bu günlər ərzində hakimiyyətin yanında dayanan, milli həmrəylik nümayiş etdirən ölkə müxalifətinin bu mövqeyinin vacibliyindən söz açmış, rəqib düşərgəyə birlik mesajları göndərmişdi.
İndi isə müxalifətdə yenə də şəxsi maraqlar önə çıxmağa başlayıb. Əslində, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Ancaq, bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları  itirmişdir. Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur. Bu isə sadəcə təəssüf doğurur.

Cavanşirli Xəyalə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər