Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Vətən uğrunda” abidə-kompleksi açılış mərasimi keçirildi

22 yanvar 2014 | 11:00
  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi dördüncü ildönümü Pirallahı rayonunda geniş qeyd edilmişdir. Bu məqsədlə hələ 2013-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmiş və 2014-cü il yanvarın 10-dan onun icrasına başlanmışdır. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi qəsəbə kitabxanasında, 29 N-li Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, filmlər nümayiş olunmuşdur. 20 Yanvar faciəsi zamanı xəsarət alanların sayı dəqiqləşdirilmiş, rayonun bütün şəhid ailələri və 20 Yanvar faciəsinin qurbanı olmuş əlillər humanitar yardımla təmin olunmuşlar. 
  Yanvarın 20-də Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksinin açılışı və 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Anım mərasimi keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Aparatın məsul əməkdaşları, Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, BŞİH-in nümayəndəsi, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. Saat 13.00–da “Vətən uğrunda” abidə-kompleksin önünə toplaşan tədbir iştirakçıları tərəfindən Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov açılışı simvolizə edən əbədi məşəli alovlandırdı. Tədbir iştirakçıları abidə-kompleksin önünə al qərənfillər düzdülər. Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə Pirallahı qəsəbəsində inşa edilən “Vətən uğrunda” abidə-kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının – Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.
  Tədbir iştirakçılarına müraciət edən Vasif İmanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vasif İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədilə “Zərbə” kod adı altında dəhşətli terror aktı törətdiyini vurğuladı. Bildirildi ki, Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, rəhbər mövqelərini qoruyub saxlamaq üçün Mərkəzlə sövdələşərək  xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirilirdi. Xalqın bütün məsuliyyəti öz  üzlərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı. SSRİ rəhbərliyi isə respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçmişdi.
  20 yanvar hadisələri barədə geniş bəhs edən V.İmanov xüsusi vurğuladı ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan ulu öndər Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də onu gözləyən bütün təhlükələrə baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.
  Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında Qara Yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdir.
  V.İmanov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir.
  1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan "20 Yanvar şəhidi" fəxri adının təsis edilməsi haqqında fərmanı yada salan İcra Hakimiyyəti Başçısı bir daha qeyd etdi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.
  Anım tədbirində çıxış edən Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov, şəhid anası Gülnisə Əliyeva, veteran-neftçi Səməd Əhmədov 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladılar. Bildirildi ki, milli azadlıq naminə, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini, mənfur erməni xislətinin iç üzünü bütün dünyaya bir daha nümayiş etdirdi.
  Çıxış edənlər and yerimiz, şərəfimiz, qürur mənbəyimiz olan şəhidlərin əziz xatirəsinə ucaldılan abidəyə görə, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirdilər, azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin fədakarlığının xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağını vurğuladılar.
  Daha sonra Pirallahı rayonu orta məktəblərinin şagirdləri 20 Yanvara və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər və şeirlər söylədilər. Tədbirin sonunda Pirallahı məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.
Keçidlər