Şriftin ölçüsü :

Saytın rəngi :

Ali Baş Komandanımız və güclü Ordumuz sayəsində Qarabağımıza qayıdırıq

17 noyabr 2020 | 11:00
2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sözügedən Bəyanatla bağlı bildirmişdir: “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Müqavilə bir çox mənada tarixə iz qoydu. İlk olaraq ona görə ki, bu müqavilə ilə Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı.
Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür. Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır. İmzalanan bəyanatda Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi də təsbit edilir. Beləliklə də, bu,  Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım oldu. Naxçıvanın 30 illik blokadasına son qoyuldu, eyni zamanda türk dünyasının yerüstü tranzit-rabitə əlaqələri bərpa olundu. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir və bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir.
Bu gün, hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır. 
Son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu təbii ki, bu qələbəmizi şərtləndirdi. Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlər qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı.
44 gün davam edən müharibənin sonu Ermənistanın hərbi yenilgisi və daha çox itki verməmək üçün sülhə məcbur olması ilə yekunlaşdı. Müharibədə Azərbaycan igidləri düşməni sözün əsl mənasında darmadağın etdi. Bununla da ermənilərin özləri haqda yaratdıqları mif dağıldı. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçacaq, o, məsuliyyətə cəlb olunacaq.  Bizdə isə 1 nəfər belə fərari olmadı. Tam əksinə döyüşçülərimizin ruh yüksəkliyi hər birimizin qəlbini fərəhlə doldurdu. Bütün dünya Azərbaycan əsgərinin əzmindən, qətiyyətindən, vətənpərvərliyindən danışdı.
Müharibənin sonunda  həm də Azərbaycan və erməni xalqlarının mənəvi keyfiyyətləri arasındakı uçurum da nəzərə çarpdı. Müharibənin gedişində Tərtər şəhəri, İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi. Gündə  şəhərə yüzlərlə mərmi düşürdü. Bununla yanaşı Gəncəyə, Bərdəyə, Mingəçevirə və digər sərhədə yaxın rayonlarımıza hücumlar olunurdu. Amma bir nəfər belə şəhərini, doğma yurd-yuvasını tərk etmədi, qoyub qaçmadı. Ermənilər isə qaçıb getdilər. Onların Xankəndidən, Şuşadan kütləvi şəkildə qaçıb getməsi sosial şəbəkələrdə göstərildi. Əslində bu da başa düşüləndir. Çünki ermənilər bilirlər ki, o, torpaqlar onların deyil. Erməni əhalini oraya bağlayan heç nə yoxdur. Amma Azərbaycan xalqı 30 il uzaqda qalsa da, hətta geri dönəcəyinə ümidi ildən-ilə azalsa da daima öz torpağını qəlbində yaşadırdı. Ərazilərimiz işğaldan azad olunduqca həmin ərazilərdən olan insanların necə sevindiyi, oraya qayıtmağa can atdığı hər birimizi duyğulandırdı. Artıq 30 ilə yaxındır ki, çıxdıqları evlərinin açarlarını göz bəbəyi kimi qoruyan insanların evlərinə qayıtmaq üçün keçirdikləri həyacan və sevinc bizə onu deməyə əsas verir ki, Qarabağ və işğal altında olan ətraf 7 rayonumuz bizim qəlbimizdə daim yara olaraq qalmış, həmin rayonlardan olan məcburi köçkünlər oraya qayıdacağı günün həsrəti və ümidi ilə yaşamışdır. Onu da vurğulamaq istəyirəm ki, son günlərdə xüsusilə Rusiya mediasında tez-tez hallandırılan bir məsələ də xüsusi diqqət çəkir. Erməni əhali Kəlbəcərdən çıxarkən xüsusi vandallıqla şəhərə zərər verir, evləri, meşələri yandırır, elektrik dirəklərini sındırır, yanlarında apara bilməyəcəkləri canlı-cansız hər şeyə ziyan vurmağa çalışırlar. Sadəcə bu belə ermənilərin hansı xislətdə insan olduqlarını dünyaya göstərmək üçün kifayətdir. Məlumat üçün bildirək ki, Kəlbəcər rayonunda davam etdirilən ekoloji terror aktları, təbiətin vəhşicəsinə talan olunması və bunlara son qoyulması ilə bağlı Azərbaycan tərəfinin haqlı tələbləri artıq beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. Ümid edirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu vandallığına biganə qalmayacaq.
Artıq, Azərbaycan dövləti tərəfindən işğaldan azad edilən tarixi torpaqlarımızda quruculuq işlərinə başlanılıb. Hələ müharibə bitmədən işğaldan azad edilmiş ilk kəndlərimizdən olan Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılmışdı. İndi isə Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bunlarla yanaşı, Cəbrayıl, Şuşa rayonlarına yeni elektrik dirəkləri quraşdırılıb. Şübhə yoxxdur ki, bundan sonra da bu proses daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnət məkana çevriləcəkdir.  Bununla bağlı ölkə başçımız noyabrın 16-da Cəbrayıl şəhərinə səfər zamanı demişdir: “Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.
Bu gün Azərbaycan xalqı qələbəni bayramı qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


Azad  Namazov
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər