Şriftin ölçüsü :

Saytın rəngi :

Müharibənin qaynar fazasının bitdiyi ilk on günlük ərəfədə Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalmaqdadır

18 noyabr 2020 | 11:00

Azərbaycan Ordusunun Sentyabrın 27-dən başlayaraq Ermənistan qoşunlarını işğal altındakı torpaqlardan çıxarmaq uğrunda apardığı müharibədə qazandığı şanlı Qələbə hərb tariximizə və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olundu. İşğalçı Ermənistan başladığı müharibəyə sadəcə 44 gün tab gətirə bildi və müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bununla da,  Azərbaycan Ordusu bir daha dünyanın 50 ən güclü Ordusundan biri olduğunu təsdiqlədi. Özlərini güclü, qüvvətli hesab edən Ermənistan ordusu darmadağın edildi, düşmənin texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı.
Beləliklə, hazırda əldə etdiyimiz siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynadı. 8 Noyabr tarixində Şuşanın, sonrakı gün - bayraq günündə 72 yaşayış məntəqəsinin, ümumilikdə isə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi sözün əsl mənasında Ermənistan Ordusunun belini qırdı, onlara sarsıdıcı zərbə vurdu. Üst-üstə qazanılan bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Bununla yanaşı, ölkəmiz üçün qələbəni şərtləndirən əsas amillərdən biri də daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşmək meyilləri oldu. Bu, bizə əlavə güc verdi və imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də dövlətimizə bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.
Ermənistanda isə vəziyyət heç də ürəkaçan deyil. Məğlub və sındırılmış ölkə olan Ermənistan müharibədən aldığı zərbədən özünə gələ bilməmiş, daxildəki problemlərlə üz-üzə qaldı. Beləliklə, müharibənin qaynar fazasının bitdiyi ilk on günlük ərəfədə Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Ölkənin bütün təbəqələrindən baş nazirə qarşı istefa tələbləri səslənir. Baş nazir isə hakimiyyətini qorumağa çalışır. Səngimək bilməyən etiraz dalğası, hakim partiyada da istefalarla müşayiət olunur. Belə ki, son günlərdə üst-üstə hakim piramida və ümumiyyətlə, idarəetmə sistemi dağılır. Bir-birinin ardınca Xarici İşlər naziri Zöhrab Mnatsakanyan, Mnatsakanyanın müavini Şavarş Köçəryan, müşaviri Ruben Karapetyan, xüsusi tapşırıqlar üzrə səfir Karen Mirzoyan istefa veriblər. Bundan əlavə, Ermənistan Ətraf Mühit nazirinin müavini İrina Qaplanyan, Ermənistan Baş nazirinin müavini Tiqran Avinyanın ofisinin rəhbəri Varaq Siseryan da istefa veriblər. Ermənistan parlamentinin deputatı Qayane Abrahamyan mandatından imtina etdiyini, Taquhi Tovmasyan və Lusine Badalyan “Mənim addımım” fraksiyasından çıxdığını bəyan edib. Güman  edə bilərik ki, istefalar bu qədəri ilə də bitməyəcək və hakimiyyət nümayəndələri Nikol Paşinyanın səhvlərinin məsuliyyətini öz üzərlərinə götürməkdən tam imtina edəcək.
Düşmən ölkədən gələn xəbərlərin təhlili göstərir ki, orada ictimai-siyasi vəziyyət yalnız hakim komandanın dəyişəcəyi halda sakitləşə bilər. Bu da iki halda mümkündür - baş nazir Nikol Paşinyan və onun komandasının iqtidardan qeyd-şərtsiz əl çəkməsi, ya da növbəti inqilab və ya vətəndaş müharibəsi nəticəsində buna nail olunması. Hər halda aydın şəkildə müşahidə olunan odur ki, yaxın zamanda Ermənistanda işlər yoluna girməyəcək, hətta vəziyyətin daha da kəskinləşəcəyi  istisna deyil.
Vəziyyətin ciddiliyinin başa düşülməsi üçün  sadəcə bir faktı bilmək kifayətdir ki, hazırda ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Üçtərəfli bəyanatın elan olunmasından saatlar sonra baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb. Eyni zamanda, Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub.
Əslində, erməni cəmiyyətinin mövcud vəziyyətlə barışmaması və bu qədər nəzarətdən çıxmasının da əsas səbəbi məhz Paşinyanın apardığı yanlış siyasətdir. Çünki, Paşinyan nə hakimiyyəti, nə də 44 günlük müharibə dövründə heç vaxt mövcud vəziyyəti olduğu kimi xalqına çatdırmayıb. Xalqa daim Ermənistan tərəfinin döyüşdə üstün olduğunu aşılayan baş nazir, vaxt keçdikcə Azərbaycan tərəfinin kəndləri, rayonları işğaldan azad etdiyinə dair görüntüləri yaymasına rəğmən hələ də reallığı etiraf etməmiş və öz yalan təbliğatını davam etdirmişdir. İş o yerə gəlib çatmışdı ki, Şuşanın işğaldan azad olunmasının ölkə başçımız tərəfindən elan olunmasına baxmayaraq erməni tərəfi hələ də Şuşa uğrunda döyüşlərin getdiyini iddia edirdi. Amma həqiqət gec-tez üzə çıxmalıdır. Şuşanın işğaldan azad olunmasında sadəcə bir gün sonra Paşinyan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Xalq isə bu reallığı qəbul etməkdə hələ də çətinlik çəkir. Qısacası, düşmənin siyasəti tamamilə yanlış və qüsurlu idi. Onlar reallığı inkar etmək yerinə, xalqı məğlubiyyətə və güzəştlərə hazırlamalı idi. Düşmənin informasiya siyasəti bütün vasitələrlə Azərbaycanın qələbəsinin inkarı üzərinə qurulmuşdu. Amma indi məğlub Ermənistanın, məğlub baş nazirinin və onun saxta informatorlarının sözlərinə heç bir etimad qalmayıb. Ermənistanın hərbi-siyasi rəhbərliyi və mediası məğlubiyyətin rüsvayçılığını yaşayır. Xalq tərəfindən də məğlubiyyətin səbəbkarı məhz Paşinyan olaraq qəbul edilir.
Əminliklə deyə bilərik ki, döyüşlərin ilk günlərindən etibarən Azərbaycan Ordusu daim üstün olan tərəf idi. Döyüşün son günündə isə bu aktivlik pik həddə çatdı. Bir gündə 70-dən çox kəndin alınması hərb tarixində tez-tez rastlaşacağımız bir məsələ deyil. Buna görə də, Ermənistan məğlubiyyəti qəbul etməli və Azərbaycanın diktə etdiyi bütün şərtləri qəbul etməli oldu. Onun faktiki olaraq başqa çarəsi yox idi. Hərbi sahədə əldə etdiyimiz möhtəşəm qələbələr Azərbaycana siyasi müstəvidə də diktə etmək şansı verdi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.
Paşinyan isə hələ də nəyəsə ümid edir. Məsələ ondadır ki, Paşinyan və komandası iqtidardan zor və ya xoş əl çəksə də, çəkməsə də, bu, hələ erməni xalqının, nəhayət, qurtuluş yoluna çıxacağı anlamına gəlmir. Bir şey dəqiqdir ki, sayı cəmi 2 milyon yarım olan, blokada şəraitində inildəyən, müharibə nəticəsində daha fəlakətli iqtisadi-sosial duruma düşən ermənilər ölkədə hakimiyyət dəyişikliyindən öncə öz təfəkkürlərinə dəyişiklik etməli, “göylərdən yerə enməli” və ilk növbədə qonşu dövlətlər və xalqlarla dinc-yanaşı yaşamaq barədə düşünməlidirlər. Özü də ciddi şəkildə və tez bir zamanda. Çünki zaman, tarix və tale onlara artıq başqa “yol xəritəsi” qoymayıb.


Rüfət Əhmədov
YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri

Keçidlər