Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dövləti erməni vandallığının izlərini silməyə başlayıb

18 noyabr 2020 | 11:00
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun  44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı.  Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa  yolu qalmamışdı. Beləliklə, 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən  torpaq həsrətinə son qoydu, tarixi ədalət bərpa olundu. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşamaqda və Azərbaycanın  qələbəsindən sonra Qarabağa  yeni nəfəs gəlməkdədir. 
Müharibənin bitməsindən cəmi 10 gün keçməsinə baxmayaraq, artıq mənfur düşmənin izləri torpaqlarımızdan silinməyə, Qarabağın hər bir guşəsi çiçəklənməyə başlayıb. Əslində, hətta müharibə davam edən dövrdə belə  işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpası işləri aparılır və erməni vandallığının izlərinin silinməsi istiqamətində işlər görülürdü. İndi isə Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu isə öz növbəsində olduqca əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qaytarılmasının rəmzidir. Eyni zamanda, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir.
Bunlarla yanaşı, Cəbrayıl, Şuşa rayonlarına yeni elektrik dirəkləri quraşdırılıb. Şübhə yoxdur ki, bundan sonra da bu proses daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnət məkana çevriləcəkdir.  Bununla bağlı ölkə başçımız noyabrın 16-da Cəbrayıl şəhərinə səfəri zamanı demişdir: “Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq”.
Yəqin ki, bir çoxlarımız xatırlayırıq ki, hələ müharibə davam edən dövrdə ölkə başçısı müsahibələrində daim vurğulayırdı ki, Biz Qarabağa qayıdacağıq və o torpaqlarda həyatı bərpa edəcəyik.  Ölkə başçısının Türkiyənin "Haber Global” televiziya kanalına 12 oktyabr tarixli müsahibəsindən sitat: “Bütün o torpaqları biz cənnətə çevirməliyik. Onsuz da oranın mənzərəsi cənnətdir və uzun illər erməni tapdağının altında olmasına baxmayaraq, o torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq. Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar”.
Və bugünlərdə artıq bu prosesə start verilmişdir. Şübhə yoxdur ki, ən qısa zamanda Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır.İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaq, lazımi infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
Noyabrın 16-da Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.  Füzuli rayonuna  səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün avtomobilini saxlayaraq düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu,  izdihamla, sonsuz sevinc hissi ilə  qarşılanması da xalqın özünün Müzəffər Ali Baş Komandanına hüdudsuz  sevgisinin və ehtiramının təcəssümü idi. Həmin məqamda ona  qələbə sevincini yaşadan  Prezidentinə, Ali Baş Komandanına  xalq sonsuz sevgisini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev hər zaman çıxışlarında bu reallığı önə çəkir ki, daim xalqa arxalanır, ondan güc alır, qəbul etdiyi qərarlarda Prezident-xalq birliyi əsas yer tutur.  Təbii ki, hər zaman dövlətinin, xalqının  bu gününü və gələcəyini düşənən, qətiyyətli mövqeyi ilə  işğalçı Ermənistana və onun havadarlarına tarix, hüquq və milli qürür dərsi keçərək 30 ilin işğalına son qoyan ölkə Prezidentinə milyonların sevgisi şəksizdir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev  əslində böyük zəfərdən doğan  sevinc hisslərini öz xalqı ilə  bölüşmüş oldu. Bu gün bu fikri  böyük qürurla qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin  Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır.
44 günlük müharibənin yol açdığı tarixi qələbə münaqişə tərəfləri arasında köklü fərqi bütün sahələrdə dünyaya çatdırdı. Ermənistan heç zaman Azərbaycanla hansısa sahədə rəqabət aparmaq imkanında deyildi. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bəyan edib, ordusu haqqında güclü imic yaratmağa çalışsa da, 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar onun hər bir bəyanatının xülya olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Saysız-hesabsız hərbi texnikalarını məhv etdi və qənimət kimi götürdü. Müharibənin fərqli  nəticələrindən biri də budur ki,  Ermənistanda ola-ola öz xalqından gizlənən məğlub Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan  İlham Əliyev rəşadətli Ordumuzla  qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi.  “Qarabağ Azərbaycandır və nida”  deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və müharibə meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.


Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatı nın könüllüsü

Keçidlər