Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcək

19 noyabr 2020 | 11:00
Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. 44 günlük müzəffər hərbi və siyasi-diplomatik yürüyüşümüzün məntiqi davamı olan bu səfər  gələcəyə baxışımızın ifadəsi və təntənəsi idi. Vurğulayaq ki, Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs bayrağımızı dalğalandırması Milli Dirçəliş Günü ərəfəsinə təsadüf etdi və bu, əlamətdar gün münasibətilə bizlərə ən gözəl töhfə idi! 27 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan olaraq həmin torpaqlara ayaq basdı. Səfərdən yayılan anlamlı görüntülər, verilən ismarınclar dosta, düşmənə mesaj mahiyyəti daşıyırdı. Bayraq önündə diz çökən Müzəffər Ali Baş Komandan, Qarabağda hansı bayrağın dalğalanmalı olduğunu ömürlük möhür vururmuşcasına nümayiş etdirdi. İşğalçıya diz çökdürən Ali Baş Komandan  müqəddəs bayrağımız önündə diz çökdü, bayrağımızı öpdü, gözünün üstünə qoydu və sonra göylərə qaldırdı. Şübhəsiz ki, həmin anlarda Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbi fərəhlə, qürurla doldu. 
Azərbaycan xalqı üçün İkinci Qarabağ müharibəsi yeni tariximizin ən şanlı səhifəsidir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin canı-qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Ölkə başçımızAzərbaycan-Ermənistan Dağlıq Qarabağ müharibəsi ilə bağlı belə bir fikir səsləndirmişdir ki, bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Mübarizənin sonunda isə şər qüvvələri məğlub olub, Azərbaycan isə qalib gəlib.
Bəli, Ermənistanın uzun illərdir ki, işğal altında saxladıqları torpaqlarımıza baxanda həqiqətən də təəssüflənməmək mümkün deyil. Onlar vəhşiliklər törədib, evləri və məktəbləri yandırıb, ağacları və elektrik xətlərini qırıb. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Halbuki, həmin rayonlarda bir vaxtlar həyat qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə-yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bugünkü bu dağıntılar, viran qalmış kəndlər ermənilərin əməllərinin nəticəsidir. Bu şər qüvvələrinin əməlləridir. Heç bir sivil toplum və hakimiyyət bunu etməz.
İndi, bu torpaqlar işğaldan azad olunduqdan sonra oraya yenidən həyat qayıdacaq. Erməni vandallığının bütün izləri torpaqlarımızdan silinəcək. Və həmin torpaqlarda həyat öz əvvəlki axarına qayıdacaq. Bu istiqamətdə artıq işlər görülməyə başlayıb. Azərbaycan Prezidentinin bölgəyə səfəri zamanı  Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Bu yol imkan verəcək ki, Şuşaya rahat gediş-gəlış təmin olunsun. Eyni zamanda, xatırladaq ki, bu yol işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihə olmaq xüsusiyyətini də daşıyır. Qələbə günündən 8 və Ermənistanın kapitulyasiyasından sadəcə 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu Azərbaycanın gücünün və əzminin nəticəsidir. Biz bütün torpaqlarımızda bu layihələri icra edəcək və onlara həyat qaytaracağıq.
Ölkə başçısı da çıxışında görüləcək işlərlə bağlı danışaraq demişdir, hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. Məlumat üçün bildirək ki, işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib ediləcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək və infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq.
Səfər çərçivəsində Xudafərin körpüsünə də baş çəkən ölkə başçımız burada Azərbaycan bayrağını ucaltdı. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Çünki, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Ölkə başçımız səfər çərçivəsində bir çox açıqlamalar verdi. Bunlar arasında Ermənistanın törətdiyi vandalizm aktlarına görə cavab verməli olduğu fikri isə xüsusi diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir. Prezident İlham Əliyev onu da vurğuladı ki, son günlərdə erməni əhalinin Kəlbəcərdən çıxarkən törətdikləri vandallığın da cəzası olacaq. Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək.
Sonda bir daha bildirmək istəyirəm ki, nə olsa da, erməni tərəfi hansı vandallığı etsə də Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Ölkə başçısının çıxışında vurğuladığı məqamlardan biri də bununla bağlı idi. Ölkə başçısı bir daha qətiyyətlə bildirdi ki, heç bir status haqqında söhbət gedə bilməz. Və əlavə etdi, vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq.
Bəli, Dağlıq Qarabağa heç bir muxtariyyət verilməyəcək.  Erməni xalqı Azərbaycanda olan digər qeyri-millətlərlə eyni haqqa-hüquqa sahib olacaq. Nə kimsədən artıq, nə də əksik. Onsuzda obyektiv, məntiqli hər bir fərd qəbul edər ki, niyə torpaqlarımızda yaşayacaq  50 min erməni ölkəmizdə yaşayan 100 min rusdan daha çox hüquqa malik olmalıdır? Axı ədalət onlara hansısa əlavə haqq tanınması deyil. Ədalət, onların digər hər kəslə bənzər hüquqlara sahib olmasıdır. Və bu olacaq. Ölkə başçımızın da dediyi kimi onlar Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunları ilə yaşamalı, çalışmalıdır.

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər