Şriftin ölçüsü :

Saytın rəngi :

Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şəhididir

20 noyabr 2020 | 11:00
İkinci Qarabağ müharibəsi son əlli ildə dünyada yaşanan müharibələr içərisində "qısa müddət ərzində çox böyük effektli sonluqla yekunlaşan müasir müharibə nümunəsi" kimi hərbi-siyasi tarix kitablarına daxil ediləcəkdir. Bu müharibə nəticəsində Azərbaycan dövləti on illərdir ki, beynəlxalq qurumların - BMT, ATƏT və s. kimi nüfuzlu təşkilatların "sülhyaratma dəhlizləri"ndə düyünə salınmış, "həlli çox çətin olan münaqişələr" siyahısına daxil edilmiş Dağlıq Qarabağ problemini öz gücü ilə, xarici aləmdən heç bir dəstək almadan həll etdi. 30 ilə yaxın bir müddətdə erməni işğalı altında inləyən tarixi torpaqlarımız və yaşayış məskənlərimiz geri qaytarıldı. Yüz minlərlə ev-eşiyindən didərgin salınmış vətəndaşımızın öz doğma yurd-yuvasına qayıtmasına şərait yaradıldı.
İkinci Qarabağ müharibəsi ölkə başçısının rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək bacarığını nümayiş etdirdi. Bu gün tam məsuliyyətlə və qürur hissi ilə söyləmək olar ki, Azərbaycan xalqı və onun müzəffər Ali Baş Komandanı- Prezident İlham Əliyevin erməni işğalçılarına qarsı Qarabağda həyata keçirdiyi Vətən Müharibəsi gələcəkdə dünyanın əksər hərbi-siyasi salnamələrinə və tarix kitablarına daxil edilərək, xalqımıza qürur yaşadacaqdır.
Bu 44 günlük zaman çərçivəsində dünya nələrə şahidlik etdi? Ali Baş Komandanın liderliyinə, xalqın cənab Prezidentin ətrafında toplanmasına, ona dəstək verməsinə, sivil insanların raket hücumlarına qarşı sinə gərməsinə şahidlik etdi. Bundan əlavə, dünya müasir ordusu olan Azərbaycanımızı və torpaq üçün canlarını fəda edən igidləri gördü. Dünya can Azərbaycanın yanında qardaş Türkiyəni gördü. Bu müddətdə Türkiyə qardaş ölkəyə həm siyasi, həm də diplomatik dəstəyini verdi. Bu dönəmdə Azərbaycan və Türkiyə bir millət, iki dövlət deyil, elə bir millət, bir dövlət oldu.
Azərbaycanın qədim şəhəri olan Şuşa şəhəri noyabrın 8-i düşmən işğalından azad edildi.Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının gücünü, Ordunun peşəkarlığını, hərbçilərin cəsarətini və qəhrəmanlığını göstərdi. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi.
Qələbəmizdən çox keçmədən Azərbaycan hökuməti işğaldan azad olunan torpaqlarımızda quruculu işlərinə start verdi. Qələbə günündən cəmi 8 və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk layihəsidir. Ölkə başçısı  və birinci xanım Mehriban Əliyeva 17.11.2020 –ci ildə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında səfərdə olarkən bildirmişdir ki bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır.
Ölkə başçısı çıxışında vurğuladı ki, son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.
Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir.
Ölkə başçısı onu da vurğuladı ki, düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Səfər zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın hər bir azərbaycanlı üçün qürur yerinə çevrilmiş tarixi Xudafərin körpüsünü ziyarət etməsi xüsusi rəmzi məna daşıyırdı. Bu ziyarət onu göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmişə milli-mənəvi dəyərlərimizə sahib çıxıb və sadiqlik nümayiş etdirdilər.
44 günlük vətən müharibəsində Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu. İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu faktiki olaraq çökdürüldü və Ermənistana uzun illər ərzində rəhbərlik edən hərbi xunta rəhbərliyinə layiqli dərs verildi. Artıq elə bir vəziyyət yaranıb ki, Nikol Paşinyan öz canını erməni xalqının qəzəbindən qurtarmağın yolları haqqında fikirləşir. Tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür. Məhz xalqımızın ordumuza, Prezidentimizə, dövlətimizə göstərilən dəstəyinin nəticəsidir ki, Azərbaycan əsgərinin şücaəti sayəsində əzəli torpaqlarımız işğaldan azad edildi.
Sonda Ali baş Komandanın daim vurğuladığı kimi qeyd etmək istəyirəm ki,
QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!

Rauf Əliyev
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsul katibi

Keçidlər