Şriftin ölçüsü :

Saytın rəngi :

Güc və həmrəylik rəmzi olan dəmir yumruq: Xalq-iqtidar birliyi

20 noyabr 2020 | 11:00
27 sentyabrda başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları nəticəsində Azərbaycan ordusu işğal altında olan torpaqlarımızın böyük bir hissəsini hərb yolu ilə işğaldan azad etdi və düşmənə çox ağır zərbələr vurmaqla Ermənistanı təslim olmağa məcbur etdi. Şanlı Ordumuz tərəfindən Ermənistanın məğlub edilməsi və qələbənin təmin olunması dünya ictimaiyyətinə Azərbaycan xalqının haqq səsinin çatdırılmasına, əsrlər boyu davam edən erməni yalanlarının ifşasına və ən vacibi də ölkəmizin vətənpərvərliyinin, qələbə əzminin və xalq-iqtidar birliyinin nümayiş olunmasına gətirib-çıxardı. Qeyd edək ki, düşmən üzərində qələbənin qazanılmasında diplomatiya sahəsindəki uğurlarımız da xüsusi rol oynadı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin döyüşlərin getdiyi bir vaxtda ermənilərə havadarlıq edən iri dövlətlərin təzyiqlərinə və xarici mətbuat nümayəndələrinin qərəzli suallarına təmkinlə, əsaslı faktlarla cavab verməsi Ermənistanla aparılan lokal müharibədə Azərbaycana uğur gətirdi. Noyabr ayının 10-da Ermənistanın kapitulyasiyasını etiraf etməsi ilə imzalanan Bəyanat ümumilikdə Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirdi. İmzalanan üçtərəfli bəyanata görə işğal edilmiş Kəlbəcər, Laçın və Ağdam rayonları heç bir döyüş əməliyyatı olmadan Azərbaycana təhvil veriləcək və bununla da Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa ediləcək.
Bütün müharibə dövrü ərzində müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Bir-birinin ardınca əldə etdiyi qələbələrlə Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Ən mühüm məqamlardan biri də odur ki, vaxtilə işğal nəticəsində torpaqlarını tərk edən, illərdir ata-baba ocağına həsrət qalan, yurd nisgili yaşayan həmvətənlərimiz artıq məcburi köçkün olmaqdan can qurtardı və onların hər biri çox da uzun vaxt keçmədən öz doğma el-obalarına qayıdacaqlar. Dövlət tərəfindən bu istiqamətdə görüləcək işlərə artıq start verilib. Qələbə günündən 8 və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilməyə başlamışdır. Bu böyük quruculuq işlərinin ilk layihəsidir. Onu da xatırlatmaq yerinə düşərdi ki, hətta müharibə davam edən dövrdə də Azərbaycan dövləti bərpa və yenidən qurma işləri aparırdı. Belə ki, müharibənin ilk günlərində işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində avtomobil yollarının bərpası işləri aparılır və erməni vandallığının izlərinin silinməsi istiqamətində işlər görülürdü. Bunlarla yanaşı, artıq Cəbrayıl və Şuşa rayonlarının bəzi hissələrinə yeni elektrik dirəkləri quraşdırılıb. Şübhə yoxdur ki, bundan sonra da bu proses daim davam edəcək və işğaldan azad olunan ərazilərimiz cənnət məkana çevriləcəkdir. 
Azərbaycanın möhtəşəm qələbəsindən cəmi bir həftə sonra baş verə biləcək bütün təhlükələrə baxmayaraq Ali Baş Komandanımız cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər etdi. Səfər çərçivəsində vətəndaşlarımız bizlərə tarixi Qələbə hissi yaşadan Prezident İlham Əliyevə öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Ölkə başçımız əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu.
Səfərdə bir çox vacib açıqlamlar verən ölkə başçımız işğaldan azad olunmuş ərazilərdə görüləcək işlərlə bağlı da danışdı. Ölkə başçımız bildirdi ki, hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Prezident İlham Əliyev onu da vurğuladı ki, Ermənistan tərəfi törətmiş olduğu bütün vandallıqlara görə cavab verməli olacaq. Sitat: “Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək”. Bəli, Ermənistan tərəfi illərdir ki, torpaqlarımızı talan etmiş, el-obamızı viran qoymuşdur. Və indi onların cavab vermək zamanı gəlib çatdı. Etdikləri hər əməl üçün Ermənistan hökuməti məsuliyyət daşımalı və vurduqları ziyanın haqqını verməlidir. Biz əminik ki, onların bundan heç bir qaçışları olmayacaq və ədalət gec-tez zəfər çalacaq.
Yəqin ki, xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Azərbaycan Prezidenti bu baxımdan yaxşı mənada seçilən liderdir. Ölkəmizdə Azərbaycan Prezidentinə olan ehtiram, güvən, inam ən yüksək səviyyədədir. Əlbəttə ki, bu da əbəs deyil. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentimizin seçimi hər zaman xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı qələbə sevincini xalqı ilə bölüşərək, xalqın yanında oldu. Bütün təhlükələrə rəğmən müharibənin bitməsindən cəmi bir həftə sonra Prezident İlham Əliyev və birinci xanım Mühriban Əliyeva Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bu, həm də onu göstərdi ki, təhlükələrdən və çətinliklərdən çəkinməyən və öz xalqının maraqları naminə qətiyyətlə  mübarizə aparan Prezident İlham Əliyev öz cəsarətli addımları və siyasi iradəsi ilə seçilən bir liderdir. Ermənistan baş naziri isə öz ölkəsində belə qəbul olunmayan uğursuz bir şəxsdir. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçirilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib. Məğlubiyyətə düçar olmuş, öz yaxın adamlarını döyüşlərdə itirmiş qəzəblənmiş kütlələr onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazır olduğunu bəyan edir. Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir.
Mən hər bir azərbaycanlının Prezidentiyəm!” deyən dövlətimizin müdrik başçısı dediklərini dönə-dönə əməli işlərlə təsdiqləyir. Odur ki, xalq da həmişə öz dövlətini, öz liderini bütün işlərdə dəstəkləyir. Başqa sözlə, ən şad günlərdə də, ən çətin vaxtlarda da lider öz xalqının, xalq öz liderinin yanındadır. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyimizin səbəbidir. Bir sözlə, Azərbaycanda son aylar yaşanan hadisələr bir daha göstərdi ki, xalqımız ağır günlərdə bacarıqla bir nöqtəyə vura bilir. Prezident İlham Əliyev haqlı olaraq xalq-iqtidar birliyini Azərbaycanda sabitliyin inkişafının əsas şərti adlandırmışdır.
“Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər