Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

21 noyabr 2020 | 11:00
Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Ağdam rayonunun işğaldan azad olunması münasibətilə bütün ağdamlıları ürəkdən təbrik edən Prezident belə xitab etmişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.
      Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüququ beynəlxalq norma və prinsiplər tanıyır. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilibdir. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik.Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam rayon sakinlərinin sayı 204 mindir. Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb.Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək. Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir.
     Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə - işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Amma yenə də səhv etdilər. Bizim gücümüzü düzgün hesablaya bilmədilər. Bilmirdilər ki, bu gün Azərbaycan Ordusu, Azərbaycan vətəndaşı nəyə qadirdir. Bilmirdilər ki, bizi o Qələbəyə aparan həm gücümüzdür, texniki təchizatımızdır, həm də mənəvi ruhumuzdur. Bilmirdilər ki, Azərbaycan xalqı bütün bu illər ərzində bir arzu ilə yaşayır ki, öz dədə-baba torpağına qayıtsın. Bütün bu amillər və digər amillər bu Qələbəni şərtləndirdi.Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Ağdamlılar Birinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar, çoxlu şəhidlər vermişlər. İkinci Qarabağ müharibəsində - Vətən müharibəsində də cəsarətlə vuruşmuşlar, şəhidlər vermişlər. Mən fürsətdən istifadə edərək bu Qələbəni bizə bəxş edən bütün şəhidlərimizi yad etmək istəyirəm, Allah onlara rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin valideynlərinə, yaxınlarına bir daha müraciət edərək onlara öz təşəkkürümü bildirirəm ki, belə gözəl, igid övladlar yetişdiriblər dövlətimiz üçün, xalqımız üçün. Yaralı əsgərlərimizə, zabitlərimizə tezliklə normal həyata qayıtmağı arzu edirəm. Allah onlara şəfa versin. Onların reabilitasiyası ilə bağlı artıq tədbirlər planı hazırlanır, müvafiq göstərişlər verilib. Onlar daim diqqət mərkəzində olacaqlar. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu da çox vaxt aparan bir məsələdir. Çünki mənfur düşmən böyük əraziləri minalaşdırıb. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Bizim indi peyk imkanlarımız və digər imkanlar var. Mən Füzuli və Cəbrayıl rayonlarına səfər edərkən artıq qısa müddət ərzində salınmış yeni yoldan istifadə etdim.
          Hazırda Qarabağ bölgəsində mövcud olan coğrafi vəziyyət, əlbəttə ki, bizim imkanlarımızı qat-qat artırıb. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, kimin əlində hansı imkanlar var. Ona görə mən bir daha sözümü demək istəyirəm. İndi Ermənistanda daxili böhran hökm sürür. Bu da təbiidir. Çünki hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümlərə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin! Bundan sonra təbii ki, bu bölgədə Azərbaycanın imkanları genişlənəcək, o cümlədən təsir imkanları. Amma bizim imkanlarımız yalnız əməkdaşlığa hesablanıb. Bu günə qədər yaşadığımız bu bölgədə gördüyümüz bütün işlər əməkdaşlığa təkan verib. Bütün layihələrimiz - energetika, nəqliyyat, humanitar layihələrimiz əməkdaşlığı dərinləşdirir. Biz bir dənə də səhv addım atmamışıq, misal üçün qonşumuza hansısa problem yarada biləcək bir dənə də addım atmamışıq.Biz isə bundan sonra inkişaf yolumuzla daha sürətlə gedəcəyik. Biz döyüş meydanında istədiyimizə nail olduq. Əsgər və zabitlərimiz öz gücünü göstərdi. Biz siyasi müstəvidə gücümüzü göstərdik və üçtərəfli Bəyanat bizim maraqlarımıza tam cavab verir. Məhz buna görə bu Bəyanat dünyanın gözü qarşısında imzalandı, Rusiya Prezidenti və mən. Amma Ermənistanın baş naziri bunu harada imzalayıb onu hələ ki, yəqin etmək mümkün deyil.
     Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda xalq-iqtidar birliyi. Bax, budur fərq. Budur bizim gücümüz. Bizim gücümüz birliyimizdədir. Güc və birlik. Yəqin, Azərbaycan xalqı xatırlayır, son 3-4 il ərzində mən öz çıxışlarımda dəfələrlə demişdim ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.Bu gün Ağdamın azad olunması xəbərini xalqıma böyük qürur hissi ilə çatdırıram, bu müjdəni verirəm. Bu gün bizim yaşadığımız günlər, yaşadığımız anlar, əminəm ki, hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir. Bundan sonra biz, ilk növbədə, işğaldan azad edilmiş torpaqlara vətəndaşlarımızın qaytarılmasını təmin etməliyik. Bütün gücümüzü səfərbər etməliyik. Bütün maddi imkanlarımızı səfərbər etməliyik ki, tezliklə vətəndaşlarımızı doğma torpaqlarına qaytaraq.Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Ağdam bizimdir! Qarabağ Azərbaycandır!
Keçidlər