Birinci Qarabağ müharibəsində ən çox şəhid verən Ağdam şəhidsiz və itkisiz geri qaytarıldı
Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu tamamilə işğaldan azad edildi. Azərbaycan Ordusunun nəzarəti altına keçən şəhərin mərkəzində Azərbaycanın dövlət bayrağı ucaldıldı və Dövlət Himni səsləndirildi. Bu görüntüləri görmək hər birimizdə sonsuz sevinc, fəxarət və qürur hissləri oyatdı. Hamımız bilirik ki, Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. Ağdam heç vaxt düşmənə baş əyməmiş, sonuna qədər vuruşmuşdur. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Ancaq, bugün doğma Ağdamımız bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıtdı. Əlbəttə ki, bu, Azərbaycan Ordusunun şanlı hərbi Qələbəsi nəticəsində mümkün oldu. Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Buna görə də biz bugün heç bir itkisiz Ağdamı geri almağımıza görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarıq.
Xatırladaq ki, Ağdamın işğalından sonra erməni silahlı birləşmələri xüsusi amansızlıqla еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə divan tutdu. Bugün Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmayıb. Şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”ni xatırladır. Məlumat üçün bildirək ki, 2000-ci illərdə “Lonely Planet” jurnalı Ağdama “Qafqazın Hirosiması” adını vermişdi. Bir vaxtlar tarixi abidələri, canlılığı və sənayesi ilə məşhur olan Ağdamımız işğaldan sonra tamamilə məhv edilmiş, şəhər viran qoyulmuşdur. Ancaq biz əminik ki, çox da uzun olmayan bir vaxt dilimindən sonra Ağdam yenidən köhnə günlərinə qayıdacaq. Hətta əvvəlkindən də yaxşı olacaq. Biz buna inanırıq və o günü böyük səbrsizliklə gözləyirik.
20 noyabr tarixində Ağdamın işğaldan azad olunması münasibətilə Prezident İlham Əliyev xalqa müraciət etdi. Müraciətində bir çox vacib məqamlara toxunan ölkə başçısı ilk olaraq ağdamlıları bu gözəl gün münasibətilə təbrik etdi və bildirdi ki, Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bununla yanaşı ölkə başçısı vurğuladı ki, əhalisinin sayına görə ən böyük rayon olan Ağdamın 73 faizi mənfur düşmən tərəfindən işğal edilmişdi. Prezident onu da qeyd etdi ki, Ağdamın bizim nəzarətimizdə olan hissəsində son illər böyük quruculuq, abadlıq işləri görülmüş, sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmış, 18 köçkün şəhərciyi salınmışdır. Dövlət başçımız vurğuladı ki, indi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz Ağdam şəhərini bərpa edəcəyik. Beləliklə, baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.
Ölkə başçısı nitqində vurğuladı ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır və bunu beynəlxalq ekspertlər də qeyd edirlər. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.Bundan sonra bu torpaqların abadlaşdırılması ilə bağlı tədbirlər görüləcək. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Ondan sonra infrastruktur layihələri ilə bağlı işlər aparılmalıdır. Bununla da bağlı artıq göstəriş verilib, mövcud infrastruktur təhlil edilir. Yəni, bütün bu işlər görüləcək və böyük qayıdış planı hazırda tərtib edilir.
Ölkə başçısının nitqi ərzində toxunduğu məsələlərdən biri də iki ölkə ordusunun və ordu rəhbərliyinin müqayisəsi ilə bağlı oldu. Cənab Prezident vurğuladı ki, onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Bu ölkəyə ancaq bir ad vermək olar- uğursuz ölkə. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə”. Daha sonra erməni xalqı ilə bağlı da danışan dövlət başçısı qeyd etdi ki, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq.Ölkə başçısı qətiyyətlə bildirdi ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir.
Azərbaycan Prezidentinin nitqində diqqət çəkən məqamlardan biri də Azərbaycanın Ermənistanla, əgər sağlam qüvvələr hakimiyyətə gələrsə əlaqələr qurmağa hazır olduğunu bəyan etməsi oldu. Ölkə başçısı bildirdi: “İndi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz o sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!”.
Dövlət başçımızın çıxışında daha bir vacib məqam isə Qərb ölkələri tərəfindən Ermənistana tətbiq edilən ikili standartlarla bağlı oldu. Ölkə başçısının qətiyyətli fikirləri Qərbin ədalətsiz mövqeyini bir daha gün üzünə çıxardı. “Ermənistanda gündə hansısa müxalifət lideri həbs olunur, özü də tamamilə əsassız. Bir Qərb ölkəsi buna reaksiya veribmi? Yox. Bunu qınayıbmı? Yox. Əsas müxalifət partiyalarının rəhbərləri həbs olunub. Bir nəfər də söz demir. Avropa Şurası haradasan? Azərbaycana xor gözlə baxan, bizi qaralamağa çalışan, haradasan Avropa Şurası, niyə susursan?”.
Ölkə başçısı müharibənin qaynar dövrü ərzində Azərbaycana olan təzyiqlərə də toxunaraq vurğuladı ki, bizə müharibənin ilk günlərində şərt qoymaq istəyən, hədələmək istəyən, şərləmək istəyən ölkələrin, bəzi Qərb ölkələrinin nümayəndələri sərt cavabımızı aldılar. Gördülər, biz o ölkələrdən deyilik ki, kiminsə qabağında baş əyək və mən də o liderlərdən deyiləm ki, kimdənsə nə isə qəbul edim, hansısa sözü. Artıqlaması ilə cavab vermişəm və verəcəyəm lazım gəldikdə. Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz.
Sonda bir daha Ağdamlıları təbrik edən Ali Baş Komandan əminliklə bildirdi ki, Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.
Ölkə başçısını son sözü isə bizə bir daha qələbə anını yaşatdı.
Ağdam bizimdir! Qarabağ Azərbaycandır!
Samir Hüseynov
YAP Pirallahı rayon təşkilatının könüllüsü