Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan müstəmləkə ölkədir

24 noyabr 2020 | 11:00

Azərbaycan 30 ilə yaxındır ki düşmən əsarətində qalan torpaqlarını ay yarımdan az bir müddətə işğaldan azad etməklə öz gücünü bütün dünyaya sübut etdi.  Azərbaycan əsgəri sübut etdi ki, Azərbaycan xalqı başqa millət və xalqlara örnək olacaq qədər mübarizlik, mədəniyyət və  döyüşkənlik əzminə malikdir.  Döyüş meydanında erməni ordusunun darmadağın edilməsi ilə nəticələnən döyüşlərin 44-cü günündə Ermənistan məğlub olduğunu etiraf edərək üçtərəfli Bəyannaməyə imza atmaq məcburiyyətində qaldı. Bəyannamənin bütün şərtləri Azərbaycanın qələbəsini təsdiq edən, torpaqlarımızın qalan hissəsinin də qeyd-şərtsiz işğaldan azad olunmasını tələb edən şərtlərdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyevin noyabr ayının 20-də xalqa müraciəti zamanı bildirdiyi kimi - Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
Üçtərəfli Bəyannamənin şərtlərinə uyğun olaraq 20 noyabr tarixində Ağdam rayonunun işğal altında olan hissəsi erməni hərbi separatçılarından təmizlənərək Azərbaycana təhvil verildi. Bu, xalqımızın zəfər qələbəsidir. Ağdamın işğaldan azad olunmasının ən üstün məqamı isə bir güllə atılmadan, heç bir itki vermədən torpaqlarımızın geri qaytarılmasıdır. Bu, Azərbaycan diplomatiyasının uğurudur. Bu uğurun isə arxasında 44 gün ərzində Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaət dayanır.
Ağdam rayonunun işğaldan azad edilməsi təkcə ağdamlılar üçün deyil, bütün azərbaycanlılar üçün tarixi əhəmiyyət kəsb edir. Qarabağın İqamətgahı sayılan Ağdam rayonu işğal altında olan rayonlar arasında ən böyük əhali sayına malik olmaqla yanaşı, işğal olunmamışdan əvvəl geniş infrastruktura, meşə zolağına, inkişaf etmiş sənaye və kənd təssərrüfatına malik bir rayon idi.  Füsunkar təbiətə və relyefə malik olan rayon haqqında ümummilli lider demişdir: “Ağdamlılar xoşbəxtdirlər ki, onların belə gözəl diyarı var”. 
Ağdamın işğaldan azad edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sözlərilə desək – Azərbaycan xalqının tarixi, zəfər qələbəsidir.
Rayonun Azərbaycan dövlətinin ərazilərində olan hissəsində son illər ərzində böyük quruculuq, abadlıq işləri aparılmışdır. Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
2010-cu ilin noyabr ayında erməni separatçıları Ağdamın adını dəyişərək “Akna“ qoymuş və rayonun işğal edilmiş ərazilərində 360 nəfər qanunsuz olaraq daimi məskunlaşmışdır. Ermənistan məktəbləri üçün hazırlanan dərsliklərdə qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələri dərc edilərkən orada işğal edilmiş bütün torpaqlar bu qondarma quruma aid edilmişdir.  Ağdamın işğaldan azad olunması ermənilərin növbəti uydurmalarının ifşası deməkdir. İşğal altında qaldığı müddətdə ermənilər Ağdamın təbii sərvətlərini, flora və faunasını məhv etmiş, Ağdam şəhərində bir salamat tikili belə saxlamamışlar. Bu işğal ümumilikdə rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır.
Ağdamın yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacağını xalqa müraciətində qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev vurğulamışdır ki: İndi  Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var.  Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək. Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.
Azərbaycanın Ermənistan üzərində qələbəsini rəsmiləşdirən üçtərəfli Bəyannamə nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir. Ermənistan döyüş meydanında biabırçı məğlubiyyəti ilə dünya siyasi meydanında da rüsvay oldu. Bu rüsvayçılığın səbəbi və səbəbkarı Paşinyan və ona qədərki erməni liderlərinin, erməni xalqının işğalçılıq siyasətidir. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edən işğalçı Ermənistan regionun bütün dövlətləri ilə münasibətlərini korlamışdır. İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil.
Xalqa müraciətində Ermənistanın bugünkü vəziyyətinə toxunan Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki: Ermənistan faktiki olaraq müstəmləkədir. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar.
Ermənistanın məğlubiyyətlərinin əsas səbəbindən biri də ölkədə iqtisadi, siyasi çətinliklər fonunda erməni xalqının öz dövlətinə olan inamsızlığıdır. Ermənistanın siyasi arenasında baş verən hadisələr bu ölkənin bir dövlət kimi məhvindən xəbər verir.  Uzun illər regionda öz maraqlarını güdən bəzi Qərb ölkələri Ermənistana havadarlıq etməklə ondan bir vasitə kimi istifadə etmişlər. Azərbaycan Prezidentinin siyasi arenada qələbəsindən sonra həmin dövlətlərin kənara çəkilməsi Ermənistana və onun havadarlarına dərs olmalıdır.
Ermənistanın yeganə xilas yolu bundan sonra işğalçılıq prinsiplərindən və ərazi iddialarından əl çəkərək Dağlıq Qarabağda erməni əhalisinin Azərbaycanın tərkibində  Azərbaycan qanunlarına əməl edərək yaşamasıdır.
Bu gün bütün dünya gördü ki, Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur.
Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var.
Niqində Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: Azərbaycanın  gücü milili  birlikdədir.
Azərbaycan Prezidenti beynəlxalq vəziyyəti düzgün təhlil edərək ölkənin güclənməsi yolunda ardıcıl addımlar atmış, lazım olan anda düşməni məğlub etmək üçün zərbə endirilmişdir.
Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!
Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər