Şriftin ölçüsü :

Saytın rəngi :

27 illik Ağdam həsrətinə son. Prezident İlham Əliyev Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı

26 noyabr 2020 | 11:00
Qarabağın aranı ilə dağlıq hissəsinin əsas qapısı olan Ağdam tək Qarabağın yox, ümumilikdə, Azərbaycanın AĞ DAMI idi!
Ağdam sovet dövründə, Azərbaycanın böyük elmi, iqtisadi potensiala malik iri şəhərlərindən biri idi. İldə üç dəfə məhsul verən münbit torpaqlı rayon daha çox kənd təsərrüfatı ilə öndə idi. Bununla yanaşı, Ağdam Azərbaycana görkəmli dövlət, elm, mədəniyət xadimləri də bəxş etmişdi: Xudu Məmmədov, Adilə Namazova, Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik  Zakir  Məmmədov, Rəşid və Ziyəddin Göyüşovlar və b. Sıranı o qədər uzatmaq olar ki, amma buna ehtiyac yoxdur. Hər birimiz Ağdamın tarixini, bizim üçün dəyərini, qiymətini onsuzda bilirik. Biz bilirik ki, Ağdamın hər abidəsi, hər kəndi, hər küçəsi, hər məhəlləsi özünəməxsus idi. Elə yerlər vardı ki, rayonun rəmzi, simvolu idi: Qoşa minarəli məscid, Qarabağ xanı Pənahəli xanın, Xan qızı, şairə Xurşidbanı Natəvanın və oğlunun məzarları qorunan İmarət,  Ağdam Çörək muzeyi, ağ dəmir günbəzli "Çay evi" və s.
Ağdamın bir xüsusiyyəti də onun sakinləri ilə bağlı idi. İşgüzarlığı, zəhmətsevərliyi, fərasəti, məğrurluğu ilə seçilən ağdamlılar həm də vətənpərvərlikləri ilə göz doldururdu. Məhz bunun nəticəsidir ki, I Qarabağ müharibəsində ən çox şəhid verən rayon Ağdam idi: 5897 şəhid, 3531 nəfər əlil. Onu da vurğulayaq ki, Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsində də ağdamlılar fəal iştirak etmiş və şəhidlər vermişdir.
Nəhayət bugünlərdə-20 noyabr tarixində Ağdam düşmən tapdağından azad edildi və şanlı Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu qürur, fəxr dolu anlar hər bir ağdamlının və azərbaycanlının həyatında unudulmaz xatirə kimi yaddaşlara həkk olundu. 27 illik həsrətdən sonra doğma Ağdamımızda Azərbaycanın Dövlət Bayrağı ucaldıldı, himni səsləndirildi. Cümə məscidində Azan oxundu, namaz qılındı. Bu anları gözləri dolmadan, qəlbi fərəh hissi ilə dolub-daşmadan izləmək yəqin ki mümkünsüzdür. Ancaq həm də Ağdamdan gələn görüntülər hər birimizin qəlbini parça-parça etdi. Çünki vaxtilə on minlərlə insanın yaşadığı, qaynar həyatın olduğu, Qarabağın ən görkəmli məkanlarından biri olan, müharibənin ağrı-acısından qaçarkən bir çoxlarının ümid, pənah yerinə çevrilən Ağdamda indi salamat bir bina, bir tikili qalmayıb. Erməni işğalçıları xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çevirdilər, şəhəri darmadağın etdilər. Şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”ndən fərqsizdir. Ancaq heç nəyə baxmayaraq bizlər ümid və qürur doluyuq. Çünki, biz bilirik və əminik ki, Ağdamın dünənkindən də parlaq sabahı hələ qabaqdadır...
Ağdamın Ordumuzun nəzarətinə keçməsindən cəmi 3 gün sonra- 23 noyabr tarixində bütün risklərə və təhlükələrə baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı və Ağdam məscidini ziyarət etdi. Ziyarəti zamanı Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı və birinci xanım Mehriban Əliyeva ilə birikdə məsciddə dua etdilər.
Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi. Çıxış bir çox maraqlı və vacib anlarla yaddaşlara həkk olundu.
İlk olaraq, Azərbaycan xalqını, xüsusilə də ağdamlıları təbrik edən ölkə başçısı bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtdığımızı vurğuladı.
Ölkə başçısı bildirdi ki, indiyə qədər beynəlxalq müstəvidə böyük işlər aparılmış və hüquqi baza yaradılmışdır. Sitat: “2003-cü ildən bu günə qədər bütün bu lazımi addımlar atıldı və biz siyasi müstəvidə qələbə qazandıq”. Çıxışının gedişində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsinin vacibliyindən danışan ölkə başçısı bildirdi ki,  İkinci Qarabağ müharibəsi dövründə BMT-də, BMT Təhlükəsizlik Şurası tərəfindən yeni qətnamənin qəbul edilməsi cəhdləri baş vermişdir. O qətnamə qəbul edilsəydi, əlbəttə ki, bizi dayandıra bilməzdi, ancaq lazım olmayan bir mənzərə yarana bilərdi. Məhz Qoşulmama Hərəkatına üzv ölkələr o qətnamənin qəbul olunmasına imkan vermədilər, bizi dəstəklədilər. Bu bizim siyasi müstəvidə qazandığımız vacib qələbədir. Bununla yanaşı, biz informasiya müharibəsində də qələbə qazandıq. Biz Xocalı soyqırımı haqqında dünyaya dolğun məlumat verdik. “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni yaratdı və dünya ictimaiyyətinə çatdırdı. Daha sonra ölkə başçısı Azərbaycanın iqtisadi imkanlarından da danışaraq bildirdi ki, bu gün biz iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız var və bu, imkan verir ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynadı. Əlbəttə ki, bu amillərin hər biri  gücümüzü artırdı, qələbəmizi şərtləndirdi. Ancaq o, amillərin arasında birinci nömrəli məsələ hərbi gücdür. Təsadüfi deyil ki, cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Eyni zamanda, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq. Beləliklə, Ali baş Komandan qələbəni şərtləndirən bütün amillər barədə ayrı-ayrılıqda məlumat verərək 30 ildən sonra gələn zəfərin - illərdir əldə edilmiş nailiyyətlərin və planlanmış dövlət strategiyasının məntiqi davamı olduğunu gözlər önünə sərdi.
Ölkə başçısının çıxışı zamanı toxunduğu məsələlərdən biri də Ermənistanın kapitulyasiya aktına qol çəkməyə məcbur edilməsi ilə bağlı oldu. Ölkə başçısı qətiyyətlə bildirdi ki, Ermənistan hakimiyyəti vaxtında Onun sözünə qulaq assaydı indi bu rəzil durumda olmazdı. Düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək, havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Ancaq səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. Ölkə başçısı onu da vurğuladı ki, əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, əlavə minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz onsuzda Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. Hərbi cinayətkarları məhv etmişik, onların tör-töküntülərini məhv etmişik. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Ölkə başçısı qətiyyətlə qeyd etdi, Koçaryan, Sarkisyan bizim qabağımızda diz çökdü, Onlar İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Sitat: “Mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.
Ölkə başçısının çıxışında yer verdiyi növbəti məsələ isə, müəyyən Qərb dairələrinin xristian məbədləri ilə bağlı “narahatçılıq”larını dilə gətirməsi ilə bağlı oldu. Ölkə başçısının məsələyə münasibəti kifayət qədər açıq və sərt oldu. “Heç kim narahat olmasın, xüsusilə Qərb dövlətlərinin liderləri, hansılar ki, islamofob hissləri alovlandırırlar. Hansılar ki, İslam müqəddəslərinin təhqirlərinə göz yumurlar və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Onların haqqı yoxdur bu barədə danışmağa, bu, birincisi. İkincisi, bizim ərazimizdə olan bütün məbədlər tarixi sərvətimizdir........ Kim bizə irad tuta bilər? Məscidləri bağlayan? Yaxud da ki, müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan bizə dərs deyəcək, narahatlıq ifadə edəcək? Bizə heç bir narahatlıq ifadə etmək lazım deyil. Bizim bütün tarixi abidələrimiz dövlət tərəfindən qorunur”.
Bəli, həqiqətən də öz ölkələrində dini etiqad azadlığına heç bir hörmət qırıntısı göstərməyən, hətta hansısa dinin təhqir olunmasına göz yumanlar indi  Azərbaycana dini mövzularda dərs verməyə çalışır. Absurddur! Azərbaycan yüz illərdir fərqli dinlərə, inanclara mənsub insanların yanyana, ailə kimi yaşadığı bir dövlətdir. Təkcə İkinci Qarabağ müharibəsində Vətənin keşiyində duraraq, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə baxsaq içlərində rusun da, yəhudininin də və digər milli mənsubiyyətə malik vətəndaşlarımızın da olduğunu görə bilərik. Bu o, deməkdir ki, dinindən ya da mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan hər bir kəs Azərbaycanı öz doğma torpağı, vətəni bilir. Bu normaldır. Çünki biz hamımız bir əlin barmaqları kimi  bu dövlətin parçalarıyıq. Bizim dövlətimizdə heç bir kəs dini inancına görə sıxışdırılmır, təzyiqə məruz qalmır. Bizdə Məscidə də, Kilsəyə də, Sinaqoqa da eyni hörmət, ehtiram göstərilir. Azərbaycan xalqı bilir ki, onların hər biri Allahın evidir və hər biri eyni hörmətə layiqdir. Buna görə də dini etiqad azadlığına hörmət olunması ilə bağlı sözün əsl mənasında “sinifdə qalan” ölkələrin bizə dərs verməyinə ehtiyac yoxdur. Onlar ilk öncə güzgüyə baxıb, səhvlərindən dərs çıxarsınlar. Azərbaycana söz demək üçün onların heç bir mənəvi haqqı yoxdur.
Ölkə başçısı son olaraq bir daha vurğuladı ki, biz Ağdam şəhəri və onun kəndləri bərpa ediləcək. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü göstərəcəyik.
Sonda mən də böyük fəxrlə bildirmək istəyirəm ki, Ağdam artıq narahat ruhların şəhəri deyil, Ağdam indi onu bərpa etməyə, qurub-yaratmağa hazır insanların şəhəridir. Mən tam  əminəm ki, çox da uzun olmayan bir müddətdən sonra Ağdam köhnə cah-cəlallı vaxtlarına qayıdacaq. Hətta əvvəlkindən də görkəmli, yaraşıqlı, əzmətli olacaq. Çünki indi Ağdamı sıfırdan yaradacaq güclü dövlət və Onun rəhbəri cənab İlham Əliyev var. Biz hər birimiz 27 ildən sonra Ağdamı işğaldan xilas edən Ali Baş Komandana inanırıq və Onun ətrafında sıx birləşmişik . 27 ildən sonra bizə Ağdamı qaytaran lider, onu əvvəlkindən də gözəl bərpa edəcək və ağdamlıları öz yurd-yuvasına qaytaracaq.
Ağdam bizimdir! Qarabağ Azərbaycandır!


Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər