Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir

27 noyabr 2020 | 11:00
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü Qələbə ilə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Ordumuz Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını aldı, “güclü erməni ordusu” mifini darmadağın etdi və 30 ilə yaxındır ki, işğal altında qalan torpaqlarımızı işğaldan azad etdi. Ordumuz Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşanı  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Məlumat üçün bildirək ki, Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi. Beləliklə, Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan, bir şəhid vermədən azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Ərazisinə görə Azərbaycanın ən böyük rayonu olan Kəlbəcərin erməni işğalından azad edilməsi Ali Baş Komandanımızın, Azərbaycan xalqının və onun baş tacı olan Milli Ordumuzun nəhəng tarixi zəfəridir. Odlar yurdunun bu qədim məskəninin düşmənlərdən birdəfəlik təmizlənməsi həm ölkəmizin, həm də Kəlbəcərin bundan sonrakı həyatında ən fərəhli anların yaşanmasına səbəb olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir ki, Kəlbəcər qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Dövlətimizin başçısı bu böyük qələbə münasibətilə kəlbəcərliləri, bütün xalqımızı təbrik edərək demişdir ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvənin keçidinə şərait yarandı. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də, böyük üstünlüklər təmin edildi.
Prezident İlham Əliyev onu da vurğuladı ki, Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,  bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi, bir milyon insanın doğma yurdundan didərgin salınaraq ağır vəziyyətə düşməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı. Nəticədə daxili qarışıqlıq rayonlarımızın üst-üstə işğal altına düşməsinə gətirib çıxarmışdı.
1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. Ölkə başçısı nitqində 1992-93-cü illərin Azərbaycan hakimiyyətini, bugünkü məğlub Ermənistanla müqayisə edərək bildirdi, AXC hakimiyyətində təmsil olunanların  obrazı  kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Cənab İlham Əliyev onu da vurğuladı ki, Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi
Prezident İlham Əliyevin nitqində yer verdiyi məsələlərdən biri də düşmənin Kəlbəcərdə törətdiyi vəhşiliklərlə bağlı oldu. Ölkə başçısı demişdir: “Görün, biz kimlərlə, hansı vəhşilərlə üz-üzə idik! Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik”. Beləliklə, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Həqiqətən də Kəlbəcərdən qaçan sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Belə ki, ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırır, ağacları qırır, meşələrə od vurur, elektrik dirəklərini çıxarır, yanlarında apara bilməyəcəkləri heyvanları öldürüb, leşlərini əraziyə atırlar. Yəqin ki, bu, məğlub Ermənistan tərəfinin Müzəffər Azərbaycan Ordusu qarşısında düşdükləri aciz durumun qisasını almaq cəhdləridir. Amma onlar nə etsə də reallığı dəyişdirə bilməz. Kəlbəcər bizimdir! Və Ermənistan bu barbarlıqlarının cəzasını çəkməlidir. Ümumiyyətlə, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Və buna görə bizim düşməni məsuliyyətə cəlb etmək ixtiyarımız və biz bunu edəcəyik. Onlar mütləq törətdikləri əməllərə görə cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə.
Çıxışında Kəlbəcərin bərpa ediləcəyini, o yerlərə həyat qayıdacağını bildirən Prezident İlham Əliyev vurğulayıb ki, Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Ölkə başçısı bunu da vurğuladı ki, tapşırıq verilib ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır. Sitat: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə”.
Sonda bir məqamı da vurğulamaq istəyirəm ki, Ulu öndərimiz Heydər Əliyevin 1996-cı ildə Kəlbəcər ictimaiyyəti ilə görüşündə ifadə etdiyi “Vaxt gələcək ki, Kəlbəcər öz əvvəlki dövrünə qayıdacaq və ondan da gözəl olacaq” sözlərinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yerinə yetirildiyini görmək hər birimizdə böyük iftixar və qürur hissi yaradır. 27 illik həsrətdən sonra nəhayət Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!


Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər