Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi

28 noyabr 2020 | 11:00
Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış məmləkətimizin yüz illərdir var olmasının kökündə dayanan ən ümdə səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan əcdadlarımız Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar. Bu səbəbdən də Azərbaycana göz dikib onu istila etmək istəyənlərin arzuları həmişə gözlərində qalıb.
Sözsüz ki, tarixin hər bir dövründə xalqı öz arxasıyca apara bilən siyasi qətiyyəti, vətən və xalq sevgisi ilə hər bir kəsə nümunə ola biləcək liderlərə ehtiyac duyulub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev də məhz o şəxslərdəndir. Hakimiyyətə gəldiyi ilk gündən etibarən torpaqlarımızın işğaldan azad edilməsini başlıca məqsəd sayan cənab İlham Əliyev münaqişənin dinc yolla, qan tökülmədən, beynəlxalq qanunların və qəbul edilmiş qərar və qətnamələrin icrasına əsasən həlli üçün daim danışıqlar prosesinə üstünlük versə də, hərb yolu ilə erməni təcavüzə son qoyulacağı ehtimalını da heç vaxt istisna etməyib.
XIX əsrin əvvəllərindən başlayaraq regiona yerləşdirilən ermənilər Azərbaycana məxsus tarixi ata-baba yurdumuzun ən gözəl məkanlarını zəbt etmək uğrunda təkcə 20-ci yüzillikdə iki dəfə xalqımıza qarşı soyqırımlar, qətliamlar həyata keçiriblər. Keçən əsrin 80-ci illərin sonu, 90-cı illərinin əvvəllərində sovetlər birliyinin dağılmasından sonra yenicə müstəqillik qazanmış Azərbaycanda baş verən hakimiyyət uğrunda çəkişmələrdən, o dövrkü rəhbərliyin səriştəsizliyi və ordunun tam formalaşmamasından istifadə edən ermənilər havadarlarının köməyi ilə Qarabağ və ətraf 7  rayon dail olmaqla torpaqlarımızın 20 %-ni işğal etdi. Keçən müddət ərzində ərazi bütövlüyü təcavüzə uğrayan tərəfin Azərbaycan olmasına baxmayaraq ölkəmiz daima səbir göstərərək torpaqlarının sülh yolu ilə geri qaytarılmasını ümid etmişdir. Düz 27 il Ermənistan danışıqlara dəvət olundu, ancaq başa düşmədi. Sentyabrın 27-dən bəri isə yumruq başına dəyən kimi başladı dünya liderlərinə yalvarmağa. Bu yalvarışların da xeyri olmadı. Çünki təkcə döyüş meydanında deyil siyasi arenada da ermənistan iflic, dünya birliyindən təcrid olunmuş vəziyyətə salındı. Azərbaycanin Vətən müharibəsi adlandırdığı və cəmi 44 gün davam edən döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı daxil olmaqla 4 rayon, Şuşa  və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etdi. Döyüş meydanında düşmənə vurulan zərbə nəticəsində Ermənistan ordusunun canlı itki ilə yanaşı hərbi texnikası tamamilə məhv edildi və ya qənimət kimi götürüldü. Döyüşlərin davam edəcəyi təqdirdə daha acınacaqlı vəziyyətlə üzləşəcəyini dərk edən Ermənistan məğlub olma haqqında üçtərəfli bəyanata imza atmaq məcburiyyətində qaldı.  Bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də Ağdamın işğal altında olan ərazilərinin Azərbaycana təhvil verilməsindən sonra noyabr ayının 25-də Kəlbəcər rayonu siyasi yolla nəzarətimizə altına keçdi.
Kəlbəcər rayonunun işğaldan azad olunmasını Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Ağdam rayonu kimi Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir. 
Kəlbəcər rayonunun işğaldan azad olunmasının bir sıra strateji, siyasi, mənəvi, iqtisadi cəhətləri var. Siyasi cəhətdən Kəlbəcərin azad olunması BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin, ümumilikdə isə, on illərlə kağız üzərində qalan və icra olunmayan bütün qətnamələrinin faktiki olaraq Azərbaycanın məhz özünün hərbi-siyasi yolla yerinə yetirməsi deməkdir. Strateji cəhətdən Kəlbəcərin azad olunması Ermənistanın işğalçılıq siyasətindəki böyük üstünlüklərin məhv olması, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə  yaradılmış əlaqələrin kəsilməsidir. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcər rayonu ərazisində  sənaye əhəmiyyətli  qızıl, civə, tuf, gil, perlit,  üzlük daş, qum-çınqıl qarışığı,  mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Kəlbəcərdə Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da  yerləşir.   Kəlbəcərin azad olunması böyük iqtisadi üstünlük deməkdir. 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsinin  yerləşdiyi Kəlbəcər rayonuna soydaşlarımızın qayıdışı isə Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində məskunlaşan və 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra təxliyə edilmiş  60 min  Kəlbəcərlinin mənəvi haqqlarının və hüquqlarının qorunmasıdır.
Zəngin filiz yataqlarına, meşə massivinə, gözəl təbiətə və strateji əhəmiyyətə malik olan  Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Xalqa müraciəti zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,  bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.
Ölkə başçısı çıxışında qeyd etmişdir ki, 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi ucbatından Azərbaycan torpaqlarının 20 %-i itirilmiş və bir milyon insan ağır vəziyyətə düşmüşdür. Bunun səbəbkarı olan  o vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətində təmsil olunanların obrazını  kollektiv Paşinyana bənzədən ölkə başçısı onları savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edənlər adlandırmışdır.
Bu gün isə Azərbaycan xalqı AXC rəhbərliyinin o dövrkü səhvlərini düzəltdi. Vətən xainlərinin satdığı Şuşanı qaytardı.  Azərbaycan Prezidenti İlham Əliyev həmçinin vurğulamışdır ki,  Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi.
Noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb edirlər. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünya birliyinə nümayiş etdirir. Qeyd edək ki, işğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Lakin mənfur düşməndən fərqli olaraq Kəlbəcər işğalçılardan azad edildikdən də sonra Azərbaycan tərəfi burdakı bütün  tarixi bərpa edəcək və onlara əsl milli kimlikləri qaytarılacaq. Ölkə başçısının da dediyi kimi, Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. 
Burada bir məsələyə də toxunmağı özümə borc bilirəm. Azərbaycanın qələbəsini rəsmiləşdirən Bəyanatın imzalanmasından sonra bəzi Qərb dairələri Qarabağda olan kilsələrlə bağlı narahatlıqlarını ifadə ediblər. Əslində öz ölkələrində islamofob hissləri alovlandıran, İslam müqəddəslərinin təhqirlərinə göz yuman və hətta onları təhqir edənlərə bəraət qazandıran Qərb dövlətlərinin liderlərinin  dini tolerantlıqdan ya da dini məbədlərin qorunmasından danışmağa heç bir mənəvi haqları çatmır. Özlərini demokratiyanın beşiyi sayan bu ölkələr həmin dəyərlərdən çox uzaqdır və hazırda etdikləri bu hərəkət sadəcə insanda ikrah hissi yaradan ikiüzlülükdən başqa bir şey deyil. Onlar illərlə Qarabağda məscidlərin təhqir olunmasına göz yumublar. Xatırladaq ki, bir neçə il əvvəl Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olmuş və Məscidin halını görmüşdülər. Bəs onda niyə məsələ qaldırmayıblar? Niyə bu vəziyyət, bəzi Qərb liderlərində narahatlıq yaratmayıb? Deməli, müsəlman məscidlərini təhqir etmək olar? Məsciddə  inək, donuz saxlamaq olar, dağıtmaq olar? Kilsələrlə bağlı isə narahatlıq ifadə edilir. Həqiqətən də bu, ikiüzlülükdən başqa bir şey deyil. Ölkə başçısının çıxışında vurğuladığı kimi,  bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.
Dilindən, dinindən, milliyyətindən asılı olmayaraq Uca Tanrının evi sayılan müqəddəs ocaqlara qarşı bu addımı atanların aqibəti belə də olmalıydı. Azərbaycan Prezidenti o məscidlərin biri olan Ağdam məscidini ziyarət etmiş, məscidin dağıdılmış vəziyyətini dünyaya nümayiş etdirmişdir.
Sonda bir daha qeyd etmək istərdim ki, hakimiyyətə gəldiyi ilk gündən verdiyi bütün vədlərə əməl edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz və xalqımız işğaldan azad edilmiş əraziləri yenidən gülüstana çevirəcək, infrastrukturu bərpa edəcək və oraya həyat qaytaracaqdır. Beləliklə, ən qısa vaxtda Azərbaycan xalqı Qarabağa uşaqların gülüş səsini qaytaracaqdır.


Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər