Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərin işğaldan azad edilməsi Azərbaycanın həm siyasi, həm də diplomatik müstəvidə qələbəsidir

28 noyabr 2020 | 11:00
İkinci Qarabağ müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı.  Azərbaycanın siyasi qələbəsinin  və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında  Ermənistan silahlı qüvvələrinin  Kəlbəcər, Ağdam  və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Artıq xalqımız Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə    kimin  kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş,  Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər rayonu 27 ildən sonra nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin bir güllə atılmadan, bir şəhid verilmədən azad edilməsini təmin etdi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin azad olunması ilə Azərbaycan  BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.
Beləliklə, Azərbaycan 30 ilə yaxın erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək talan edilmişdir.
Prezident xalqa müraciətində diqqəti çəkən başqa bir mövzuya toxunaraq bildirdi ki, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə diqqəti cəlb etdilər. Belə ki, Kəlbəcəri tərk edən ermənilər evlərə, digər tikililərə od vurur, elektrik yarımstansiyalarını, restoranları, bir sözlə, yararlı nə varsa hamısını talayıb dağıdır, habelə daşınması mümkün olan hər şeyi daşıyıb aparırdılar. Onların bu hərəkətləri Azərbaycan Ordusu qarşısında düşdükləri aciz durumun qisasını almaq cəhdi kimi qəbul edildi. Ancaq onların buna heç bir mənəvi haqqı çatmır. Çünki Kəlbəcər onlara məxsus deyil. Biz onları ata-baba yurdlarından çıxarmırıq. Kəlbəcər məhz onlar tərəfindən 27 il öncə zor gücü ilə işğal olunmuş torpaqlardır və indi Azərbaycan Ordusu və Ali Baş Komandan tarixi ədaləti bərpa dərək Kəlbəcəri öz sahiblərinə qaytarır. 27 il öncə baş verən işğalı sona çatdırır. Ermənilərin Kəlbəcərdəki vandallığına isə sadəcə bir ad vermək olar: Barbarlıq. Bu, insanlığa ləkədir. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirdilər. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Və Ermənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir.
Kəlbəcər işğalçılardan azad edildikdən sonra Azərbaycan tərəfi burdakı bütün  tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və  Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini də təqdim edəcək. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər.  
Cənab İlham Əliyev xalqa müraciətində, eyni zamanda,  torpaqlarımızın işğalına həmin dövrdə hakimiyyətdə olan AXC-Musavat cütlüyünün səriştəsiz və xəyanətkar siyasətinin  şərait yaratdığını önə çəkərək Paşinyanın simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin  simasını görməyin  mümkünlüyünü vurğuladı. Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,  bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olmuşdur.1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmış, daxili çəkişmələr üzündən  xaos, siyasi böhran yaranmışdı. 1992-93-cü illərdə rəhbərlikdə təmsil olunmuş, yüksək postlar tutmuş adamların heç bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib çıxardı. AXC hakimiyyətində təmsil olunanların  obrazı  kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən.
Ölkə başçısı çıxışının davamında vurğuladı ki, Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə gəlməsəydi, Azərbaycan nəinki öz qalan torpaqlarını itirəcəkdi, ümumiyyətlə, dövlətçilik əldən gedəcəkdi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın  təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra düşünülmüş və məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atan Azərbaycan son 17 ildə bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə  davam etdirilməsi sayəsində diplomatik qələbələrinin  miqyasını daha da genişləndirərək  İkinci Qarabağ müharibəsində şanlı zəfərimizi şərtləndirdi. Döyüş meydanında qələbəmizdə münaqişənin həlli üçün yaradılan möhkəm hüquqi baza da əsaslı rol oynadı.
Beləliklə, Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu. Heç şübhəsiz ki, aylar, illər ötəcək, ancaq Azərbaycanın Vətən müharibəsində gösərdiyi cəsarət və vətənpərvərlik unudulmayacaq. Bununla bağlı, kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının  könüllüsü

Keçidlər