Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın - əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyar

02 dekabr 2020 | 11:00
Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinə əsasən  Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. Bununla da strateji əhəmiyyətə malik Laçın rayonu 28 ildən sonra nəhayət öz gərçək sahiblərinə qaytarıldı. Üstəlik də bir güllə atmadan, bir itki vermədən. Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə işğal altında olan ərazilərin boşaldılması üzrə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də yerinə yetirilmiş oldu və tarixə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşmüş mürəkkəb bir qarşıdurma başa çatdı. Ölkə başçısının da dediyi kimi “Dağlıq Qarabağ münaqişəsi” termini artıq arxada qalıb. Bundan sonra bu termindən sadəcə tarix haqqında danışanda istifadə etmək olar.
Laçının işğaldan azad olunması münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 01 dekabr tarixində xalqa müraciət etdi. Çıxışı zamanı dövlətimizin başçısı Laçın rayonunun işğaldan azad olunmasının tarixi hadisə olduğunu vurğuladı və bu münasibətlə bütün Azərbaycan xalqını və o cümlədən laçınlıları təbrik etdi.  Ölkə başçısı bildirdi ki, Laçın Azərbaycanın ən böyük rayonlarından biridir və Laçının Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. Laçın rayonunun təbii sərvətləri- meşə massivi və çay mənbələri haqqında da geniş məlumat verən ölkə başçısı bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialının, kənd təsərrüfatının, turizm potensialının çox böyük olduğunu vurğuladı.
Qeyd edək ki, Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Laçının əhəmiyyəti bilavasitə ermənilərin “nəfəs borusu” adlandırdıqları və şəhərin içindən keçən Laçın dəhlizi ilə bağlıdır. Bu dəhliz Ermənistanla Qarabağın dağlıq hissəsini birləşdirən yeganə təchizat və təminat yoludur. Qeyd edək ki, danışıqlar prosesində də Laçın dəhlizi və Laçın şəhəri hər zaman xüsusi əhəmiyyətə malik mövzu olmuşdur. Belə ki, ölkə başçısı xalqa müraciətində bu mövzuya toxunmuş və indiyə qədər cəmiyyətə məlum olmayan bəzi faktları açıqlamışdır. Ölkə başçısı bildirmişdir ki, danışıqlar prosesində açıq-aşkar səsləndirilməsə də Laçın rayonunun hansısa formada Ermənistana qalmalı olduğu fikri mövcud idi. Ermənistan tərəfi, hətta, bütün Laçın rayonunun onlara dəhliz kimi verilməli olduğu mövqeyindən çıxış edirdi. Bunun nəticəsidir ki, Laçın rayonunda digər işğala məruz qalan rayonlarımızdan fərqli olaraq qanunsuz məskunlaşmanım həcmi daha böyük idi. Danışıqlar prosesi ilə bağlı o da vurğulandı ki, Ermənistan tərəfinin mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalı, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır. Yəni, Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilmədən. Ancaq Azərbaycan Respublikasının Prezidenti bununla heç vaxt razılaşmayıb. Ümumiyyətlə, 10 noyabr razılaşmasının müxtəlif variantları üzərində müzakirələrdə, eləcə də danışıqlar prosesinin müxtəlif mərhələlərində Prezident İlham Əliyevin göstərdiyi prinsipiallıq və qətiyyət, milli maraqlarımızın müdafiəsi bizim tam qələbəmizi şərtləndirən ən əsas amillərdən biri olmuşdur.
Qeyd edək ki, noyabrın 10-da imzalanmış Bəyanat hazırda tam şəkildə icra edilir: Atəşkəs təmin edilib, rayonlar Azərbaycana qaytarılıb. Və gələcəkdə BMT-nin nəzarəti altında məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.                                                       
Ali Baş Komandanın çıxışı zamanı qeyd etdiyi məsələlərdən bir digəri də, bölgəmizdə Azərbaycanın bilavasitə iştirakı və diktəsi ilə yaranan yeni reallıqla bağlı olmuşdur. Ölkə başçısı vurğulamışdır ki, Azərbaycan yeni reallıq yaratdı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının 27 ildir ki, kağız üzərində qalan qətnamələrini yerinə yetirdik. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Hər zaman qeyd etdiyimiz bu reallığı bir daha vurğulamaq istərdik ki, Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırdı. Azərbaycan yeni reallıqlar yaratdı. O reallıqları ki, erməni yalanları, mifi dağıdıldı, dünyaya göstərildi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır. Azərbaycan ədaləti, haqqı bərpa edərək dünyaya sözün əsl mənasında tarix və hüquq dərsi keçdi.
Ölkə başçısının nitqində toxunduğu məsələlərdən biri də Fransa Senatının Qondarma “Dağlıq Qarabağ Respublikası”nı Fransa hökumətinin tanıması ilə bağlı məsləhət xarakterli qətnamə qəbul etməsi ilə bağlı oldu. Ölkə başçısının bununla bağlı mövqeyi kifayət qədər açıq və sərt oldu. Cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, əgər Fransanın ermənilərdən xoşu gəlirsə, Marsel şəhərini onlara versin və  onlara orada ikinci dövlət yaratsın. Amma bizim işimizə heç kim qarışa bilməz. Beləliklə, əgər kimsə Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi, hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı məntiqə, hansı ədalətə sığır?
Çıxışının sonunda dövlətimizin başçısı vurğuladı ki, bizim ölkəmiz üçün yeni dövr başlayır: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Bir mövzunu da xüsusilə qeyd etmək istərdim ki, ermənilər Kəlbəcərdə olduğu kimi, Laçını da tərk edərkən dünya ölkələrinin gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə-yeksan etdilər. Heç bir insanlığa sığmayan bu vəhşi hərəkətləri azmış kimi, apara bilmədikləri ev heyvanlarını qəddarcasına öldürdülər, kommunikasiya xətlərini isə tam yararsız hala saldılar. Onlar təsəvvür edilməsi və dilə gətirilməsi insanlarda vahiməyə səbəb olan bu ləyaqətsiz və yaramaz hərəkətləri ilə əsl simalarını tam çılpaqlığı ilə açıq-aydın göstərdilər. Şübhəsiz ki, onlar törətdikləri hər bir əmələ görə cavab verməli olacaqlar. Onların cəzası beynəlxalq müstəvilərdə, beynəlxalq hüquq tərəfindən veriləcək.
Sonda bir daha qeyd etmək istəyirəm ki, 1992-1993-cü illərdə xalqımız bütövlükdə “uduzmuş xalq” sindromunu yaşayırdı, bu gün isə artıq xalqımız qalibdir və özünə, dövlətinə, ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Bundan sonra hər birimiz başımızın tacı olan hər qarış torpağımızı göz bəbəyimiz kimi qorumalıyıq. Bundan sonra hər sabahımız bütöv Azərbaycana açılacaq. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!

Kəmalə Mustafayeva
YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri

Keçidlər