Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dini abidələrlə zəngin olan ölkədir və dini abidələrin qorunması daim diqqət mərkəzindədir

11 yanvar 2021 | 11:00

Müasir dövrdə dünya dövlətləri qarşısında duran ən başlıca vəzifələrdən biri milli və dini təhlükəsizliklərini təmin etməkdir. Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur, ölkəmiz bir çox beynəlxalq konfranslara ev sahibliyi edir. Bu gün bir sıra müsəlman ölkələrində xoşagəlməz proseslər baş verir. Bəzi hallarda dindən siyasi məqsədlərlə istifadəyə cəhdlər edilir.
Azərbaycanda din tarixi üç mərhələyə bölünür. Birinci mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əhatə edir. Bu dövrdə Xalq Cümhuriyyəti dini və milli məsələyə  həssaslıqla yanaşmış, dini etiqad azadlığı təmin edilmişdirt. Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasətində xüsusi önəm verilən sahələrdən biri dövlət-din münasibətlərinin tənzimlənməsi olmuşdur. Belə ki, dövlətin din siyasətini həyata keçirən Xalq Maarifi və Dini Etiqad Nazirliyi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə nəticələnən milli dirçəliş, demokratikləşmə, maarifçilik və xeyriyyəçilik hərəkatlarında din xadimləri də fəal iştirak edirdilər.
Digər bir mərhələ sovet hakimiyyəti illəridir. Sovet dövrü Azərbaycanın din tarixinin ən ağrılı və acılı dövrlərindən birini əhatə edir. Həmin dövrdə bir çox ibadət yerləri dağıdılmış, din xadimləri qətlə yetirilmişlər. Həmin dövr başlıca olaraq milli adət-ənənələrə və dini dəyərlərə qarşı ciddi qadağaların tətbiq edildiyi, Azərbaycan ziyalıları və din xadimlərinin repressiyalara məruz qaldığı, sürgünə məhkum olunduğu və qətlə yetirildiyi ilə yadda qalmışdır. Bu mərhələni ictimai-sosial sahədə ziddiyyətli dövr kimi də səciyyələndirmək mümkündür: mədəniyyət, təhsil və səhiyyə sahəsində bir sıra nailiyyət qazanılsa da, xeyli sayda maddi-mədəniyyət nümunəsi, dini ibadət ocaqları dağıdılmışdır. Əksəriyyəti ziyalılardan ibarət bir çox Azərbaycan vətəndaşı sözügedən dövrün repressiya qurbanı oldu, yaxud sürgünə məruz qaldı. Azərbaycanda antisovet əhval-ruhiyyəli ruhanilərin mövqelərinin zəiflədilməsi üçün dini ayinlər haqqında yerli qanunvericilik Aktı təsbit olundu ki, sözügedən sənəd bu sahədə həyata keçirilən ciddi və təsirli tədbirlərdən hesab edilə bilər. Leninin «Kilsənin dövlətdən və məktəbin kilsədən ayrılması haqqında» məşhur Dekreti (5 fevral 1918-ci il) əsasında tərtib edilən və Nəriman Nərimanovun təşəbbüsü ilə Azərbaycan SSR Xalq Maarifi Komissarlığında qəbul olunan «Vicdan azadlığı haqqında» (15 may 1920-ci il) Dekret bu sahədə sovet qanunvericiliyinin formalaşdırılması və dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynadı. Bu Dekretlə həmin dövrdə fəaliyyət göstərən Dini Etiqad Nazirliyi ləğv edildi, dinin dövlətdən ayrıldığı elan olundu, sovet Azərbaycanı vətəndaşlarının istədikləri dinə etiqad göstərməkdə, yaxud heç bir dinə inanmamaqda azad olduqları bildirildi.
Üçüncü mərhələ müstəqillik illərini əhatə edir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətlərində yeni mərhələ başladı. Din sahəsinə xüsusi qayğı göstərildi, yeni ibadət ocaqları inşa olundu. Ümummilli Lider davamlı olaraq dini ibadət ocaqlarını ziyarət edir, din xadimləri və dini icma rəhbərləri ilə görüşürdü. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət-din münasibətlərində yeni bir mərhələ başlandı. Ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlığı təmin olundu, bu sahə ilə bağlı qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. Uzun illər ibadət ocaqlarının, dini icmaların fəaliyyətinə, dini ayinlərin icrasına, dini təyinatlı ədəbiyyatın nəşrinə və yayılmasına qoyulmuş qadağalar aradan qaldırıldı, yeni ibadət evlərinin və dini təhsil müəssisələrinin əsası qoyuldu. İllərboyu baxımsızlıqdan uçub-dağılmış dini ibadət ocaqları təmir və bərpa olundu, gənc nəslin sağlam ruhda, milli-mənəvi dəyərlərə sadiq yetişməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildi. Qeyd olunan müsbət dəyişikliklərlə yanaşı, dini durumda narahatlıq doğura biləcək məqamlar da müşahidə olundu. Dövlətin dini etiqad və vicdan azadlığının təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlərdən öz məqsədlərini həyata keçirmək üçün istifadə etməyə cəhd edən qüvvələr meydana çıxdı.
1992-ci ildə qəbul olunan, sonrakı illərdə bir sıra ciddi dəyişikliklər edilən «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə dini mərkəzlərin, idarələrin, qurumların və tədris müəssisələrinin fəaliyyəti tənzimləndi. Bu dövrdə missioner təşkilatların Azərbaycanda fəaliyyətini və təsir dairələrini genişləndirməsində insanların sosial-iqtisadi durumunun ağır olması, Azərbaycan torpaqlarının erməni təcavüzünə məruz qalması, ərazisinin 20%-nin işğal olunması və dini maarifləndirmənin zəif aparılması böyük rol oynadı. Həmin təşkilatlar ölkənin düşdüyü ağır sosial-iqtisadi durumundan və müharibə şəraitindən məharətlə bəhrələnərək, insanlara humanitar yardım göstərməklə yanaşı, geniş dini təbliğat da aparırdılar. Sözügedən missioner təşkilatlar müəyyən vaxtdan sonra qanunsuz fəaliyyətlərinin qarşısının alınacağını öncədən düşünərək, onlardan sonra ölkədə dini təbliğat apara biləcək davamçılar yetişdirirdilər.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasına dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi.
1997-ci ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə dini təbliğat aparmalarına qanunla qadağa qoyulduqdan sonra onların uzun müddət hazırladıqları və yetişdirdikləri davamçılar təbliğat missiyasını öz üzərlərinə götürdülər.
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi böyük uzaqgörənliklə yaradıldıqdan sonra ölkədə dövlət-din münasibətlərində yeni bir mərhələyə qədəm qoyuldu. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi səlahiyyəti bu quruma həvalə olundu. Ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə diqqət, qayğı göstərmək Azərbaycan Hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hökumət davamlı olaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. 2003-cü ilin mart ayında Azərbaycan Hökumətinin diqqəti sayəsində Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir. Avropada ən böyük sinaqoq sayılan bu ibadətgah köhnə məbədin yerində inşa olunmuşdur. Azərbaycanda yəhudi icmaları ilə bərabər, xristianlığın pravoslavlıq, katoliklik və protestantlıq qollarını təmsil edən dini icmalar da fəaliyyət göstərir. Ölkəmizdə pravoslavlıq qoluna mənsub xristianlar çoxluq təşkil edir. Xristianlıq, əsasən, Bakı, Sumqayıt və Gəncə şəhərlərində geniş yayılmışdır. Azərbaycan Hökumətinin qərarı ilə 1920-ci ildə bağlanmış Cen Mironosets Kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. 1992-ci ilin mayında Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan Dövləti arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Hökuməti 1999-cu ildə katolik icmasının dövlət qeydiyyatına alınmasına şərait yaratmış, əvvəllər dini ayinləri evlərdə icra edən icma üzvlərinə 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi məqsədilə xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. Sonrakı illərdə Azərbaycan Hökuməti ilə Vatikan Dövləti arasındakı razılığa əsasən, Bakının Nobel prospektində Roma Katolik Kilsəsi inşa olunmuşdur. Roma Katolik Kilsəsinin başçısı II İohan Pavel 2002-ci ilin may ayında Azərbaycan Hökumətinin rəsmi dəvəti ilə Bakıda səfərdə olmuş, dövlət rəsmiləri, ictimaiyyətin nümayəndələri və dini icma rəhbərləri ilə görüşmüşdür. O, ölkəmizdəki mövcud dini dözümlülüyü yüksək qiymətləndirərək, Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətlərinin dünyanın bir çox ölkələri üçün nümunə olduğunu bildirmişdir.
       Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti bu gün onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, böyük uzaqgörənliklə və uğurla davam etdirilərək, ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə xüsusi diqqət göstərilir. Təzəpir, Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərində geniş tikinti və yenidənqurma işlərinin aparılması, Gəncədəki İmamzadə kompleksinin Prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları ilə yenidən qurulması, Qafqazın ən böyük məscidi hesab edilən və ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidinin, Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarının inşası, Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi  yenidən qurulması və dini qurumlara dövlət büdcəsindən mütəmadi olaraq maliyyə vəsaitinin ayrılması xalqımızın ən yeni tarixinin şanlı səhifələrindəndir.  Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. O cümlədən Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Erməni vandalları Xudavəng kilsəsinin həm adını dəyişdirmiş, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirərək, erməniləşdirmək istəsələr də buna nail ola bilmədilər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə Heydər Əliyev Fondu tərəfindən təmir olunmuşdur. Prezident İlham Əliyevin sarsılmaz qətiyyəti ilə 2014-cü ilin fevralında Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, məzhəb dözümlülüyü ənənələrinin daha da möhkəmləndirilməsi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir. Eyni zamanda, 2017-ci il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edildi. Ümummili lider Heydər Əliyevin əsasını qoyduğu din siyasəti və onun tərkib hissəsi kimi tarixi dini abidələrin – məscid, kilsə, sinaqoqların bərpası, milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin təbliği və təşviqi, zəngin mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atıb.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə dövlət-din münasibətləri sağlam təməllər üzərində qurulmuşdur və bütün dini abidələr dövlət tərəfindən qorunur. Məhz buna görə də, müasir dövrün əsas problemlərindən olan dini radikalizmə, ekstremizmə, tarix boyu dini dəyərlərin təhrifinə yol açan xurafata və cəmiyyəti zülmətə sürükləyən cəhalətə səbəb olan amillərin qarşısını kəsmək məqsədilə, milli-mənəvi dəyərlərimizi, tolerantlıq, multikulturalizm ənənəmizi   yaşatmaq məqsədilə gənc nəsil arasında mütəmadi maarifləndirici tədbirlər görülməlidir.


Seymur Yusibov
231 nömrəli tam orta
məktəbin direktor əvəzi

Keçidlər