Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində tədbir keçirildi

13 fevral 2014 | 11:00
  Fevralın 12-də Bakı şəhəri Pirallahı rayonu İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində tədbir keçirildi. Tədbiri Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov açıq elan edərək bildirdi ki, hər bir xalqın inkişafında, öz dövlətçiliyini, milli-mənəvi dəyərlərini qoruyub saxlamasında ailə institutunun mühüm yeri, çox böyük əhəmiyyəti vardır. Azərbaycanda tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır. Önəmli haldır ki, bir sıra toplumlardan, xüsusilə Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlamışdır və bundan sonra da inşallah qoruyub saxlayacaqdır.
  Müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi 1993-2003-cü illərdə ümummilli lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimlənməsini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
  Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Son 10 ildə doğma Azərbaycanımızın uğurlu inkişaf konsepsiyasını müvəffəqiyyətlə reallaşdıran Prezident İlham Əliyev çıxışlarının birində ailə dəyərlərinə verdiyi yüksək qiyməti belə ifadə etmişdir: "Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".
  Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir. Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirmişdir ki, 2013-cü ildə “Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faizdir. Bu da çox gözəl göstəricidir. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələyir. Bu, onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşır və müsbət dinamika burada da özünü göstərir... Keçən il işsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşmüşdür. Yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür, 5,3 faizdir.” Bütün bu amillər vətəndaşların, eləcə də hər bir ailənin sosial rifahının yüksəldilməsini şərtləndirmişdir və sübut edir ki, ailənin hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, onların müxtəlif problemlərinin həllinə ölkəmizdə xüsusi diqqət yetirilir.
  Respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ötən illər ərzində Komitə qarşısında duran mühüm vəzifələrin həlli istiqamətində uğurla fəaliyyət göstərmişdir. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva Pirallahı rayonu gənclərinin qonağıdır və görülən işlər barədə məlumat verəcəkdir. İnanıram ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaq, ailələrin rifahının, qadınların hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi istiqamətində bütün zəruri addımları atacaqdır.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva öz çıxışında “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən söz açdı. A.Sofiyeva milli-mənəvi dəyərlərin qorunub saxlanması, ailədə sülh və dözümlülük mədəniyyətinin formalaşdırılması, sağlam həyat tərzinin əhəmiyyəti, o cümlədən qan qohumluğu, erkən nikahların yaratdığı fəsadlar, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti, ziyanlı vərdişlərdən imtina, hüquqi maaarifləndirmə, insan alverinin qarşısının alınması, məişət zorakılığının ailədaxili münasibətlərə mənfi təsiri, nikah müqaviləsinin əhəmiyyəti barədə geniş məlumat verdi.
  Rayon ağsaqqalı Səməd Əhmədov, gənclərin nümayəndəsi, hüquqşünas Samir Hüseynov mövzu ilə əlaqədar çıxış etdilər. Sonda Aynur Sofiyeva gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Keçidlər