Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahının 100 yaşlı sakini-Zeynəb Çumarina

14 fevral 2014 | 11:00

  Uzun ömürlü insanlar diyarı kimi tanınan Azərbaycanda tarixən həmişə yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət və ehtiram olmuşdur. Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra uzunömürlülərə, ahıl insanlara diqqət və qayğı dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Beynəlxalq Ahıllar günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 22 iyun 2001-ci il tarixdə “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin Qanuna əsasən, ölkədə 70 yaşını keçən Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev cənabları 2004-cü ildə uzunömürlülərin pasportlaşması, onlara qayğı göstərilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Dünyada yeganə olan Uzunömürlülər muzeyi də Azərbaycanda yerləşir. 2010-cu il iyunun 25-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyini açmışdır.
  Sevindirici haldır ki, yeni yaranmış Pirallahı rayonu da artıq uzun ömürlü insanların diyarına çevrilir. Fevralın 12-də Pirallahı qəsəbəsinin ən qocaman sakinlərindən biri - Zeynəb Nasibulovna Çumarinanın 100 illik yubileyinə Pirallahı rayonu İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Tatar İcmasının, “Abşeronneft” NQÇİ-nin, digər təşkilatların nümayəndələri toplanmışdı. Yubiley tədbirini açıq elan edən Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov yubilyara Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun ən səmimi təbriklərini çatdırdı. Bildirildi ki, rayonun möhtərəm insanlarından biri - Zeynəb xanım 1914-cü il fevral ayının 12-də Tatarıstan Respublikasının Tetyuş rayonunun Bolşiye Tarxanı kəndində anadan olub. Hələ gənc yaşlarından kolxozda əmək fəaliyyətinə başlayan Zeynəb xanım öz həmkəndlisi Abdul Zakiroviç Çumarinlə ailə həyatı qurmuşdu. 1941-ci ildə Böyük Vətən Müharibəsinin ilk günündən cəbhəyə yollanan Abdul Zakiroviç 1942-ci il iyunun 26-da qəhrəmancasına həlak olmuşdur. Müharibə illərində çox böyük əziyyətlərə qatlaşmalı olmuş Zeynəb xanım 1947-ci ildə üç körpə övladını da götürərək Azərbaycana, o vaxt Artyom adlandırılan Pirallahı adasına pənah gətirmişdir.
  1947-ci il iyunun 12-də “Artyomneft” (indiki “Abşeronneft” NQÇİ) trestinin tikinti-quraşdırma kontoruna fəhlə kimi işə düzələn Zeynəb Çumarina o vaxtdan taleyini birdəfəlik Azərbaycanın neft sənayesinə bağlamışdır. 1950-ci ildən Abşeron Rayon Dəniz Neft Donanmasının Gəmi təmiri emalatxanasına işə keçən Zeynəb xanım uzun illər bu sahədə çalışmışdır. O, əməkdə əldə etdiyi nailiyyətlərə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 1969-cu ildə 55 yaşında təqaüdə çıxan Zeynəb xanım işsiz dayana bilməmiş və əmək fəaliyyətini əfsanəvi Neft Daşlarında quyuların əsaslı təmiri sexində davam etdirmişdir. Daha sonra uzun illər Fəhlə Təchizatı Birliyində çalışan Zeynəb Çumarina əmək fəaliyyətini 1994-cü ilədək, yəni 80 yaşınadək davam etdirmişdir.

Keçidlər