Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır”

04 fevral 2021 | 11:00
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, az qala 30 ildən sonra Qarabağ düşmən tapdağından azad olundu, əzəli və əbədi torpaqlarımız öz əsil sahiblərinə, doğma xalqına qovuşdu. Əlbəttə ki, bu hələ məsələnin birinci hissəsi idi, ikinci və demək olar ki, ən az birinci qədər vacib olan digər məsələ isə bərpa-quruculuq işlərinin həyata keçirilməsi və vətəndaşlarımızın öz torpaqlarına geri qayıtmasıdır. Dövlətimizin başçısı həmişə çıxışlarında bildirir ki, işğaldan azad edilmiş ərazilər təkcə ölkəmizin yox, eyni zamanda, dünyanın cənnət guşələrindən birinə çevriləcək.
Cənab Prezident bu məsələ ilə bağlı bir çox dəfə öz fikirlərini bildirmiş, azad edilmiş torpaqların bərpası ilə bağlı mühüm qərarlar qəbul etmişdir. Bunlarla bağlı ölkə başçısı fevral ayının 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak etdikdən sonra Azərbaycan Televiziyasına müsahibə verərkən vurğulamışdır ki,  bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün yaradılan şərait dünyaya nümunə olacaq.
Ölkə başçısı daha sonra qeyd etmişdir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri planlı şəkildə aparılacaqdır. Görüləcək işlərin ümumi ardıcıllığını bu şəkildə vermək olar. Ərazilərin minalardan təmizlənməsi, dəymiş ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, “Ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planlarının hazırlanması, evlərin tikintisi ilə paralel olaraq sosial obyektlərin tikilməsi və beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması.
  Cənab Prezident, Qarabağın yeni intibah dövrünə qədəm qoyması ilə burada çox zəngin, müasir və mədəni həyatın qurulacağı, xüsusilə də Şuşa şəhərinin tezliklə nəinki Azərbaycanın, bölgənin, hətta dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəyi ilə bağlı siyasi iradəsini ifadə etmişdir. “Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.
         Təbii ki, qarşıya qoyulan hədəflərə lazımi səviyyədə nail olmaq, davamlı inkişafı təmin etmək üçün vətəndaş məmnunluğunun artırılması əsasdır. Bu isə öz növbəsində dövlət məmurlarının üzərlərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirmələrini bir tələbə çevirir. Prezidentimizin məmurlardan tələbi daim bu olub: Dövlət maraqları hər şeydən üstün olmalı, məmurlar xalq üçün yaşamalı, onların qayğıları ilə maraqlanmalı, məsuliyyət hissini unutmamalıdırlar. “Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri işğaldan azad edilmiş ərazilərimizdə başlanan quruculuq və bərpa işlərində də öz şəxsi və qrup maraqlarını güdən bəzi məmurlara ciddi mesajdır.
O da məlumdur ki, dövlətimizin başçısı İlham Əliyevin Fərmanı əsasında bu ərazilərdə Prezidentin xüsusi nümayəndəsi təyin ediləcək. Artıq Qarabağın ürəyi olan Şuşada bu institut yaradılıb. Dövlətimizin başçısı Azərbaycan Televiziyasına müsahibəsində də bu məqama diqqət çəkərək müvəqqəti idarəetmə strukturunun yaradılmasının səbəbini açıqlamışdır: “Çünki mən görürəm, bilirəm, artıq gözlər dikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq”.
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə deyib ki, hər bir məmur ona göstərilən etimadı doğrultmalıdır. Göstərilən etimadı doğrultmayanların, qanunsuz əməllər törədənlərin ilkin mərhələdə vəzifələrini, bəzi hallarda isə azadlıqlarını itirmələrinin dəfələrlə şahidi olmuşuq. Bu gün vəzifənin və ya səlahiyyətin həcmindən asılı olmayaraq, əsas amalımız Azərbaycan Prezidentinin formalaşdırdığı siyasi iradəyə uyğun olaraq dövlətə, dövlətçiliyə, vətəndaşlarımıza xidmətdir.
Ümid edirik ki, Prezident İlham Əliyevin Şuşanın məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edildiyi barədə fikirləri hamı üçün dərs olacaq. Çünki bu gün hər kəs torpaqlarımızın işğaldan azad edilməsinin cəmiyyətdə yaratdığı xoş ovqatın daimi olması istiqamətində əlindən gələni etməlidir. Axı, qarşıda bizi daha böyük işlər gözləyir. Bunların içərisində ən mühümü isə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və oraya böyük qayıdışın təmin edilməsidir.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər